hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Əvvəl bölgü, sonra müharibə: Hərbi koalisiya genişlənir

Əvvəl bölgü, sonra müharibə: Hərbi koalisiya genişlənir

İsrail Amerikanın rəhbərliyi altında körfəzdə İranın regional təhdidləriylə mübarizə istiqamətində yaradılan koalisiyaya qoşulacağını bəyan edib.

İsrail mediasının məlumatına görə, bunu ölkənin xarici işlər naziri Yisrael Katz parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin iclasında bəyan edib. O bildirib ki, kəşfiyyat məlumatları göstərir ki, körfəzdə İran tərəfindən beynəlxalq gəmiçiliyə qarşı yeni təhdidlər mövcuddur və buna görə də, İsrail koalisiyada aktiv rol oynamaq üçün bir müddət öncədən amerikalı rəsmilərlə danışıqlara başlayıb.

Xatırladaq ki, ABŞ körfəzdə və Hörmüz boğazında gəmilərin maneəsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi üçün beynəlxalq ictimaiyyətə koalisiya qurmaqla bağlı təklif edib. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Böyük Britaniya, Fransa, Almaniya, Norveç, Yaponiya, Cənubi Koreya və Avstraliya da daxil olmaqla 60 ölkəyə sözügedən koalisiyaya qoşulmaq üçün müraciət edib. Artıq Böyük Britaniyanın Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini təmin etmək üçün ABŞ donanmasına qoşulmaq qərarını açıqlayıb. Böyük Britaniya “Stena İmpero” tankerinin Hörmüz boğazında İran tərəfindən ələ keçirilməsinə cavab olaraq bu addımı atıb. Almaniya isə koalisiyaya qoşulmayacağını bəyan edib.
Türkiyə isə koalisiyaya daxil olmasa da, İrana qarşı neft sanksiyalarına qoşulub. İran İslam Respublikasının aviasiya şirkəti-“İran Air”-nin icraçı direktoru Turəc Dehqani Zəngənə Türkiyəyə sərnişin daşıyan şirkətə məxsus təyyarələrin yanacaqsız qaldığını deyib. O, Türkiyənin İran təyyarələrinə yanacaq verməkdən imtina etdiyini bildirib.

Bu günlərdə Hörmüz boğazında yaranmış vəziyyətə münasibətini bildirən İran prezidenti Həsən Ruhani isə ABŞ-ı müharibə ilə hədələyib. O, bəyan edib ki, İranla hər hansı mümkün bir savaş, bütün müharibələrin anası olacaq: “Mən üzümü Amerikaya tutub deyirəm: Siz bizim təhlükəsizliyimizə xələl gətirməklə regionda öz əsgərlərinizin təhlükəsizliyini təmin edə bilməyəcəksiniz. Sülh qarşılığında sülh, müharibə qarşılığında müharibə, neft qarşılığında neft”.

Yaranmış vəziyyəti “Cümhuriyət” qəzetinə şərh edən NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, bu gün Fars körfəzində 30 il öncə olduğu kimi növbəti hərbi koalisiya formalaşmaqdadır. Amma bu dəfə İran həmin dövrlə müqayisədə eyni gücə və müstəviyə malik deyil: “İslam inqilabından qalib çıxmış İran 30 il öncə dini-təbliğati gücünə arxalanırdı. İranı dəstəkləyən qüvvələr xalq arasında çoxluq təşkil edirdi. Çünki inqilabdan sonra İranda güclü dini-siyasi hakimiyyət formalaşmışdı. Ancaq sonradan xalq İranda müəyyən qüvvələrin dindən istifadə edərək öz maraqlarına uyğun siyasi mühit yaratdığını gördü. Bu baxımdan, İran 30-40 il əvvəlki səviyyədə deyil. İrana tətbiq olunan sanksiyalar, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, İrana idxal olunan məhsullara embarqoların qoyulması və insane haqları, qadın azadlığı uğrunda mübarizə aparan qrupların fəallaşması, bu ölkədə yaşayan millətlərin azadlıq əldə etmək istəyi koalisiyaya qarşı mübarizədə Tehran rejiminin imkanlarının bir neçə yerə bölünməsinə gətirib çıxaracaq. İran təhdidlər etməsinə baxmayaraq, açıq savaşa hazır deyil. Prezident Həsən Ruhani də başa düşür ki, mühafizəkar dini qüvvələrdən fərqli bıyanat verə bilməz. Əks təqdirdə, ölkədə baş verən prosesləri Ruhaninin üzərinə yıxaraq onu cəmiyyətin qarşısında qurbana çevirə bilərlər. Ona görə də belə bəyanatlar verməyə məcburdur. Ancaq Həsən Ruhani İranda dini hakimiyyətin sonunun çatacağını da anlayır. İranın nüvə-təhdid ölkəsindən silahsızlaşdırılmış, sabit dövlətə çevirmək planı davam etdiriləcək. İran hakimiyyətinin bütün thdidləri daxili ictimai rəyə hesablanıb. Müəyyən qədər güclü silahlı qüvvələrinin olmasına rəğmən, İran müharibəyə başlasa koalisiyanın qarşısında tab gətirə bilməz. Çünki rəsmi Tehran başa düşür ki, kiçik bir qığılcım İranın həm daxildən, həm də xaricdən yanmasına gətirib çıxaracaq. İran rejimi isə bir neçə cəbhədə döyüşə bilməz. Ona görə də İran ətrafında yaranan koalisiya genişlənəcək. İran geri çəkilməsə, NATO-ya və Avropa Birliyinə daixl olan bir çox ölkələr koalisiyaya qoşulacaq. Biz yaxın günlərdə Hörmüz boğazında daha çox tankerin vurulmasının şahidi olacağıq. İran təxribatlar törətməkdə davam edəcək və beynəlxalq sularda təhlükəsizliyi pozacaq. Çünki İranda siyasəti radikal dindarlar formalaşdırır və onlar ölkəni böyük bir xaosa sürüklləyir. İranın yeganə çıxş yolu nüvə proqramına dair 2015-ci ildə imzaladığı Hərtərəfli Fəaliyyət Planının icrasını davam etdirməli, Körfəzdə sabitliyi bərpa etməli və daxildə müəyyən qruplara azadlıq verməlidir. Bütün bunlar baş verməsə, İrana qarşı hərbi əməliyyatlar başlayacaq. Koalisiyaya daxil olan müttəfiqlər İranı nüfuz zonasına böldükdən sonra hərbi müdaxilə qaçılmaz olacaq. Bu ilin payız aylarının İran üçün çox isti keçəcəyini söyləyə bilərik”.

Ekspert bildirdi ki, ABŞ və müttəfiqləri İranın Suriya İraq, Yəməndə döyüşən “Qüds ordusu”, “Ənsərullah”, “Hizbullah” və digər terrorçu qruplarına qarşı hərbi əməliyyatlar aparmağa üstünlük verməyəcək. Çünki ABŞ qatili deyil, daha çox sifarişçini zərərsizləşdirməyə çalışır. Yaxın Şərqdə müxtəlif silahlı təşkilatlara qarşı mübarizə ABŞ-a yalnz maliyyə və zaman itikisi gətirə bilər. Ona görə də ABŞ və müttəfiqləri ilk növbədə, İrandakı rejimi məhv etməyə çalışır. Əgər rejimin varlığına son qoyularsa, Suriya, İraq, Yəmən, Livan və digər yerlərdə İrana bağlı terrorçu qruplar sıradan çıxacaq. Fərrux Məmmədovun sözlərinə görə, Hollandiya, Belçika, Avstriya, İtaliya, Almaniya kimi böyük ölkələrin də koalisiyaya daxil olmaq ehtimalı yüksəkdir. Bu da həmin ölkələrin ticarət əməliyyatlarının Fars körfəzi və Aralıq dənizi ilə bağlı olması ilə əlaqədardır.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 5457