hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

İkinci inqilab: Gürcüstanı nə gözləyir?

İkinci inqilab: Gürcüstanı nə gözləyir?

Gürcüstanda yaranmış siyasi gərginliyin bu ölkənin iqtisadiyyatına mənfi təsirləri artır.

Milli valyutanın həm dollar, həm də avro qarşısında ucuzlaşması davam edir. Bu da öz növbəsində qarşıdurma və gərginliyi artırır. Artıq bir neçə hökumət təmsilçisinin istefası fonunda hakimiyyət böhranın baş vermə, ehtimal olunur. Hətta bütövlükdə hakimiyyət dəyişikliyinin baş verə biləcəyi də gözləntilərdən biridir.

Qonşu ölkədə iqtisadi və siyasi proseslər hansı məcrada inkişaf edə bilər?

İqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya ilə əlaqələrin gərginləşməsi, Rusiya şirkətlərinin aviareyslərinin təxirə salınması

Gürcüstan iqtisadiyyatı ilə bağlı gözləntiləri pisləşdirib: “Gürcüstan iqtisadiyyatında hələ də mənfi saldolar var. Bu ilin ilk beş ayının nəticələrinə baxsaq, ixracatla idxal arasında ikinci amilin xeyrinə, təxminən 2,3 milyard dollar fərq var. Gürcüstanda uzun illərdir ki, mənfi saldonu aradan qaldıran turizm sektorudur. Turizm infrastrukturu yaxşı inlkişaf edib, son 10 ildə Gürcüstana gedən turistlərin sayı 1,5 milyondan - 7 milyona çatıb. Bu da liberal viza siyasəti, aviaşirkətlərin rəqabətli fəaliyyəti, geniş xidmət çeşidləri, daxili marşrutların fəaliyyəti ilə bağlıdır. Burada Rusiyadan gedən turistlərin sayı da mühüm rol oynayırdı. Gürcüstan Rusiyadan ildə 1 milyondan çox turist qəbul edirdi. İndi belə gözlənti formalaşıb ki, Rusiyadan gedən turistlərin sayında kəskin azalma olsa ölkənin tədiyyə balansında olan mənfi saldo daha da arta bilər. Bu da larinin ucuzlaşmasına səbəb olan əsas səbəblərdən biridir”.

İqtisadçı deyir ki, qonşu ölkənin təkcə turizm sahəsində deyil, ixracatında da Rusiya önəmli yer tutur: “Həm kənd təsərrüfatı məhsulları, həm şərab, həm təbii suların ən böyük alıcılarından biri Rusiyadır. Bəzi məhsul növlərində isə Rusiya birinci yerdə dayanır. Məsələn, Rusiya ən çox Gürcüstan şərabı satılan ölkədir. Ona görə də əlaqələrin korlanması Gürcüstan iqtisadiyyatı ilə bağlı narahatçılığı artırır və dollara tələbatı artırır. Turist sayı, ixracat azalacaqsa, deməli, ölkəyə gələn dolların da həcmi azalacaq. Bu da larinin daha da ucuzlaşacağını deməyə əsas verir”. Natıq Cəfərli bildirir ki, Gürcüstan xalqının - o cümlədən siyasi elitanın böyük bir qismi Rusiya ilə ticarət münasibətlərinin yaxşı olmasının tərəfdarıdır. Lakin bu ölkəni Gürcüstan torpaqlarının işğalında əsas iştirakçı hesab edirlər: “Rusiya Abxaziya və Şimali Osetiyanın Gürcüstandan ayrılmasının baiskarı hesab edilir. Əslində, bir neçə kiçik dövləti çıxsaq, Rusiya onların müstəqiliyini tanıyan yeganə dövlətdir. Etirazçılar da rus deputatlarının Gürcüstanın ərazi bütövlüyü ilə bağlı hörmətsiz çıxışlar etmələrini əsas gətirir. Etirazlar davam etməkdədir. Parlamentin sədri, bir neçə hökumət üzvü istefa verib, hazırda daxili işlər nazirinin istefası tələb olunur”.

Rusiyanın Gürcüstanla bağlı müəyyən gözləntilərinin olduğunu deyən ekspert qeyd edir ki, sanksiyaların tətbiq olunması üçün bəhanə lazım idi ki, son hadisələr bunu reallaşdırmağa imkan verdi: “Hesab edirəm ki, bundan sonra danışıqlar intensivləşə bilər. Rusiyanın müəyyən istəkləri qarşılanacaqsa, elan olunmuş sanksiyaların bir qisminin aradan qaldırılması mümkündür. Gürcüstanın intensiv formada Qərblə yaxınlaşması Rusiyanın xoşuna gəlmir və onun ilk istəyi bu prosesin yavaşıdılması ilə bağlı olacaq. İkinci isə Rusiyanın Ermənistanla quru yola ehtiyacı var və Abxaziya üzərindən keçməklə yol istəyir. Gürcüstan isə buranı işğal olunmuş ərazisi hesab etdiyindən dəmir yolunun və avtomobil yolunun açılmasını istəmir. Amma bu Rusiya üçün çox vacibdir. Çünki Ermənistan ərazisində, təqribən 16-17 minlik Rusiya ordusu yerləşib və ordunun təchizatının hava yolu ilə aparılması həm baha başa gəlir, həm də qeyri-effektivdir. Çünki bölgədə həm İranla, həm Türkiyə-ABŞ münasibətləri ilə bağlı gərginlik olduğundan yeni silahların ora göndərilməsi gündəmdədir. Alternativ variant isə yoxdur. Azərbaycan heç zaman Ermənistana silah-sursat daşımağa imkan verməz. Bununla bağlı Gürcüstan hökuməti güzəştə gedərsə, Rusiyanın sanksiyalarının müəyyən qədər yumşalmasını görə bilərik”.

Gürcüstandakı gərginlik hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi? Natiq Cəfərli hesab edir ki, qonşu ölkədə seçki institutu işlək vəziyyətdə olduğundan inqilabi dəyişikliklər yolu ilə hakimiyyətin devrilməsi indiki vəziyyətdə real görünmür: “Son 15 ildə Gürcüstanda kifayət qədər işlək və demokratik seçki institutu formalaşıb. Gələn il isə parlament seçkiləri ilidir. Seçkilərin yeni üsulla - proporsional sistemlə keçirilməsi, keçid barajının isə aşağı salınacağı nəzərdə tutulur. Hesab edirəm ki, yeni hökumət 2020-ci ildə keçiriləcək parlament seçkilərinin nəticələrinə uyğun olaraq dəyişə bilər. Amma indi hökumətin tərkibinin dəyişilməsi davam edə bilər”.

Ekspertin fikrincə, proporsional sistemin tətbiq olunması və seçki barajının minimuma endirilməsi reallaşarsa, 2020-ci ildə Gürcüstanda maraqlı siyasi proseslər baş verə bilər. Bu zaman yeni siyasi qrupların siyasi səhnəyə çıxması ehtimalı yüksələcək.

Xatirə Nəsirova

Cebhe.info


Oxunma sayı: 1189