hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Həkim yanlış diaqnoza görə məsuliyyət daşıyırmı? - AÇIQLAMA

Həkim yanlış diaqnoza görə məsuliyyət daşıyırmı? - AÇIQLAMA

Son vaxtlar Azərbaycanda tibbi səhvlər nəticəsində insan həyatına və sağlamlığına zərər yetirilməsi halları artıb.

Artıq bu məsələ günümüzün ən aktual problemlərindən birinə çevrilib.

Həkimlərin xəstələrə yanlış diaqnoz qoymaları çox hallarda ağır nəticələrə, hətta ölümə gətirib çıxarır. Bu zaman isə vətəndaşa ciddi maddi-mənəvi ziyan dəyir.

Ümumiyyətlə, tibbi səhv bütün ölkələrin analoji problemlərindəndir. Demək olar ki, bütün ölkələrdə həkim səhlənkarlığı baş verir. Amma bundan ötrü cəzalanan və cinayət məsuliyyətinə cəlb olunanlar olur. Təcrübəli həkimlər belə tibbi səhvdən sığortalanmayıb. Azərbaycanda da həkimlərin xəstələrə yanlış diaqnoz qoyması, tibbi səhv nəticəsində sağlamlığa zərər yetirilməsi, hətta ölüm halları az deyil. Amma hansısa həkimin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı nəticə çıxarılmayıb.

Məlumat üçün qeyd edək ki, 2006-cı ildə Səhiyyə Nazirliyinin tərkibində tibbi səhvlərlə bağlı müvafiq tibbi komissiya yaradılıb. Komissiyanın əsas vəzifəsi tibb işçilərinin səhvlərini araşdırmaq, müvafiq cəzalar tətbiq etmək, bu istiqamətdə onlara məsləhət və töhfələr verməkdir. Bu komissiyaya mütəmadi olaraq müxtəlif səpkidə müraciətlər daxil olur. Komissiya yaradılandan bu günədək cinayət məsuliyyətinə cəlb olunan həkim olmayıb.

“Hippokrat andı” içmiş həkim bu andı pozduğuna görə məsuliyyətə cəlb olunurə

Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında həkim səhvinə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyətdən danışıb.

Hüquqşünas deyib ki, Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə görə, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərbə vurma halı minimum əməkhaqqı məbləğinin üç yüz mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“131-ci maddənin 2-ci bəndində isə ehtiyatsızlıqdan sağlamlığa ağır zərbə vurma halında minimum əməkhaqqı məbləğinin 500 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub. Əgər həkim xətası nəticəsində xəstə həyatını itiribsə, Cinayət Məcəlləsinin 124-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə halları üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, səhlənkarlıq nəticəsində həkim vicdansız və laqeyd münasibəti üzündən öz xidməti vəzifəsini lazımi qədər yerinə yetirməməsi sonucunda vətəndaşların sağamlıq hüquqlarına və qanun mənafelərinə zərər vurduqda minimum əməkhaqqının 500 mislindən 1000 mislinədək və ya 2 il islah işləri, 6 ay azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 870