hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Qarabağ klanı”ndan Paşinyana SÜRPRİZ

“Qarabağ klanı”ndan Paşinyana SÜRPRİZ

Qarabağdakı işğalçı rejim Ermənistanın Baş naziri Nikol Paşinyana siyasi sürpriz edib.

Paşinyan 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək qondarma Prezident seçkilərində hərbi xuntanın başına öz adamını gətirməyə hazırlaşdığı bir vaxtda qarşı tərəf gözlənilməz addım atıb.

Qeyd edək ki, oyuncaq qurumun hazırkı rəhbəri Bako Saakyan növbəti “seçkilər”də namizədliyini irəli sürməyəcəyini bəyan edib. Ona görə də Ermənistan və “Qarabağ klanları” arasında gedən bütün gərgin rəqabət post-Saakyan dövrünə hesablanıb. Yəni “Köçəryan-Sarkisyan klanı” işğal olunmuş ərazilərdə idarəetmənin N.Paşinyanın əlinə keçməməsi üçün rejimin başına öz nümayəndəsini gətirmək istəyir. Paşinyan isə 2020-ci ildə Bako Saakyanın yerinə özünə yaxın olan namizədi əyləşdirmək üçün bütün siyasi resurslarını işə salıb. Həmin şəxs “Qarabağ klanı”nın da arasından seçilə bilər. Vacib olan onun sələflərindən fərqli olaraq, Paşinyana sədaqətlə qulluq etməsidir. Ermənistanın Baş naziri B.Saakyanı istefaya göndərməklə “Qarabağ klanı”nın əlində cəmləşmiş bütün maliyyə və hərbi resurslara nəzarəti ələ almağa çalışır. Yalnız bundan sonra Paşinyanın hakimiyyəti üçün real təhlükənin aradan qalxmasından danışmaq olar. Nikol 2018-ci ilin aprel ayında Ermənistanda baş vermiş “Məxməri inqilab”dan sonra hakimiyyətin bütün qollarını “Qarabağ klanı”nın nümayəndələrindən təmizləməyə nail olub. Serj Sarkisyan hökumətini istefaya göndərən Paşinyan 2018-ci ilin dekabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra Ermənistan Milli Məclisinin üçdə ikisinə nəzarəti ələ keçirməklə yanaşı, təkpartiyalı hökumət formalaşdırıb. Silahlı qüvvələrdə aparılan həbslər və kadr dəyişikliyi “Qarabağ klanı”na yaxın hərbçiləri uzaqlaşdırmağa xidmət edirdi. Lakin sonrakı aylarda eks-prezident Robert Köçəryanın Apelyasiya Məhkəməsi tərəfindən azadlığa buraxılması məhkəmə sisteminin Paşinyana müxalif qüvvələrin təsirində olduğunu göstərdi. Məhkəmə islahatları adı altında “Qarabağ klanı”na yaxın hakimlərə savaş elan edən Paşinyan artıq hakimiyyətin üçüncü qolu üzərində də nəzarəti bərqərar edib. Robert Köçəryanın həbsi barədə qərarı ləğv edən hakim David Qriqoryanın barəsində cinayət işinin açılması və səlahiyyətlərinə xitam verilməsi Paşinyanın bütün dövlət strukturların “Qarabağ klanı”ndan axıra qədər təmizləmək niyyətindən xəbər verir. İndi Paşinyanın qarşısında iki hədəf dayanır. Birincisi, 2020-ci ildə ya “seçki”, ya da inqilab yolu ilə Dağlıq Qarabağdakı işğalçı rejimin başına öz adamını gətirmək. Planın ikinci hissəsi prezident Armen Sarkisyanı vaxtından əvvəl istefaya göndərərək onu Ermənistan klanına bağlı bir siyasətçi ilə əvəzləməkdən ibarətdir. Baş nazirin avqustun 5-də Xankəndində çıxışı zamanı “ümumerməni həmrəyliyi”ndən söz açması və “Qarabağ Ermənistandır” deməsi də məhz qarşıdan gələn qondarma seçkilərə hesablanıb. Nikol Paşinyanın 2020-ci ildə hərbi xuntanın rəhbərliyinə öz namizədini gətirmək üçün Dağlıq Qarabağın erməni icmasının dəstəyinə ehtiyacı var. Ona görə də, Ermənistan hökumətinin başçısı “Qarabağ klanı”na loyal və populist mesajlar verir.

Ancaq Xankəndindən gələn son xəbərlər “Qarabağ klanı”nın Paşinyana güzəştə getmək istəmədiyini göstərir. Özünü Bako Saakyanın müşaviri kimi təqdim edən oyuncaq rejimin nümayəndəsi Araik Arutunyan bəlkə də Paşinyan üçün gözlənilməz səslənən təkliflə çıxış edib. Arutunyan bildirib ki, Bako Saakyanın istefaya getməli olduğu barədə fikirlərlə razılaşmır. Bununla yanaşı, o Saakyanın “seçkilər”də iştirak etməmək fikrinə hörmətlə yanaşdığını deyib.

Bako Saakyanın postuna iddialı olan Araik Arutunyanın bu açıqlaması “Qarabağ klanı”nın status-kvonun dəyişməsində maraqlı olmadığını təsdiq edir. Arutunyanın Paşinyanın “prezidentliyə” “favorit namizədi yoxdur” sözləri “Qarabağ klanı”nın B.Saakyanı postunda saxlamaq planından xəbər verir. Robert Köçəryanın həbsindən sonra “Qarabağ klanı”nı ətrafında birləşdirəcək güclü siyasi fiqur qalmayıb. Ona görə də, böyük ehtimalla B.Saakyanın hələlik postunda saxlanılması qərara alınıb. Çünki hazırkı şəraitdə N.Paşinyana qarşı müqavimət göstərə biləcək əsas fiqur B.Saakyandır. Paşinyan 2020-ci ildə Saakyanın istefaya getməsi ilə bu maneənin avtomatik aradan qalxacağına ümid edirdi. Lakin görünür, “Qarabağ klanı” N.Paşinyana siyasi sürpriz etmək qərarına gəlib. Bu siyasi sifarişin Kremldən gəldiyi də istisna edilmir. Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinin zabiti olan B.Saakyan birbaşa Moskvanın təlimatı əsasında hərəkət edir. İndiki situasiyada B.Saakyanın qondarma rejimin rəhbərliyindən getməsi məqsədəyğun sayılmayıb. Əks təqdirdə, bu, Paşinyanın “Qarabağ klanı” üzərində yekun qələbəsini təmin edə bilər.

Bako Saakyanın öz vəzifəsində qalması isə Ermənistan hökuməti ilə münasibətlərin daha gərgin mərhələyə daxil olması ilə nəticələnə bilər. Xatırladaq ki, B.Saakyan 2020-ci ildə namizədliyini irəli sürməmək barədə qərarı 2018-ci ilin iyun ayında Xankəndində ermənilərin rejim nümayəndələrinə qarşı kütləvi etiraz aksiyaları zamanı verib. Həmin vaxt B.Saakyanın sözügedən bəyanatı Dağlıq Qarabağda “Məxməri inqilab”ın qarşısını almaqda ona kömək etdi. Lakin Saakyanın rejimə başçılığı əldə saxlamaq cəhdi qarşılığında Paşinyan çox güman ki, “Qarabağ klanı”na qarşı növbəti inqilab ssenarisini işə salacaq.

Erməni politoloq Tatul Akopyan hesab edir ki, Nikol Paşinyanın Xankəndindəki çıxışı Dağlıq Qarabağda inqilabi cərəyanların bərqərar olması yolunda növbəti addımdır.

“Nikol Paşinyanın nəhayət Qarabağ hakimiyyəti və cəmiyyət üçün məqbul bir fiqur olduğunu deyə bilmərəm. Bu mitinq, düzünü deyim, nə qədər izdihamlı olsa da, heç Nikol Paşinyanın İrəvanda və digər yerlərdə keçirdiyi mitinqlərə bənzəmədi. Buzun nəhayət qırıldığını, Paşinyanın Qarabağ cəmiyyəti tərəfindən qəbul olunmağa başladığını deyə bilmərəm, bu belə deyil. Çünki insanları inandırmaq üçün kifayət qədər ciddi işlər görülüb.

Nikol Paşinyan və onun komandası isə erməni ailəsini, erməni kilsəsini, ənənəvi erməni dəyərlərini məhv etmək, üstəlik, Qarabağ torpaqlarını satmaq üçün gəlib” - Tatul Akopyan belə deyib.

Erməni politoloq bildirib ki, rəsmi İrəvan Dağlıq Qarabağda keçiriləcək “seçkilər”də hər hansı namizədə açıq dəstək verməməlidir. Paşinyan və komandası bu məsələdə ehtiyatlı olmalıdır. Ancaq təbii ki, üstünlük verdikləri namizədlərə, partiyalara malik olacaqlar. Məsələn, analitik hesab edir ki, qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanın tribunada Paşinyanın arxasında dayanması təsadüfi deyil.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6062