hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Qırğız inqilabının yeni LİDERİ 

Qırğız inqilabının yeni LİDERİ 

Qırğızıstanda baş verən hadisələri təhlil edən Beynəlxalq Kornegi Fondu eks-prezident Atambayevin həbsinin hələ prosesin sonu olmadığını ehtimal edir.

Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnovun qənaətinə görə, Almazbek Atambayevin həbs edilməsinə baxmayaraq, Qırğızıstanda Sooronbay Jeenbekovun hakimiyyətinə yaranmış təhlükə aradan qalxmayıb. Yaranmış siyasi gərginlik Qırğızıstanı növbəti siyasi inqilaba apara bilər.

Ekspert qeyd edir ki, Qırğızıstanın güc strukturları Atambayevlə mövcud hakimiyyət arasında gedən bu müharibəni biabırcasına uduzub: “Hücumun davam etdirilməsinə dair qərar verilib. Avqustun 8-də baş tutan ikinci həmlə daha uğurlu alınıb. Qırğızıstan dövlətinin keçmiş başçısı nəhayət təslim olub. Bu arada Qırğızıstan bir günlük yüksək Avrasiya siyasətinin mərkəzinə çevrilib. Avqustun 8-i Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrinin baş nazirləri samitdə iştirak etmək üçün ölkəyə səfər edib, paytaxtın mərkəzi meydanında isə Atambayevin yüzlərlə tərəfdarı bir araya gəlib. Onlar aqressiv davranıblar, jurnalistlərə daş atıblar. Onlarla milis avtomobili meydanı mühasirəyə alıb, həbslər başlanıb.

Bişkek vərdiş etdiyi talan və iğtişaş gözləntisində donub. Mağazalar, bazarlar və gözəllik salonları bağlanıb. 2005-ci və 2010-cu illərdə artıq iki inqilabdan keçmiş Qırğızıstan paytaxtı qorxu ilə yeni inqilabı gözləyir. Belə olacağı təqdirdə, ötən əsrin başlanğıcında Sankt Peterburq kimi Bişkeki də üç inqilab şəhəri adlandırmaq olacaq.

İndi elə təəssürat yarana bilər ki, Atambayevin siyasi karyerasının sonu çatıb. Ancaq bu, tələsik verilmiş hökmdür. Qırğızıstan siyasi, sosial və kriminal sürprizlərin ölkəsidir. Uzun illər öncə vitse-prezident Feliks Kulov Akayevin dövründə beş il azadlıqdan məhrum edilib, həbsdən çıxdıqdan sonra isə baş nazir olub. İndi Atambayevin sayəsində azadlıqdan məhrum edilmiş digər tanınmış siyasətçi, parlamentin sabiq spikeri Omurbek Tekebayev də həbsxanadadır. İstisna edilmir ki, Tekebayev də azadlığa çıxdıqdan sonra böyük siyasətə qayıdacaq. Qırğızıstanın dördüncü prezidenti isə öz ölkəsindən təcrid olunmuşların cərgəsinə qoşulub. Belə ki, birinci və ikinci prezidentlər də bu cərgədə öz yerlərini çoxdan tutublar. Məlum olsa ki, Qırğızıstana qonşu dövlətlərdə iqtidaryönlü analitiklər, sosioloqlar və hakimiyyətə xidmət edən hər bir kəs əllərini qızışdırıb, patronlarını ən pis dünyada belə onlarda hər şeyin yaxşılığa doğru getdiyinə inandıracaq, təəccüblənmərəm”-politoloq Dubnov belə yazır.

Digər rəylərə görə, Atambayevin təslim olmasına səbəb Rusiyanın prezident Jeenbekovu dəstəkləməsi olub. Əks təqdirdə, Qırğızıstana demokratiyanı gətirmiş Almazbek Atambayevin iki-üç gün dinc müqavimət göstərməsi növbəti “Məxməri” inqilabın başlanması üçün kifayət edə bilərdi. Yoxsulluqdan əziyyət çəkən və təbii sərvətləri olmayan Qırğızıstanın əhalisi korrupsiyaya qarşı mübarizə ənənəsini pozmuş Jeenbekova qarşı mübarizə aparmaq üçün Atambayevi dəstəkləməyə hazır idi. Lakin Atambayevin siyasi qələbəsində maraqlı olmayan ilk növbədə Rusiyadır. Çünki Atambayev 2016-cı ildə prezident olarkən Rusiya hərbi bazalarının Qırğızıstandan çıxarılmasını təklif etmişdi. Rusiya Prezidenti Vladimir Putin isə buna cavab olaraq “Biz etiraz etmirik, əgər Qırğızıstan öz təhlükəszizliyini təmin edərsə biz hərbi bazalarımızı çıxartmağa hazırıq”-cavabını vermişdi. Bununla da V.Putin Rusiya hərbi bazaları olmadan Qırğızıstanın təhlükəsizlyinin mümkün olmayacağına dair mesaj vermişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə son hadisələrə münasibət bildirərkən Qırğızıstanın Kremlin məsuliyyət zonasına daxil olmadığını deyib.

Ancaq Qırğızıstanın hazırkı və eks-prezidentlərin arasında baş verən qarşıdurma zamanı Moskvanın Sooronbay Jeenbekova dəstək verdiyi açıq müşahidə olunurdu. Bu da ilk növbədə, Rusiyanın Qırğızıstanda hərbi bazalarının olması ilə bağlıdır. Eyni zamanda, Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Almazbek Atambayev isə Qırğızıstanın müstəqil xarici siyasət yürütməsinin tərəfdarıdır.

Politoloq İlqar Vəlizadənin sözlərinə görə, A.Atambayev siyasi vəziyyəti nəzərə alaraq təslim olub:

“Bişkekdə Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin hökumət başçılarının sammiti keçirilirdi. Ola bilsin ki, ona tədbirin sabit şəraitdə keçirilməsinə mane olmamaq üçün xəbərdarlıq gəlib. Digər ehtimal ondan ibarətdir ki, Atambayev təslim olduqdan sonra ona qarşı daha konstruktiv nümayiş etdiriləcəyini gözləyirdi. Amma bu baş tutmadı. Hakimiyyət çalışır ki, Atambayevin siyasi reabilitasiyasına imkan verməsin. Ona qarşı irəli sürülən ittihamların sayı artırılır. Bununla da Atambayevin özünü müdafiə imkanlarını azaltmağa çalışırlar”.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 2784