hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

İstirahətdən iş başına: Partiyalar nə planlayır?

İstirahətdən iş başına: Partiyalar nə planlayır?

Yay istirahət mövsümünün bitməsinə qısa müddət qalıb.

Yay ayları bir çox sahələrdə olduğu kimi, siyasətdə də durğunluq dövrü hesab olunur. Partiyalar da istirahət mövsümünü başa vurur.

Maraqlıdır, payıza hazırlıq hansı səviyyədədirə Partiyalar sentyabrdan hansı işlə məşğul olacaqə

“Təşkilantlanmaya önəm veririk”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə hazırlaşdıqlarını deyib:

“Qarşıdan iki önəmli seçki, bələdiyyə və parlament seçkiləri gəlir. Bunun üçün də partiya olaraq gücləndirilmiş iş rejimində çalışırıq. Yay mövsümünü də çalışdıq. Yəni hazırda əsas hədəfimiz seçkilərdir və bu istiqamətdə çalışırıq, təşkilatlanmanı gücləndiririk, rayon təşkilatlarını gücləndiririk, yeni şöbələr yaradırıq. Eyni zamanda təbii ki, gündəmə uyğun olaraq da fəaliyyət istiqamətimizi seçirik. Ümumiyyətlə, partiya olaraq istənilən məsələdə, prosesdə aktivik və siyasi fəallığımızı qoruyub saxlamaq üçün daim çalışırıq”.

“Bu yay istirahət etmədik”

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami isə yayda da işlədiklərini və qurultaya hazırlaşdıqlarını bldirib:

“Ümid Partiyası yaxın zamanlarda qurultayını keçirəcək. Bütün rayon təşkilatlarımız hal-hazırda partiya nizamnaməsinə uyğun olaraq, konfranslar keçirir, təşkilatların rəhbər strukturlarına və qurultay nümayəndələrinin seçimi isə başa çatıb. Bu yay da partiya demək olar ki, istirahət etmədi. Hal-hazırda partiya olaraq əsas işimiz yenə də təşkilatlanmadan ibarətdir. Bəzi təşkilat komitələrimizdə əskikliklərin aradan qaldırılması ilə məşğuluq. Sıralarımıza yeni gənclər qatılır, hər gün yeni qatılan gənclərlə işləyirik. Onların ictimai-siyasi proseslərdə aktiv fəaliyyəti, hər birində liderlik keyfiyyətlərinin formalaşdırılmasına çalışırıq. Partiya sədri və müavinlər hər həftə gənclərlə görüşlər keçirir, söhbətlər aparırlar. Gənclərimizi xərcləməmək əsas məqsədlərimizdən biridir. Gənclərin siyasətdə olması “siyasətin ağ-qara rənginin dəyişməsi” deməkdir. Çünki gənclik enerjili, potensiallı və çağdaş dövrün tələblərinə uyğun addım atmaqda daha həvəslidir. Təbii ki, bu həvəsin cəsarətə çevrilməsində əmək tələb olunur. Partiyamızın bundan sonrakı fəaliyyətində də tutduğumuz siyasi xətti yürütməkdə davam etmək əsas məqsədlərimizdən biridir. Bizim üçün yay, payız, qış fərqi yoxdur. Məmləkəti düzəltmək üçün çalışırıq, daha sonra da düzəlməsini qorumaq üçün çalışacağıq”.

“Planlı iş nəticəsiz qalır”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə rəhbərlik etdiyi partiyanın İdarə Heyətinin məzuniyyətdə olduğunu qeyd edib:

“Hazırda partiyanın rəhbərliyi məzuniyyətdədir, təkcə mən işə gəlirəm. Planlaşdırmalara sentyabrdan başlayacağıq. Ümumiyyətlə, Azərbaycanda müxalifətin resursları, yaradılmış şərait, xalqın indiki durumu planlı iş görməyə əlverişli deyil. Ona görə də planlı yox, faktiki olaraq ölkədə yaranmış vəziyyətlərə görə taktiki xətlər müəyyən edəcəyik. Bu da hadisələr baş verməlidir ki, ona uyğun olsun. Strateji olaraq təbii ki, əsas məqsəd seçkilərə hazırlaşmaq, partiyanın ideologiyasını kütlələrə yaymaq, kütlələri təşkil etmək, Azərbaycan dövləti və xalqı üçün yarana biləcək təhlükələrə vaxtında reaksiya verməkdir. Bunu üçün də xüsusi bir plana ehtiyac yoxdur, çünki bütün bunlar partiyanın nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətləridir. Ona da uyğun olaraq fəaliyyət göstərəcəyik. Amma konkret olaraq planla iş aparmaq mümkün deyil. Çünki istənilən planlı iş Azərbaycan reallıqlarına uyğun olaraq siyasi nəticəsiz qalır”.

“Çalışırıq ki...”

Ağ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, bütün fəsillərdə baş verə biləcək proseslərə çevik reaksiya vermək üçün hazırdırlar:

“Əslində, biz partiyaların fəaliyyətlərinin ilin fəsillərinə görə müəyyən olunmasının tərəfdarı deyilik.

Partiyaların fəaliyyətləri siyasi aktivliyin dərəcəsinə və xalqın sosial sifarişinə görə öz fəaliyyətini tənzimləməlidir. Yəni biz Ağ Partiya olaraq işlərimizi və planlarımızı yaz, yay, payız yox, məhz yuxarıda qeyd etdiyim kriteriyalara uyğun olaraq müəyyənləşdiririk. Payızda baş verməsi proqnozlaşdırılan siyasi proseslərə hazırıq. Ümumiyyətlə, çalışırıq partiyamız və onun strukturları Azərbaycanda baş verə biləcək istənilən siyasi proseslərə hazır olsun”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 4280