hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Tuskdan Qarabağ mesajı: Nəyə xidmət edir?

Tuskdan Qarabağ mesajı: Nəyə xidmət edir?

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi dəyişməzdir. 

Rəsmi Bakı münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. İşğalçı Ermənistan isə  problemin həllində maraqlı olmadığından danışıqlar prosesini pozur, beynəlxalq təşkilatların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni icra etmir. Ermənistanın işğal olunmuş torpaqları beynəlxalq hüquq çərçivəsində qaytaracağı inandırıcı görünmür. 

Azərbaycan tərəfi danışıqlar prosesinə nə qədər sadiq olsa da, müharibə ehtimalını da heç bir zaman istisna etməyib. Azərbaycan tərəfi ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, danışıqlar prosesi fayda verməsə, işğal altında olan torpaqlar hərbi yolla qaytarılacaq. Vəziyyətin bu və ya digər formada aydın olduğu bir məqamda Avropa İttfaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüşün yekununda Qarabağla bağlı bəyanat səsləndirib. Tusk deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər: 

“Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin Helsinki Yekun Aktının başlıca prinsiplərinə əsaslanan ədalətli və dayanıqlı çözümə yönələn səylərini hərtərəfli dəstəkləməyə davam edir. Bütövlüklə gərginliyin səngiməsindən razıyıq, amma təmas xəttindəki son ölümlərdən həmsədrlər kimi biz də narahatlıq keçiririk. Sülhə yol açan, səmərəli danışıqlar üçün zəmin yaradan ab-havanın bərpası ilə yanaşı, təmkinli olmaq da mühümdür. Aİ də sülhün bərqərar olunmasına dair addımları dəstəkləyərək əhalini barışığa hazırlamaqla bağlı konkret tədbirlərə dəstək verməyə hazırdır”. 

Beynəlxalq təşkilat rəsmiləri daim bu mövqedən çıxış edir. Amma ermənilər sülh yolu ilə torpaqları azad etmək istəyirlərmi? Əgər istəmirlərsə, bu halda, Azərbaycan nə etməlidir?

Hərbi-siyasi ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə şərhində Tuskun Azərbaycan səfərinin Qarabağ probleminin həllində xüsusi rol oynamayacağını deyib: 

“Əslində, Azərbaycanın Donald Tuska bu qədər diqqət yetirməsinə dəyməzdi. Çünki bu adam artıq vəzifəsindən gedir, Avropa İttifaqı Şurasına yeni rəhbər gələcək. İndiyə qədər Donald Tusk nə edib ki, bundan sonra da bu bəyanatların fonunda nəsə dəyişsin? Donald Tuskdan soruşmaq lazım idi ki,  Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini niyə yerinə yetirmədiyini soruşub? Azərbaycan onlardan birdəfəlik imtina etməlidir. Başa düşürəm, Tusk bəyanatlar səsləndirməyə borclu idi və səsləndirdi. Amma nə dəyişəcək? Heç nə!”

Ü.Cəfərov bildirib ki, Tusk əslində, Azərbaycanda üzr istəməli idi: 

“Tuskun Azərbaycana səfəri milli ordunun zabiti Aqil Ömərovun Ağdam istiqamətində öldürülməsinin 40-cı gününə təsadüf etdi. Yəni bunlar ciddi adamlar olsaydı, ən azından deyərdilər ki, beynəlxalq qurumların günahı üzündən Azərbaycan vətəndaşları həyatını itirir, ölənlərin ailəsinə başsağlığı veririk, bu günə qədərki laqeydliyimizə görə üzr istəyirik. Bəyanatdır, səsləndirdi, bir həftə sonra da unudulacaq. Onun imzaladığı sənədin də heç bir perspektivi olmayacaq. Çünki yeni rəhbərlik gələndən sonra onların Donald Tuskun müzakirələri ilə razılaşıb-razılaşmayacaqlarını bilmək olmaz. 

Məsələn, Ukraynanın yeni prezidenti, çoxunun ciddi fiqur kimi qəbul etmədiyi Vladimir Zelenski srağagün hərbi paradla bağlı çox ağıllı bir qərar verdi. Avqustun 24-də nəzərdə tutulan parada 300 milyon dollar xərclənməli idi. Zelenski isə dedi ki, həmin 300 milyon dolları sosial çətinlik yaşayan insanlara və hərbiçilərə mükafat kimi vermək lazımdır. Onsuz da Ukrayna bir müddət əvvəl parad keçirib və onun hərbi gücünün nə qədər olduğunu hər kəs bilir. Bu, yeni yanaşmadır. Tusklar, mogerinilər, qutereşlər və digərləri köhnə fikirli adamlardır və dünyaya yenilik gətirə bilmirlər. Əgər gətirə bilsəydilər, indiyə qədər Qarabağ münaqişəsinin həllində nəyəsə nail olardılar. Hər halda Tuskun səfərindən Qarabağla bağlı ümidverici bir şey gözləmirəm”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 694