hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Müharibəyə başlamaq olar…”- RƏY

“Müharibəyə başlamaq olar…”- RƏY

“Nikol Paşinyan “Qarabağ Ermənistandır” deməklə əslində Azərbaycanın Qarabağ davasında haqlı olduğunu beynəlxalq aləmə göstərdi”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Paşinyanın son açıqlamasının Azərbaycanın diplomatik manevrlərinin genişlənməsinə imkan yaratdığını diqqətə çatdırıb: “Ermənistanın Baş naziri Nikol Paşinyanın Xankəndidə “Qarabağ Ermənistandır” açıqlamasından sonra Azərbaycan cəmiyyətində ən çox səslənən sual budur: “Müharibəyə başlamalıyıqmıə” İllərdir beynəlxalq aləmə başa salmağa çalışırdıq ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır, separatçılar təkbaşına torpaqlarımızı işğal edə bilməzdilər, buna gücləri çatmazdı. Paşinyan son açıqlamasıyla dediklərimizi təsdiq etdi. Digər tərəfdən, Paşinyan açıqlamasıyla Azərbaycanın diplomatik və hərbi meydanda manevr imkanlarını genişləndirdi. İndi əsas məsələ yaranan imkandan faydalanmaqdır. Onu da nəzərə almalıyıq ki, Paşinyanın populist açıqlamaları Ermənistanda və Dağlıq Qarabağda da sükutla qarşılanıb. Çünki onlar da anlayırlar ki, Nikol Paşinyanın düşünülməmiş açıqlamaları həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçılara baha başa gələ bilər”.

Elxan Şahinoğlu işğalçıya qarşı hərbi əməliyyata başlamalı olduğumuzun vacibliyini vurğulayıb: “Əlbəttə, belə vəziyyətdə Azərbaycan ictimaiyyəti və geniş siyasi spektri işğalçını hərbi yolla cəzalandırmağı tələb etməkdə haqlıdır. Hətta hakimiyyət içindən və Yeni Azərbaycan Partiyasına üzv olan millət vəkillərindən də haqlı olaraq eyni səslər eşidilir. İşğalçıya qarşı hərbi əməliyyata başlamaq üçün siyasi qərar verilməlidir. Ancaq bu qərar böyük məsuliyyət tələb edir, hərtərəfli ölçülüb biçilməlidir.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda indiyəqədərki bütün hakimiyyətlər Qarabağa görə iqtidarlarını itiriblər. SSRİ dövründə Əbdülrəhman Vəzirov Qarabağdakı separatizmdən doğan nəticələrdən ölkəni tərk edib, eləcə də Ayaz Mütəllibov hakimiyyətini eyni məsələyə görə itirib. Əbülfəz Elçibəyin hakimiyyətə gəldiyi ilk aylarda Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar həyata keçirib, nəticədə Xankəndiyə yaxınlaşdıq, ancaq hakimiyyət içində olan xaos, üstəgəl xarici qüvvələrin destruktiv addımları ordumuzun qazandığı uğurların üstündən xətt çəkib və nəticədə Elçibəy də faktiki Qarabağ uğursuzluqlarına görə hakimiyyətini itirib. Çünki Sürət Hüseynov fenomeni də Qarabağdakı hadisələr fonunda ortaya çıxmışdı”.

Politoloq bu addımı atmadan əvvəl bütün məsələlərin diqqətlə təhlil edilməli olduğunu, Rusiya amilinin gözdən qaçırılmamasının gərəkdiyini qeyd edib:“Azərbaycanın Ermənistan üzərində qələbəsini və torpaqlarını azad etməsini istməyən Rusiya amili var. Bu, çox ciddi maneədir. Məhz bu amil 1990-cı illərin əvvələrində ordumuzun Xankəndiyə daxil olmasını əngəlləyib. Sürət Hüseynov da bu amilin doğurduğu nəticə idi. Məhz bu amil 2016-cı ilin aprelində hücum əməliyyatımızın genişlənməsinə və daha çox ərazimizin azad olunmasına əngəl olub. Bütün bunları görə-görə gəlmişik. Rusiyanın Azərbaycan daxilindəki “5-ci kolonu”nu da unutmamaq lazımdır. Həmin kolonun nümayəndələri üçün müqəddəs heç nə yoxdur, onlar şimaldakı ağalarının əmrini yerinə yetirmək üçün vətənlərini də satmağa hazırdılar, necə ki, onların babaları 1920-ci ildə Cümhuriyyətimizi bolşevik ordusuna satmışdılar. Üstündən 100 il keçsə də, vətənini düşmənizin müttəfiqinə satmaq istəyənlər yox olmayıb. Bu amil də müharibəyə başlamaq məqsədilə düyməyə basmağa mane olur. Çünki içəridən istənilən təxribata əl ata bilərlər. Müharibəyə başlamaq üçün arxa cəbhəmizdən tam əmin olmalıyıq. Əmin olmalıyıq ki, hücum planımız Moskva və oradan da İrəvanın masası üzərində peyda olmayacaq. Buna əmin olandan sonra müharibəyə başlamaq olar. Ancaq buna qədər lokal əməliyyatlarla aprel uğurumuzu genişləndirə bilərik, üstəgəl snayperlərimiz də düşmənin itkilərini artırmalıdır”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 4225