hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Pambıq yığımı gecikib: Məhsuldarlıq azalacaq?

Pambıq yığımı gecikib: Məhsuldarlıq azalacaq?

Bu il əvvəlki illərdən fərqli olaraq, pambığın toplanması təxminən 15 gün gecikir. Mütəxəssislər isə bunun səbəbini gecyetişən sortların becərilməsində görürlər.

Cebhe.info-ya açıqlama verən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli bu gecikmənin səbəbini xaricdən gətirilən gecyetişən sortların olması və Azərbaycanda pambıq sahəsində milli toxumçuluq sisteminin iflasa uğraması ilə əlaqələndirib:

“Sovet dövründə elmi seleksiya ilə əldə olunmuş pambıq sortları 3 qrupa bölünürdü: tezyetişən, ortayetişən, gecyetişən. O vaxt da gecyetişən sortlar vardı.

Amma sistem elə qurulmuşdu ki, fərdi torpaq sahələri yox idi, hamısı kolxozun idi. Bir məhsul yetişən kimi sahədən götürüb ikinci məhsulu əkirdilər. Yəni bir əkin strukturu, planlaşdırma vardı. Amma sovet dövründən sonra boşluqlar yarandı və pambığın da toxumçuluğu sıradan çıxdı. Hazırda pambıq yığımının gecikməsinə səbəb odur ki, bizim milli toxumçuluq sistemimiz iflasa uğrayıb. 

Uzun illərdir bu sahədə maddi-texniki baza müasirləşdirilməyib, yeni elmi seleksiya laboratoriyaları qurulmadığı üçün mövcud pambıq sortlarımız olsa da, bunlar əkin strukturundan çıxıb. Vaxtı ilə Gəncədə pambıqçılıq institutunda əldə olunmuş 182, 162, 101 və başqa nömrəli pambıq sortlarımız var. Bunlar Azərbaycan iqliminə uyğunlaşdırılıb. Bu sortların pambıq yığımı oktyabrın sonuna başa çatır. Lakin rəqabətdə bizim sortlar xarici pambıq sortlarına uduzub. 

Hazırda pambıq toxumu əsasən xaricdən gətirilir. Bunun səbəbi isə xarici sortdan alınan pambığın lifi uzun olur. Bu isə emal sənayesi üçün çox əlverişlidir. Bizim milli pambıq sortlardan alınan pambığın lifi isə qısa olur. Bizim milli sortlarda lif çıxımı ən çox 38%-dir. Xarici sortlarda isə 42-43%-dən çoxdur və s. Bu isə sahibkarlar üçün çox sərfəlidir.

Ancaq xarici pambıq sortunun bizdə gec yetişməsi problemi Azərbaycan aqrar elminin qarşısında durur. Hazırda Ucarda Çin, Beyləqanda Türkiyə və Tərtərdə Yunanıstan texnologiyaları ilə bağlı təcrübə sahəsi yaradılaraq məhz həmin o problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür ki, gələcəkdə müasir texnologiyalar tətbiq edərək xarici sortların ölkəmizdə adaptasiyasını həyata keçirməklə onların çatışmayan cəhətlərini aradan qaldırılsın. 

Eyni zamanda milli sortların da çatışmayan cəhətlərini aradan qaldırmaq istiqamətində işlər aparılır. Amma seleksiya zaman aparan proses olduğu üçün bu proses müəyyən qədər vaxt alacaq. Hazırda bu il üçün 100 min hektardan çox pambıq əkilib. Onun hardasa 70%-i xaricdən gətirilib. “Flaş” adlanan bu sort əsasən, Türkiyədən gətirilir. İqtisadi üstünlükləri olsa da, gec yetişir”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 584