hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Savaş meydanı: İran tək qalır 

Savaş meydanı: İran tək qalır 

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin sabiq rəhbəri Avqust Hanninq Fars körfəzində birbaşa müharibə təhlükəsi gördüyünü deyib.

O, Almaniyanı ABŞ-a qarşı koalisiyada iştirak etməməyə çağırıb. Bunu Hanninq “Handelsblatt” nəşrinə müsahibədə bildirib.

“Düşünürəm ki, nüvə silahı yaratmaq üçün İran heç vaxt imkanlarını inkişaf etdirməyi dayandırmayıb. Biz bilirik ki, o, 2003-cü ilədək nüvə silahının yaradılması üzərində məqsədyönlü şəkildə işləyib. Lakin indi məndə İranın nüvə silahı yaratmaqla bağlı qərar qəbul etdiyinə dair bir hiss yoxdur. Bu, diqqətdə saxlanılması gərəkən qırmızı xətdir. İran həmin xətti adlasa, vəziyyət kritik hal alacaq” - deyə, Hanniq bildirib.

Nəşrin həmsöhbəti hərbi vasitənin ən son yol olduğunu düşünür: “Əlbəttə, ABŞ üstün atəş gücü ilə İrana əhəmiyyətli zərər vura bilər. Amma bugünkü vəziyyətində İrana hərbi cəhətdən qalib gəlmək mümkün deyil. Onun da öz növbəsində zərbə endirmək üçün xeyli imkanı var. Məsələn, İran neft hasilatı ilə məşğul olan zavodlara hücum edə, ya da gəmilərin hərəkətinə mane ola bilər”.

Hanninq Avropa ölkələrinin “Instex” ticarət platforması vasitəsilə Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalardan qismən yan keçmək cəhdlərinin perspektivli olduğunu düşünmür:

“ABŞ-ın İrana qarşı həyata keçirdiyi sanksiyaların iqtisadi təsirini yumşalda biləcəyimizi düşünmək elə əvvəldən inandırıcı olmayıb. İran və Amerika bazarları arasında seçim etmək məcburiyyətində qalan bütün şirkətlər ikincini seçəcək. Və burada “Instex” kömək etməyəcək. Rusiya ilə Çinin ABŞ-a qarşı koalisiya yaratmasından çəkinməliyik”.

“İran regionda hakimiyyət iddialarını yaymağa çalışır. Təəssüf ki, nüvə sazişinin təqdim etdiyi resursları qonşu ölkələrdə dövlət nizamını pozan qruplaşmaları dəstəkləmək üçün istifadə edib. Heç kim İrana hücum etməkdə, ya da onun ərazisini işğal etməkdə maraqlı deyil. Əksinə, buradan Bəhreynin İrana məxsus olduğu bəyanatları eşidilir. İsraili məhv etməklə hədələyirlər. Yəməndə İran təsirinin sürətlə artdığını görürük. Bir sözlə, qonşularına aqresiv münasibət sərgiləyən elə İranın özüdür. İran regionda sabitliyi pozan tərəfdir” - deyə, Hanninq qeyd edib.

“İran özü-nü regionda şiələrin vəkili hesab edir. O, Livanda terror fəaliyyəti ilə məşğul olan “Hizbullah” təşkilatını dəstəkləyir. Yəməndə husilərin fəaliyyətini də geniş anlamda terrorçu fəaliyyət adlandırmaq olar. İran ölkə xaricində asimetrik müharibəni dəstəkləyir” - deyə, kəşfiyyatın sabiq rəhbəri bəyan edib.

Bu arada İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müavini Hüseyn Nicat ABŞ-ı və ərəb ölkələrini İran raketlərinin hədəfinə çevirməklə hədələyib. Amerikanın bölgədəki hərbi gəmiləri və onun regional müttəfiqi olan bəzi ərəb ölkələri səhvə yol verdikləri təqdirdə İran raketlərinin dağıdıcı gücü ilə üz-üzə qalacaqlar: “Amerikanın regiondakı bütün hərbi bazaları islam respublikası raketlərinin hədəfindədir. Əgər Amerikanın hərbi gəmiləri bizə məxsus sularda hansısa bir səhv addım atsalar, bizim raketlər onları vurmağa qadirdir. Həmçinin əgər hansısa bir ərəb ölkəsi səhvə yol verib onun ərazisindən kimsə bizə hücum etsə, bizim raketlər onların bütün hərbi bazalarını hədəfə alacaq”.

Amerika Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Trampın İrana qarşı ağır sanksiyalar qəbul etməyə davam edəcəyini deyib. O qeyd edib ki, İranın sanksiyaları pozmaq, eləcə də Suriya rejiminə dəstək göstərmək cəhdləri qəbuledilməzdir.

Müşavir həmçinin deyib ki, ABŞ rəftarlarını dəyişənə qədər İrana qarşı ən ağır sanksiyaları qəbul edəcək. Bundan əlavə, bu ölkənin nüvə silahı əldə etməsinə imkan verməyəcək. Siyasi müşahidəçilərin fikrincə, tərəflər arasında artan gərginlik müharibə riskini yaxınlaşdırır. Lakin hərbi toqquşmanın baş verməməsi üçün imkanlar hələ tükənməyib.

Politoloq İlqar Vəlizadə hesab edir ki, ABŞ və İran arasında hibrid müharibə başlayıb və miqyası genişlənir. Ancaq onun genişmiqyaslı hərbi əməliyyatlara çevrilməsi təhlükəsi daha pis nəticələr doğura bilər: “Əslində, müharibəyə dair bütün məlumatlar operativ informasiyalardan asılıdır. Bölgədə vəziyyət necədirsə, ehtimallar da ona uyğun özünü doğrulda bilər. ABŞ hərbi donanmasının gəmiləri Fars körfəzinə gəlir və orada patrul müşahidələri aparır. ABŞ-ın bu regionda öz hərbi kontingentini gücləndirməsi hansısa hərbi əməliyyatlara hesablanır, yaxud da modelləşdirilir. Digər tərəfdən, İran da müəyyən hazırlıq işləri görür ki, bu da gərginliyi artırır. Nəticədə, müharibə şansları çoxalır. Ancaq bunun lokal, yoxsa irimiqyaslı müharibə olacağı hələ məlum deyil. Hərbi əməliyyatlar raket zərbələri ilə də baş verə bilər, quru qoşunlardan istifadə olunması ilə də mümkndür. Bu sualların cavabları açıqdır. Hibrid müharibə artıq gedir. İran ətraf ölkələrdə dolayı resurslardan istifadə etməyə çalışacaq. “Hizbullah” Suriyada, “Husilər” Yəməndə aktivdir. Əgər müharibə baş versə, İraqda, Suriyada, Yəməndə, Bəhreyndə, Əfqanıstanda İrana dəstək verən qüvvələr fəallaşa bilər. ABŞ müttəfiqləri əli ilə İranı sıxmağa çalışacaq. Bu imkanlar tükənəndən sonra birbaşa müharibə baş verə bilər. Hələlik tərəflər arasında əsəb müharibəsi davam edəcək”.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 6018