hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

İkinci qırğız inqilabı: Ölkə hara gedir? - Şərh

İkinci qırğız inqilabı: Ölkə hara gedir? - Şərh

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev evinə hücum etmiş xüsusi təyinatlılara atəş açıb.

Cebhe.info-nun məlumatına görə, A.Atambayevin özü KİV-ə açıqlamasında bu faktı etiraf edib.

“Mənim tərəfdarlarımın sapandı belə yox idi. Hamını televiziya ilə aldadırlar. Uşaqlar üçüncü mərtəbəyə qalxanda mən atəş açdım. Uşaqları vurmamağa çalışdım”.

Atambayev özündən başqa heç kimdə silah olmadığını deyib.

Xatırladaq ki, avqustun 7-də xüsusi təyinatlı qüvvələr A.Atambayevi Koy-Taş kəndindəki evində həbs etmək üçün əməliyyat keçirib. Bu zaman eks-prezidentin tərəfdarları ilə xüsusi təyinatlılar arasında atışma baş verib. Güllə yarası və müxtəlif dərəcəli xəsarətlər alan 47 nəfər xəstəxanalara yerləşdirilib. Onların 23 nəfəri mülki şəxslərdir. Bəzi məlumatlarda isə 52 nəfərin yaralandığı bildirilir. Ağır zədə almış bir nəfər xüsusi təyinatlı əsgər xəstəxanada həyatını itirib. Eks-prezident toqquşmalar zamanı girov götürülmüş xüsusi təyinatlıları sərbəst buraxmağa çağırıb.

Almazbek Atambayevə qarşı qətlə yetirmə, kütləvi itaətsizlik, xuliqanlıq, hakimiyyət nümayəndəsinə qarşı təhlükə və zorakılıq törətmə maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, indiyə qədər A.Atambayev korrupsiyada, gəlirləri gizlətməkdə, cinayətkar dəstələrin üzvlərinə silahların verilməsində ittiham olunurdu.

Koy-Taşda bir əsgərin ölümü ilə nəticələnmiş atışmadan sonra isə sabiq dövlət başçısını həbs etmək üçün prezident Sooronbek Jeenbekovun əlinə daha tutarlı arqument keçib. Xüsusilə də Atambayevin özünün xüsusi təyinatlılara atəş açması barədə etirafları onun hüquqi vəziyyətini xeyli ağırlaşdıracaq.

Lakin Almazbek Atambayevin hələlik azadlıqda qalması Qırğızıstanda siyasi vəziyyəti xeyli qarışdıra bilər. Bu da onun kifayət qədər tərəfdara malik olması ilə bağlıdır. Ölkədə siyasi qarşıdurmanın artması Atambayevə hakimiyyətə qarşı növbəti qırğız inqilabını başlatmaq üçün şərait yaradır. Ona görə də Atambayevin xalqı küçələrə çıxmağa çağırması siyasi vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər.

Buna baxmayaraq, Almazbek Atambayev prezident Jeenbekova qarşı mübarizədə kütlədən daha çox hakim elitada olan tərəfdarlarına güvənir. Bu isə Atambayevin elitaya təsir imkanlarını təmin edən başlıca amildir. Sabiq və hazırkı prezident arasındakı fikir ayrılığının əsl səbəbi də məhz hakimyyət düşərgəsindəki nüfuz bölgüsü ilə bağlıdır. 2017-ci ildə prezidentlik müddəti başa çatan A.Atambayev tutduğu postu dinc şəkildə baş nazir S.Jeenbekova ötürə bilmişdi. Ancaq bu etimad mühiti bir ildən artıq sürmədi. Almazbek Atambayevin hakim Sosial Demokrat Partiyasının qurultayında parçalanma yaratmaq və sədr seçilmək cəhdləri prezident Jeenbekovla ziddiyyətlərin əsasını qoydu. Sabiq prezident siyasətdən getdiyini bəyan etsə də, çox keçmədən Qırğızıstanda konstitusiya islahatı aparmaq, parlamentli idarəetmə sisteminə keçməyi təklif etdi.

Jeenbekovu Sosial Demokrat Partiyasının liderliyindən kənarlaşdırmaq planı da parlamentli respublikaya keçiləcəyi təqdirdə baş nazir seçilmək və hökumətin idarəçiliyini ələ almaqdan ibarət idi. Nəticədə, əvvəlki və hazırkı prezidentlər arasındakı münasibətlər qısa zamanda pozuldu. Tərəflər bir-birini səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham etməyə başladı. 2018-ci ilin yazında elitanın varisliyi ilə bağlı problemlər üzə çıxdı. Həmin vaxtdan etibarən Atambayev tərəfdarlarının həbsinə və təqibinə başlanıldı. Keçmiş baş nazirlər Sapar İsakov və Jantoro Satybaldiyev, keçmiş səhiyyə naziri Dinara Saginbayeva, hökumət başçısının keçmiş müavini Şamil Ataxanov və bir sıra digər yüksək vəzifəli şəxslər, o cümlədən Bişkekin iki keçmiş bələdiyyə başçısı istintaq altına alındı. Atambayevin ən yaxın siyasi dairəsindən olanlar təhlükə altındadır. Barəsində 10 il azadlıqdan məhrumetmə qərarı çıxarılmış baş nazirin keçmiş birinci müavini Askarbek Şadiev ölkədən qaçmaq məcburiyyətində qalıb. 2019-cu ilin may ayında S.Jeenbekov eks-prezidentlərin toxunulmazlığını qadağan edən qanun imzalayıb. Yeni normativ hüquqi akt xüsusi deputat komissiyasının sabiq prezidentə qarşı ittiham irəli sürə biləcəyini nəzərdə tutur. Bu qanun ilk olaraq iyul ayının sonunda Almazbek Atambayevə tətbiq edildi. Özünə qarşı irəli sürülən ittihamları qondarma hesab edən Atambayev isə iyul ayının sonunda Rusiyaya səfər edərək prezident Vladimir Putinlə görüşüb. Siyasi müşahidəçilər bu səfəri Atambayevin həbsdən xilas olmaq üçün Putindən yardım istəmək cəhdi kimi şərh edir. Vladimir Putin isə Atambayevlə bölgədə və Qırğızıstandakı vəziyyəti müzakirə etdiyini deməklə kifayətlənib. Danışıqların məzmunu barədə başqa heç bir açıqlama verilməyib. Ancaq Rusiya analitikləri görüşü şərh edərkən A.Atambayevin 2016-cı ildə verdiyi bir bəyanatın üzərində xüsusi dayanır. O, prezident olarkən Rusiya hərbi bazalarının Qırğızıstandan çıxarılmasını təklif edib. Buna cavab olaraq, prezident Putin “Əgər Qırğızıstan öz təhlükəsizliyini təmin edə bilərsə biz hərbi bazalarımız çıxartmağa hazırıq”-cavabını vermişdi. Ona görə də Rusiya hərbi bazalarının Qırğızıstandan çıxarılmasını istəyən bir siyasətçiyə Putinin təminat verəcəyi inandırıcı görünmür. Atambayevin Moskvadan qayıdan kimi həbs edilməsi üçün əməliyyat keçirilməsi də Kremlin Jeenbekova dəstək verdiyini göstərir.

Siyasi ekspertlərin fikrincə, A.Atambayevin hakimiyyətdən getməsindən sonra ölkədə sosial-iqtisadi vəziyyət daha da ağırlaşıb. Ona görə də prezident Jeenbekov onu öz hakimiyyəti üçün başlıca təhlükə hesab edir. Atambayevin həbsi isə onu Qırğızıstanda getdikcə daha çox yoxsusllaşan əhalinin Jeenbekov iqtidarına qarşı mübarizə simvoluna çevirə bilər. Atambayev hakim partiya daxilindəki dayaqlarını itirib.

Ancaq yenə də maliyyə və media resurslarına malikdir.

Bu, yəqin ki, həm Sooronbay Jeenbekovu, həm qardaşlarını, həm də respublikanı böyük kolxoza çevirmiş bütün ailəsini narahat edir. 2020-ci ildə Qırğızıstanda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ərəfəsində A.Atambayevin digər siyasi partiyaları geridə qoyaraq hakimiyyətə qarşı əsas müxalifət kimi önə çıxması onun siyasi şanslarını daha da artıra bilər.

Rusiya və Çin Jeenbekov iqtidarına nə qədər dəstək versələr də Qırğızıstanda sabitliyin pozulmasında maraqlı deyil.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5578