hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Pul axınının qarşısını alacaq qərar: Maliyyə amnistiyası nə vaxt veriləcək?

Pul axınının qarşısını alacaq qərar: Maliyyə amnistiyası nə vaxt veriləcək?

Devalvasiyadan sonra yaranan valyuta qıtlığının aradan qaldırılması üçün ekspertlər bir sıra təkliflərlə çıxış etdi.

Bu təkliflərdən ən çox diqqəti çəkən maliyyə amnistiyasının elan olunması idi. Qeyd olunurdu ki, həmin dövrə qədər ölkədən müxtəlif vasitələrlə milyardlarla vəsait çıxarılıb. Buna real sübut kimi Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin ölkə xaricinə çıxardığı 10 milyard dollar göstərilir.

Ekspertlərin fikrincə, həmin milyardlar ölkədə real iqtisadiyyata yatırılarsa, bu, ölkənin makroiqtisadi və maliyyə sahəsinin inkişafında böyük rol oynaya bilər. Amma bu təkliflərə baxmayaraq, hələ də maliyyə amnistiyası ilə bağlı heç bir ciddi addım atılmayıb.

Maraqlıdır, maliyyə amnistiyasının müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də varmıə

Maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, maliyyə amnistiyası qanuni şəkildə rəsmiləşdirilməmiş istənilən əmlakın rəsmiləşdirilməsidir:

“Bu, məmurların əllərində cəmləşdirdiyi vəsait, yaxud da başqalarının adına rəsmiləşdirilən daşınmaz əmlaklarıdır. Yaxud da hansısa sahibkarın vergidən yayınmaqla, gəlirini azaltmaqla əlində olan pullardır ki, ölkədən çıxarıb, amma onun mənbəyini göstərmir. Bu, hətta qanunsuz tikilmiş evi olan sıravi vətəndaş da ola bilər. Bu gün Azərbaycanda kifayət qədər vətəndaşın qeydiyyatdan kənar evi var. Bunların hamısı rəsmiləşdirilməlidir. Bunun üçün ilk növbədə dövlət qanun qəbul etməlidir. Qanunda qeyd olunmalıdır ki, kimin rəsmiləşdirilməyən, heç yerdə göstərilməyən əmlakı və ya pulu varsa, vergi orqanlarına bəyanat versin. Əvəzində,bundan dövlət, cəmiyyət nə əldə edəcəkə İlk növbədə həmin şəxslərdən qeydiyyatsız əmlaka görə dərhal vergi ödənilməsini tələb etmək olar. Əlbəttə, burada söhbət pul şəklində olan əmlakdan gedir. Əgər vətəndaşın qanunsuz tikilisi varsa, ondan bu vergini istəmək lazım deyil, çünki böyük ehtimalla vətəndaşın pulu yoxdur. Qanunda o da qeyd olunmalıdır ki, kiminsə heç yerdə göstərilməyən pulu varsa, dərhal 10 faiz vergi ödəsin. Burada əmlakın rəsmiləşməsi vətəndaşın xeyrinədir. Vətəndaş vərəsəlik qaydasında əmlakını öz övladına saxlaya bilər, kimsə ondan əmlakın haradan və ya necə əldə olunması haqda soruşmayacaq və.s. Dövlətin qazancı odur ki, həmin əmlak rəsmi şəkildə iqtisadiyyata investisiya ediləcək. Vətəndaşın, sahibkarın əminlik hiss etdiyi cəmiyyətdə inkişaf olur. Yəni sahibkar və ya vətəndaşın mülkiyyət hüququ qorunur. Bu gün Azərbaycanda sahibkara bəzən oğru kimi baxırlar. Kimin çox pulu varsa, onun haqqında mənfi rəy formalaşır, o da bunu bildiyi üçün pulunu göstərməyə qorxur. Məcbur olub vəsaitini və ya əmlakını kimlərinsə adına rəsmiləşdirir”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda böyük varidatların böyük hissəsi mənimsəmə ilə əldə olunub:

“Amma hamını həbs etmək mümkün deyil. Hesab edirəm ki, yeni qanun qüvvəyə minməli və dövlət bəyan etməlidir ki, bu yolla pul əldə edənlər məsuliyyətə cəlb olunacaq. Bu, gələcək cinayətlərin qarşısını alacaq. Əgər biz bunu etməsək, həmin pullar xaricə axacaq. Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın məlum işindən sonra məlum oldu ki, xaricdə əmlakın mənşəyi soruşulur. Mənşəni sübut edə bilməyəndə, əmlak şəxsin əlindən alınır. Bundan sonra vətəndaşlar öz pullarını xaricə çıxarmaqda maraqlı olmayacaq. Çünki xaricdə əmlakın itirilmə ehtimalı yüksəkdir”.

“Heç kəs bu dünyada ideal ədalət axtarmasın...”

Əkrəm Həsənov maliyyə amnistiyasının mənfi cəhətinin olduğunu da deyib:

“Problem ondadır ki, Qərbdə, Amerikada, Avropada ümumən müasir kapitalist cəmiyyətlərində bütün zəngin ailələrin ilkin kapitalları oğurluq olub. Məsələn, dünyanın ən inkişaf etmiş ölkəsi ABŞ-ı Avropadan gedən qızıl oğruları, quldurlar qurub. Həmin quldurlar hindu tayfalarını qıraraq əllərində olan qızılı, pulu götürüb varlanıblar. Yəni ilkin kapitalları oğurluq olub. Amma onlar mülkiyyət hüququna, sağlam rəqabətə, bazar iqtisadiyyatına, sahibkarlığa hörmət edən cəmiyyəti qurublar. Həmin cəmiyyətin çərçivəsində bu gün Amerikada "Microsoft"un qurucusu Bill Qeyts, “Facebook”un qurucusu Mark Zukerberq kimi milyarderlər var. Təbii ki, onların ilkin kapitalı oğurluq deyil. İnanıram ki, nə vaxtsa Azərbaycanda da oğurluq kapitalı olanları tanıyacağıq. Nəticədə Azərbaycanda normal hüquqi dövlət qurulacaq və mülkiyyət hüququ tanınacaq. İnkişaf zəminində gələcəkdə kasıb uşaqları nəsə əldə edəcək, amma ola bilər ki, dünənki oğruların, korrupsionerlərin uşaqları fərasətsiz çıxacaq, atalarından qalan əmlakı əllərində saxlaya bilməyəcəklər. Bilirəm ki, bu, bəzilərinin xoşuna gəlməyəcək, amma heç kəs bu dünyada ideal ədalət axtarmasın”.

Məlumat üçün qeyd edək ki, Zamirə Hacıyeva barəsində Böyük Britaniyada pulların yuyulması ilə mübarizə haqqında yeni qanunun tətbiq edildiyi ilk əcnəbi vətəndaşdır. O, Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyi (National Crime Agency) tərəfindən qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə mübarizə qanunu çərçivəsində həbs edilmişdi.

Z.Hacıyevaya vəsaitlərin mənimsənilməsi ilə bağlı iki ittiham irəli sürülüb və sonra o, istintaq təcridxanasına salınıb. Lakin sonradan onu 500 min funt sterlinq müqabilində zaminə buraxıblar. Hazırda Z.Hacıyeva Londondakı evində yaşayır, ona şəhəri tərk etmək qadağan olunub və hər gün polisdə qeydiyyatdan keçməlidir.

London Yüksək Məhkəməsi Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyinin (National Crime Agency) sorğusu əsasında həmçinin Zamirə Hacıyevaya məxsus olan bəzi əmlaklara həbs qoyub. Bunlar Naytsbricdə yerləşən qiyməti 15 milyon funt sterlinq olan malikanə, 11 milyon funt sterlinq dəyərində qolf-klub, qiyməti, təxminən 50 milyon dollar olan “Gulfstream” təyyarəsi və zinət əşyalarıdır.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 9582