hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Razi Nurullayev: "Əli Kərimli siyasətdə qisasçılıq üçün var"-MÜSAHİBƏ

Razi Nurullayev: "Əli Kərimli siyasətdə qisasçılıq üçün var"-MÜSAHİBƏ

Son bir neçə ili əvvəlki dövrlərlə müqayisə etsək, ictimai-siyasi proseslərdə bir süstlüyün yarandığını demək olar. Doğrudur, siyasi partiyalar sosial şəbəkələr müstəvisinə keçərək fəaliyyətlərini davam etdirirlər, amma əvvəlki aktivlik müşahidə olunmur.

"Unikal" qəzetinə müsahibə verən AXCP sədri Razi Nurullayevlə söhbət də bu mövzu ətrafında olub.

Cebhe.info müsahibəni təqdim edir.

-Razi bəy, öncə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirləriniz bildirməyinizi istərdik.

-Yeni bir məsələ yoxdur. Hələ ki, ölkədəki siyasət nə dünyada öyrəşdiyimiz, gördüyümüz və şahidlik etdiyimiz siyasi üsullarla aparılır, nə də iqtisadiyyatımız bazarla idarə olunur. Hakimiyyət xalqı ağ günə çıxaracaq heç bir nəticə ilə yadda qalmır və insanlarımız ağır sosial şəraitdə yaşayırlar. Müxalif siyasətçilər də sanki varlığını sübut etmək üçün meydandadırlar. Çünki, hakimiyyət dəyişikliyinə apara bilən ciddi proseslər yoxdur. Digər tərəfdən isə müxalifət arasında didişmə, çəkişmə gedir. İctimai-siyasi həyatda söyüş, qarğış müxalifəti də formalaşıb. Əfsuslar oslun ki, heç kim də heç kimin kitabını oxumur.

İctimai-siyasi vəziyyətin bir də narazı, hər şeydən küskün salınmış, pessimizmə qapılan xalq tərəfi var. Birinci qismi hələ də gözləmə mövqeyində dayanıb, tərəfini müəyyən edə bilmir və çətin ki də edə bilsin. Bunlar passiv, sakit təbiətli və başqalarından özlərini daha ağıllı hesab edən təbəqədir. İkinci qismi təkbaşına fəal mübarizə aparan və kiçik nəticələrdən ruhlanan və yaşayan təbəqədir ki, bizim üçün böyük əhəmiyyət kəsb edir ki, onları yanımıza cəlb edə bilmək üçün də işlər aparırıq. Üçüncü qismi, tam pessimizmə qapılan və hər şeyi ağ və qara görən təbəqədir ki, onlar üçün dəyişiklik ancaq və ancaq inqilab, dağıntılar və qisasçılıq yolu ilə mümkündür.

Xalqın içində formalaşan bu təbəqələşmə ciddi fəlakətlərə səbəb ola bilər. Çünki, xalqın sosial vəziyyəti ağırdır, dolanışığı zəifdir, aldığı əmək haqqı ona çatmır. Hakimiyyət nümayəndələri  optimist danışsa da, gözəl gələcək vəd etsə də, təzahürləri görünmür. Hakimiyyətə inam da çox aşağı səviyyədədir və bu da təbəqələşmə meyllərini gücləndirir.

-Əvvəllki illərdə müxalifət daha aktiv idi, proseslərə yanaşması, reaksiyası mütəmadi olurdu. Müsavat, AXCP, ADP, ALP və digərləri siyasi gündəmi müəyyənləşdirirdilər. Son illər isə nəsə səs-soraq yoxdur?

-Əslində, yenə də elədir. Nə dəyişib ki? Dəyişən sosial şəbəklərin verdiyi imkanlardır ki, xırda məsələləri belə gündəmə çevirə bilir. Partiyalar istədiyi zaman pis-yaxşı gündəm yarada bilirlər. Sadəcə, bu gündəmlər gündəmdə qalmaq üçündür. Əfsuslar ki, siyasət şou-biznesə bənzəməyə başlayıb. Müsavat partiyası var və deməzdim ki, pis fəaliyyət göstərirlər. Onların taktikası heç də pis deyil, özlərini yandırmaq, gözləri yormaq və hər görünən hədəfə “xolostoy” atəş açmaq istəmirlər. İsa Qəmbər ağıllı və səbrli siyasətçidir, siyasətdə nə zaman görünmək və nə zaman çəkilmək yollarını bilir. Mənim də apardığım siyasətə Müsavat partiyasının apardığı siyasət daha uyğundur və əməkdaşlıq üçün də toxunan nöqtələr çoxdur. Sadəcə, mənim və Əli Kərimlinin eyni partiyaya – AXCP adına iddia etdiyimiz üçün əməkdaşlıq alınmır. Lakin, ümid edirəm ki, sonunda ümumi və xalqın maraqları naminə optimal variant tapıb digər siyasi partiyalarla, o cümlədən Müsavat partiyası ilə əməkdaşlıq edə biləcəyik.

-O fikirlər də səslənir ki, artıq ənənəvi liderlərdən cəmiyyət də bezib. Eyni, təkliflər, eyni bəyanatların illərlə təkrarlanması bu inamsızlıq və etimadsızlığa səbəb ola bilərmi?

-Radikal, barışmaz və plansız, sanki özünü müxalifət kürsüsündə qorumaq üçün mübarizə aparan Əli Kərimlinin önündə getdiyi bir camiyə var ki, üsul və taktikaları 1988-ci ildən bəri azacıq da olsun dəyişməyib. Onların benzini və hərəkətverici qüvvəsi mitinqlərdir.  Mitinqlərə də icazə verilmədiyindən onların yanacağı tükənməkdədir və ancaq sözçülüklə məşğuldurlar. Onlarla sayılı-seçili adamlar mənə deyir ki, Əli Kərimli bizdə ikrah hissi oyadır, nə qədər eyni məsələləri tutuquşu kimi təkrarlamaq olar?

Adamlar deyirlər ki, günorta vaxtı Qənimət Zahidə verdiyi müsahibəni, yenidən axşamçağı Sevinc Osmanqızına deyir. İnsanlar onun müsahibəsinin ilk bir-iki dəqiqəsinə baxıb sonra bağlayırlar. Bu deyilənlər mənə maraqlı gəldi və öz müsahibələrimin də effektliyini yoxlamaq üçün mütəxəssisə müraciət etdim. O mənə statistikanı verdi və çox təəccübləndim. Bütün siysaətçilərin video-müsahibələrinin ilk 2-3 dəqiqəsinə baxılır və qapadılır. Onun üçün də nə deyəcəksən çalış ilk dəqiqələrdə de. Əli Kərimlini ona görə misal gətirirəm ki, onun tərəfdarları ağızdolusu təbliğat aparırlar ki, Azərbaycan xalqı heç bir siyasətçini dinləmir, yalnız “Yurd” sədrini dinləyir. Araşdırma göstərdi ki, qoy başlarının altına yastıq qoymasınlar. Əgər, 30 min baxış varsa, onun 85%-i ilk 1-2 dəqiqəsinə baxıb.

Bunu bildiyimizə və araşdırma apardığımıza görə, biz bu tendensiyadan kənarda qalmağa və söz yığınından ibarət arxiv düzəltməkdən kənar dayanmışıq. Budur Azərbaycanın ictimai-siyasi vəziyyətinin reallığı. Xalq və müxalifət hələ ki, bir-birini anlaya bilmir, bir-birinə ciddi şübhə ilə yanaşır.

-Siz artıq neçə vaxtdır ki, partiya formatında siyasi fəaliyyətinizə start vermisiz. Sizin digər liderlərdən və partiyalardan fərqiniz nədir?

-Bizim digər partiyalardan ən vacib fərqimiz ən geniş hazır proqram təminatına malik olmağımızdır. Bizim partiya nəyi deyib, nəyi tənqid edirsə, nəyi fərqli görmək istəyirsə, mütləq şəkildə çıxış yolunu da göstərir və onu mətbuatda dərc edir. Biz xalqa seçim veririk ki, fikrini qətiləşdirə bilsin. Deyirik ki, hakimiyyətin üsul və yanaşması budur, bizimki isə bu. Müqayisə edin və tərəfiniz tutun. Hakimiyyət təhsili pullu edib və onu yarıtmaz bir biznesə çevriib. Ölkədəki təhsil Sabirabadın şor bazarı kimi bir şeydir.

Bizim isə yanaşmamız fərqlidir. Proqramımız belədir ki, təhsilə ciddi dövlət sərmayəsi qoyub 3-5 il ərzində onun keyfiyyətini yüksəklərə qaldırmaq lazımdır. Bura həm də minlərlə əcnəbi mütəxəssisin cəlb edilməsi daxildir. Yüksək və keyfiyyətli təhsil isə on minlərlə xarici tələbənin ölkəyə gəlməsi deməkdir. Bu üsullarla təhsil ocaqlarının maliyyə mənbəyini təşkil etmək mümkündür. İkincisi, hakimiyyət qərar qəbul etsə də özəl sektor və təhsilin əməkdaşlıq mexanziminin icrasını təşkil edə bilməyib. Çünki, təhsilə azadlıq verilməyib. Azad olmayan təhsil sistemi inkişaf edə bilməz. Biz təhsilin tam olaraq azad və sərbəst fəaliyyət göstərməsini istəyirik. Dövlət keyfiyyətə və rəqabətliliyə nəzarət etməlidir.

Elmlər Akademiyası amorf bir quruma çevrilib. Aylıq 200-300 manat alan insan necə alim ola bilər? Bir ölkədə ki, elmi araşdırmalara, tədqiqatlara yüz milyonlar ayrılmırsa, o ölkənin gələcəyi qaranlıqdır. Bu ölkəni İsveçrəyə, İsrailə çevirmək üçün təhsilə ən böyük sərmayələr qoyulmalıdır. Bu ölkə idman obyektləri olmadan, zahiri gözəllik və təbliğata çevrilən gənclər mərkəzi olmadan, dövlət qurumlarının yüz milyonlarla manata başa gələn göydələn binaları olmadan da yaşaya bələr, amma təhsilsiz ölkə məhv olacaq. Elə o göydələnlərdə oturanlara da sərf edir ki, millət təhsilsiz və mağmın olsun ki, onun başına vurub çərəyini əlindən ala bilsinlər.

-Prezident seçkilərinə qatılmağınız Sizə və partiyanıza hansı üstünlüklər verdi?

-Siyasi partiya seçkilərdə iştirak etmirsə, fəlsəfəsi pozulur, məntiq elminə qarşı çıxmış olur. Əgər siyasi partiya seçkilərdə iştirakdan müxtəlif adlar altında könüllü olaraq imtina edirsə, partiyanı buraxıb hərəkat yaratsa, daha məqbuldur. Sonucda, mübarizə aparmaq üçün hər ikisi məqbuldur. Siyasi partiyanın seçkilərdə iştirak etməməsini qərb dünyası də qınayır və buna normal yanaşmır. Heç bir bəhanə siyasi partiyanı seçkilərdə iştirakdan kənar saxlamamalıdır. Biz hüquqmuzdan istifadə edib seçkidə iştirak edib sözümüzü dedik. Biz inamla və qətiyyətlə seçkilərə qatılmışdıq və sona qədər də bir gün olsun belə təbliğatı dayandırmadıq, gözlərdən pərdə asmadıq. Xalq və siyasətçilər gördü ki, Razi Nurullayev 5-10 günlük siyasətçi və rəhbər deyil. O, uzunmüddətli və aydın planlara malik, əlverişli zamanını gözləyən əxlaqlı, qərb dünyagörüşlü bir siyasətçidir.

-Seçkidən sonra müəyyən islahatlar aparıldı, dəyişikliklər edildi. Başqa ölkələrdə seçkidə rəqib olmuş siyasi qüvvələrlə əməkdaşlıq edilir, hətta hökumətin formalaşmasında müxalifətin nümayəndələrindən də istifadə olunur. Siz belə bir təklif aldınızmı, yaxud bu təklifə açıqsınızmı?

-Mən heç bir əməkdaşlıq təklifi almamışam və bunda ciddi yanlışlıq görürəm. Hakimiyyət özünü dəmir qəfəs içinə salıb, kilidləyib, yalnız qəfəsin dəmirləri arasından əllərini uzadıb əməkdaşlıq etmək meylinə malikdirlər, bu isə bizə və xalqa sərf edən variant deyil. Hakimiyyət mənsublarında belə bir hiss var ki, onlar hər kəsdən ağıllıdırlar, tədbirlidirlər və hər kəsdən gözəl çıxış yollarına malikdirlər. Özlərini də aldatmaqla məşğuldurlar ki, xalq onları sevir və dəstəkləyir. Paylaşmağı bacarmayan qüvvələr hər zaman hər şeyi bütünlüklə itiriblər və bunun çoxlu nümunələri var. Elə qonşu və uzaq olmayan ölkələrə, ən azından post-sevet respublikalarına baxaq. Paylaşmaq da bir mədəniyyətdir, bir ənənədir və bir siyasətdir.

O ki, qaldı mənim bu təkliflərə açıq olmağıma, təbii ki, açığam. Biz öz bilik və bacarığımızı bu xalq uğrunda yüksək səviyyədə sərf edə bilərdik. Hətta, dostlarım deyir ki, mən Avropada doğulsaydım, indi çoxdan ölkə səviyyəsində yox, dünya çapında olan bir siyasətçi idim. Zamanında emiqrasiya edib, başqa ölkədə siyasətlə məşğul olsaydım, əminəm ki, oradan bu xalqa daha çox xeyir verə bilərdim. Burada isə əlimiz-qolumuz bağlanıb və siyasi reallıqlardan o yana addımlaya bilmirik. Hələ də münbit bir şərait gözləmək məcburiyyətindəyik. Əlacımız yoxdur!

-Razi bəy, son illərin ən çox müşahidə olunan proseslərindən biri də müxalifətdaxili qarşıdurmalardır. Son bir neçə ildə yeni formalaşan müxalif birliklərin hamısın daxilində qarşıdurma yarandı və parçalanmalar oldu. Bu nə ilə bağlıdır?

-Bu iç siyasətimizlə bağlıdır. Ölkədə normal bir siyasət yoxdur ki, ələnmə prosesi olsun. Ələnmə prosesi olmayınca ayaqlar baş, başlar isə ayaq olacaq!

-Elə Sizə qarşı da ittiham oldu ki, keçmiş partiyasına və liderinə xəyanət etdi. Bu ittihamlara cavab vermisiz, amma nəsə gündəmə gələndə yenə də analoji fikirlər səslənir?

-Bu fikri səsləndirənlər və gündəmdə saxlayanlar Əli Kərimlinin özü və əhatəsində olan bir sıra yaramaz məxluqlardır. Amma, o bu xalq üçün nə edib ki? O siyasətdə qisasçılıq üçün var. Dövlət katibi olub, niyə hakimiyyəti saxlaya bilməyib? İndi hər şeyi Elçibəyin üstünə atmaqla məşğuldur. O sadəcə, çox ütülənmiş danışır deyə, çoxları bunu sezmir. Onun sözlərinin tərcüməsi budur ki, Elçibəy mənə ən böyük səlahiyyət versəydi və sonrakı mərhələdə prezidentliyi mənə ötürsəydi, bunlar baş verməzdi. Nə edəcəkdin? Dövlət katibi ola-ola bir şey edə bilməyən şəxs, bu gün özünü hər kəsdən üstün görür. Əli Kərimli bir qəpiklik siyasətçi deyil! Olsa idi, hakimiyyətini saxlayardı. Bir partiyasını qoruyub saxlaya bilməyən, ölkə xilaskarı ola bilməz!

Cebhe.info


Oxunma sayı: 1519