hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

“Trans-Xəzər”in qarşısını kim kəsir? - “Əgər  2 ölkədə hakimiyyət dəyişikliyi baş verərsə...”

“Trans-Xəzər”in qarşısını kim kəsir? - “Əgər  2 ölkədə hakimiyyət dəyişikliyi baş verərsə...”

Türkmənistanın Xəzər sahilindəki Avaza şəhərində srağagün işini yekunlaşan beynəlxalq iqtisadi forum zamanı “Trans-Xəzər” qaz kəməri ideyası da gündəmə gəlib.

Forumda həm Rusiya, həm İran nümayəndələr bu layihəyə qarşı olduqlarını nümayiş etdiriblər. İranın “National Gas Company” şirkətinin nümayəndəsi Bəhruz Namdari Xəzər forumunda çıxışı zamanı bildirib ki, İran Xəzər dənizində şərqdən qərbə qaz kəmərlərinin tikintisinə qarşı çıxır, çünki bu regionun ekologiyasına ciddi zərər vura bilər. O, Bakı və Aşqabada təklif edib ki, Avropaya qaz nəqli üçün İranın infrastrukturundan istifadə etsinlər.

Rusiyanın Baş naziri Dmitri Medvedyev də forumda çıxışı zamanı Xəzərdə neft-qaz kəmərlərinin çəkilməsinə dair layihələrin əvvəlcə bütün sahilyanı ölkələr tərəfindən ekoloji ekspertizadan keçirilməli olduğunu deyib. Belə müddəa Xəzərin statusuna dair konvensiyada da əksini tapır. Hərçənd, konvensiyanın digər müddəasına görə, Xəzərdə neft-qaz kəmərlərinin çəkilməsi həmin kəmərlər hansı ölkənin milli sektorlarından keçirsə, onların öz aralarında razılaşdırılmalıdır.

Daha əvvəl Rusiya hökumətinin aparat rəhbəri Sergey Prixodko da Trans -Xəzər qaz kəməri ideyasını məqsədəuyğun saymadığını deyib. Prixodko “Trans-Xəzər” qaz kəməri ideyasını nəzərdə tutaraq bildirib: “Xəzərin unikal ekosisteminin qorunub saxlanılması maraqları istənilən hipotetik iqtisadi layihələr üzərində prioritet təşkil edir”.

“Trans -Xəzər” qaz kəməri ideyasını Qərb fəal müdafiə edir və dəfələrlə bu layihə Türkmənistanla danışıqlarda müzakirə olunub. Azərbaycanın layihə ilə bağlı mövqeyi belədir ki, “Trans-Xəzər” barədə qərarı kəmərin başlanğıcını götürdüyü ölkə qəbul etməlidir. Azərbaycan isə ancaq bundan sonra tranzit ölkə kimi öz mövqeyini ortaya qoyacaq.

Xatırladaq ki, bir il öncə Xəzəryanı ölkələrin liderləri Xəzərin hüquqi statusuna dair Konvensiya imzalayıblar. Sənədə görə, belə layihələr ancaq qaz kəmərlərinin keçdiyi ərazi sularına malik ölkələr ilə razılaşdırılmalıdır.

Aşqabad və Bakı Xəzərin dibi ilə Türkmənistan sahilindən Azərbaycana, sonra isə Türkiyə vasitəsilə Avropa İttifaqına qaz kəməri çəkməyi planlaşdırırlar.

Politoloq Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan qazının xaricə çıxarılması üçün iki plan var:

“Azərbaycanın Xəzərin sahilindən Rusiya üzərindən və İranın Məşhəd şəhəri yaxınlığından Asiya ölkələrinə qaz satmaq planları var. Hər iki kəmər çəkilib, lakin fəaliyyətdə olanı da var, olmayanı da. Hər iki dövlətin Azərbaycanın layihədə iştirakına imkan verməməsinin fərqli səbəbləri var. Məlum olduğu kimi, Rusiya Avropanın qaz bazarının 40 faizinə nəzarət edir. Yəni burada monopoliya var. Əgər Azərbaycan həmin qaz bazarına girsə, Rusiyanın təkhakimiyyətliliyi tədricən yaxın müddət ərzində aradan qalxa bilər. Məlumdur ki, “Şahdəniz” yatağında Azərbaycanın kifayət qədər qaz ehtiyatı var. Yəni Azərbaycanın öz qaz ehtiyatını tədricən Avropa bazarlarına çıxarması nə Rusiyaya, nə də İrana sərf edir. Türkmənistan öz sözü olan bir dövlət deyil, orada diktatura rejimi hökm sürür. Hər iki dövlət nə deyəcəksə, Türkmənistan da onu yerinə yetirəcək”.

Politoloqun sözlərinə görə, Azərbaycanın məlum layihəyə qoşulmasının ekologiyaya heç bir ziyanı yoxdur:

“Əksinə, torpağın altından keçən qaz kəməri daha təhlükəlidir, nəinki dənizin dibi ilə. Əgər onların da dediyi kimi, dənizin dibi ilə ekologiyaya bu qədər zərər vurularsa, niyə Rusiya Baltik dənizindən iki kəmər çəkibə Niyə Rusiya Qara dənizin dibi ilə “Mavi axın” layihəsini həyata keçirirə Bunlar nağıldır. Bu layihənin ekologiyaya heç bir ziyanı yoxdur. Müasir texnologiya o səviyyədədir ki, ekologiya kifayət qədər qorunur. Bu, Rusiyanın, İranın Azərbaycana qarşı qəbul etdiyi siyasi bir qərardır və bunun arxasında hər iki ölkənin maraqları durur. Daha doğrusu, Azərbaycanın sərbəst xarici iqtisadi siyasət yürütməsinin qarşısını almağa yönəlmiş bir addımdır. Bunun başqa bir qiyməti yoxdur”.

Bundan sonra Azərbaycanın mövqeyinin nə olacağına gəlincə, Cümşüd Nuriyev qeyd edib ki, Azərbaycan 80 milyon əhalisi olan İran və 150 milyon əhalisi olan Rusiyaya qarşı, eyni zamanda iki cəbhədə mübarizə apara bilməz:

“Nəzərə almaq lazımdır ki, Rusiya ATƏT-in həmsədr dövlətlərindən biridir və Azərbaycanın Qarabağ yarası var. Qənaətimcə, Azərbaycanın yaxın zamanda bu məsələ ilə bağlı nəyisə dəyişəcəyi inandırıcı görünmür. Bəlkə hər hansı bir fors-major halı olarsa, bu zaman dəyişiklik baş verə bilər. Əgər Rusiyada və ya İranda hakimiyyət dəyişikliyi baş verərsə, bəlkə də bu məsələ baş tuta bilər. Amma yaxın müddətdə bunun baş verəcəyi inandırıcı görünmür”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2091