hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

İdlib uğrunda son savaş: Türkiyənin “geri dönüş” planı - Şərh

İdlib uğrunda son savaş: Türkiyənin “geri dönüş” planı - Şərh

Natiq Miri: “Bu döyüşlərin baş verməsi Rusiyanın maraqlarına cavab vermir”

Suriyanın şimalındakı Sarakib şəhərinə daxil olan Türkiyə ordusunun zirehli texnikası bundan sonra Xan-Şeyhun şəhəri istiqamətində irəliləyib. Lakin hərbi karvan Xan-Şeyxun şəhərini mühasirədə saxlayan Suriya silahlı qüvvələri tərəfindən havadan atəşə tutulub. Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, hadisə nəticəsində 3 mülki şəxs ölüb, 12 nəfər yaralanıb. Nazirlik Əsəd rejimi tərəfindən həyata keçirilən hava hücumu Rusiyanın Türkiyə ilə işbirliyinə və dialoqa zidd olduğunu bəyan edib. "Buna görə də bu hücumu kəskin şəkildə qınayırıq"-açıqlamada belə deyilir.

Qeyd edək ki, Xan-Şeyxun İdlib əyalətinin cənub qapısı sayılır. Şəhər hazırda terrorçuların nəzarətindədir. İdlibə hücum etməyə çalışan Suriya ordusu isə ilk növbədə, Xan-Şeyxunu nəzarəti ələ keçirmək istəyir. Ancaq Türkiyə bununla razılaşmaq fikrində deyil. Terrorçulara qarşı mübarizədə rəsmi Ankaranın mövqeyi Rusiya və İranla üst-üstə düşsə də, Türkiyə hökuməti İdlib vilayətinin Əsəd rejiminin tabeliyinə keçməsinə etiraz edir. Hazırda İdlib vilayətinin şimal, şərq və qərb sərhədləri boyunca yerləşən Salve, Dar-əd İzzə, Raşidin, Ellis, Tel-Tukan, Cişr əş-Şuğur, Mudrik, Türkməndağı bölgələri təhlükəsizlik zonasını qoruyan Türkiyə silahlı qüvvələrinin nəzarətindədir . Bundan başqa, İdlibin cənubunda yerləşən Morik yaşayış məntəqəsi də Türkiyə ordusu tərəfindən mühafizə olunur. Şimaldan Hələblə İdlibin cənubunu birləşdirən magitral yol Xan-Şeyxundan keçir. Bu yola nəzarət edən qüvvə bölgədə siyasi və hərbi güc sahibi ola bilər.

Ona görə də Türkiyə Əsəd rejiminin Xan-Şeyxunu tutmasına mane olmağa çalışır.

Politoloq Natiq Mirinin sözlərinə görə, İdlib vilayətinin ərazisi mütəmadi olaraq Suriya ordusu və Rusiya hərbi hava qüvvələri tərəfindən bombalanır. Bölgədə Təhrir əş-Şəm terror təşkilatının fəaliyyət göstərməsini bəhanə edən Rusiya qırıcıları və Əsəd rejimi həmin ərazilərə hücumlar təçkil edir. Nəticədə hər gün onlarla dinc insan həlak olur:

“Türkiyənin Xan-Şeyxuna yaxın ərazidə müşahidə məntəqələri var. Xan-Şeyxuna edilən hücum nəticəsində Türkiyə əsgərləri də yaralanıb. Buna cavab olaraq, Türkiyə silahlı qüvvələri Əsəd ordusuna artilleriya atəşi ilə cavab verib. Ancaq Əsəd ordusu həmin bombardmanlardan vaz keçmək istəmir. Türkiyə bununla bağlı Rusiya tərəfində dəfələrlə müraciət edib. Öz növbəsində, Rusiya vədlər versə də atəşkəs və bombardman səngimir. Görünür, Türkiyə bu bəhanəni Rusiyanın əlindən almaq və Xan-Şeyxunu “Təhrir əş-Şəm” terrorçularından azad etmək üçün bu əməliyyatlara başlayıb. Lakin Türkiyə və Suriya orduları arasında ciddi döyüşlərin baş verəcəyinə inanmıram. Rusiya bu məsələdə maraqlı deyil. Türkiyənin Rusiya və İranla vahid üçlük formatına daxil olması və bu kontekstdə Astana prosesisnin yaradılması çəçivəsində Suriyada müharibə demək olar ki, dayanıb. Bütün bunlar Türkiyənin sayəsində baş tutub. Suriya vəTürkiyə arasında döyüşün başlanması Rusiyanın maraqlarının üzərindən xətt çəkə bilər. Bu da dolayısı ilə həm İranın, həm də ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın və PKK terror təşkilatının maraqlarına xidmət edər. Ona görə də Türkiyə belə bir əməliyyata başlayıbsa, Suriyanın türk ordusunun qarşısına çıxmaq ehtimalı yoxdur. Çünki Suriya ordusu ciddi zərbə almış olar. İkincisi, hadisələrin belə inkişafı Rusiyanın maraqlarına ziddir. Ona görə də rəsmi Moskva dərhal prosesə müdaxilə edəcək, Rusiya və Türkiyə prezidentləri arasında aparılan telefon danışığından sonra qarşıdurma dayandırılacaq. Ola bilər ki, Xan-Şeyxun əməliyyatı hətta Rusiya ilə Türkiyə arasında razılaşdırılıb. Türkiyənin Rusiyaya xəbərdarlıq etmədiyi inandırıcı görünmür. Türkiyə Xan-Şeyxuna nəzarəti ələ alarsa, bölgədə sabitliyi qoruyacaq və və terrorçuları da həmin ərazidən çıxaracaq. Nəticədə, nə Rusiyanın, nə də Əsəd rejiminin həmin ərazini bombalamasına ehtiyac qalmayacaq”.

Natiq Miri onu da bildirdi ki, Türkiyə Rusiya ilə qarşılıqlı razılaşmaya uyğun olaraq İdlibin terrorçulardan və ağır silahlardan təmizlənməsinə dair öhdəliklər götürüb. Lakin indiyə qədər həmin öhdəliklərin yerinə yetirilməməsi Rusiyanı narazı salır. Bu baxımdan, Türkiyənin Xan-Şeyxunda hərbi əməliyyat keçirməsi İdlibdə təhlükəsizliyi təmin etmək hüquqiuna malikdir:

“İdlibin cənubdan giriş qapısı hesab eilən Xan-Şeyxunun Türkiyənin nəzarətinə keçməsi bütövlükdə bu bölgədə Türkiyənin mövqeyini gücləndirəcək. Nəticədə, Türkiyədəki suriyalı qaçqınların İdlibə qayıtması mümkün olacaq. Bu əməliyyatı həm də ABŞ-a və PKK-ya verilmiş mesaj kimi də dəyərlənmdirmək olar”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1596