hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

İrandan gərginliyi artıracaq qərar-“Ölkədə daxili çaxnaşmalar olacaq”-Şərh

İrandan gərginliyi artıracaq qərar-“Ölkədə daxili çaxnaşmalar olacaq”-Şərh

“Əgər digər ölkələr müqavilənin yerinə yetirilməsi üzrə vədini yerinə yetirməsə, Tehran nüvə sazişinə dair öz öhdəliklərinin ixtisarı istiqamətində üçüncü addımı atacaq”.

İran prezidenti Həsən Ruhani belə bəyanatla çıxış edib.

“Öhdəliklərimizin yerinə yetirilməsinin azaldılmasına gəlincə, əvvəlki yanaşmanı qoruyacağıq. Əgər bizim təyin etdiyimiz 60 günlük müddətin sonunda nəticə yoxdursa, şübhəsiz ki, üçüncü mərhələyə keçəcəyik”-İran prezidentinin saytında belə yazılıb.

O, əlavə edib ki, problemin həllini tapmaq üçün bundan sonra 60 günlük yeni bir müddət veriləcək.

Xatırladaq ki, iyul ayında İran öhdəliklərin ixtisarına dair ikinci addım atdığını bildirmişdi. Bu isə İrana 2015-ci ildə qəbul edilmiş Hərtərəfli Fəaliyyət Proqramı üzrə uranın zənginləşdirilməsində 3,67 faizlik məhdudiyyəti aşmaq imkanı verir.

Ekspertlərin rəyinə görə, İranın nüvə proqramına dair öhdəliklərdən üçüncü dəfə imtina etməsi ABŞ və Avropa ölkələri ilə münasibətləri daha da gərginləşdirə bilər. Fars körfəzində və İran ətrafında hərbi-siyasi gərginliyin artdığı bir vaxtda rəsmi Tehranın belə addım atması ABŞ-la qarşıdurmanı artıracaq.

Yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən NATO Əməkdaşlıq institutunun rəhbəri Fərux Məmmədovun sözlərinə görə, ABŞ hazırda İran ətrafındakı prosesləri leqallaşdırmağa çalışır. Lakin Avropa Birliyinin, xüsusilə Almaniya, Fransa və Hollandiyanın İranla bağlı siyasətində liberal addımlar atması ABŞ-ı yeni strategiya seçməyə vadar edir: “ABŞ İranı təcrid etmək, İranın mövcud olmayan siyasi sistemini beynəlxalq ictimaiyyətə aqressiya kimi təqdim etmək və Avropadakı müttəfiqləri ilə arasındakı uçurumu genişləndirmək istəyir. Əgər İran uranın zənginləşdirilməsi yönündə üçüncü mərhələyə keçərsə, biz Avropa Birliyinin bəyanatını eşidəcəyik. Avropa Birliyi nüvə proqramı məsələsində İranın səmimi olmadığını görəcək. Bu bəyanatdan sonra İrana qarşı siyasi, iqtisadi və hərbi savaşın ən ağır formasını görəcəyik. Bu savaşa ərəb ölkələri də cəlb oluna bilər. Hətta İranın hava məkanının bağlanacağı da istisna deyil. Bu isə İranın tamamilə təcrid edilməsi deməkdir. İran Qərbdən müəyyən liberal addımlar gözləyir və geri addım atmayacaq. Əksinə, Avropa Birliyinin İranla bağlı siyasətini dəyişməyə çalışacaq. Ancaq sonda Avropa Birliyi İranla bağlı məsələdə ABŞ-ın siyasətini dəstəkləməyə məcbur olacaq. Hazırkı danışıqlar məhz buna doğru gedir”.

Fərrux Məmmədov onu da bildirdi ki, İranın nüvə öhdəliklərindən üçüncü dəfə imtina etməsi Hörmüz boğazında gəmilərin və tankerlərin təhlükəsizliyini təmin etmək üçün ABŞ, Britaniya və İsraildən ibarət yaradılmış hərbi koalisiyanın sıralarını genişləndirə bilər. Bu isə İrana qarşı beynəlxalq təzyiqləri artıracaq: “ABŞ təkbaşına savaşmayacaq və İrana qarşı Avropa Birliyi ilə birgə mübarizə aparmaq istəyir. İran bu gün yürütdüyü xarici siyasətlə özünə qarşı koalisiyanın yaradılmasını sürətləndirir. Ola bilsin ki, İran şantaja əl atmaqla müəyyən siyasi dividendlər qazanmağa çalışır. Lakin bu yanlış yanaşmadır və ABŞ güzəştə getməyəcək. Hətta Rusiya da İranın uranın zənginləşdirməsində maraqlı deyil. Prezident Vladimir Putininə “biz yanğınsöndürən deyilik ” deməsi İran məsələsində Rusiyanın və ABŞ-ın ortaq məxrəcə gəlmək imkanlarına malik olduğunu göstərir. İran xarici siyasətdə aqressiyadan liberalizmə keçməsə daxili çaxnaşmalaraın da baş qaldıracağı qaçılmaz olacaq. 2019-cu ilin payız və 2020-ci ilin qış aylarında İranda daxili ictimai-siyasi proseslərin də gərgin olacağını proqnozlaşdıra bilərik”.
Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2256