hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Pandemiya xaricdən gələn pulları da azaldıb: “Azərbaycan ailəsinə böyük zərbədir”

Pandemiya xaricdən gələn pulları da azaldıb: “Azərbaycan ailəsinə böyük zərbədir”

COVID-19 Rusiyadan MDB ölkələrinə pul köçürmələrinin həcminə əhəmiyyətli dərəcədə təsir göstərib.

Azərbaycana ötən il adambaşına təxminən 338 dollar olmaqla, ümumilikdə 999 milyon dollar pul transfer edilib. Bu il isə bazarda pul transferlərində azalma müşahidə olunub. Ən əhəmiyyətli azalma aprel ayında yaşanıb - 50%. May ayındakı eniş isə 25-30% səviyyəsindədir. Köçürmələrin böyük hissəsi miqrantlar tərəfindən həyata keçirilir, onların əksəriyyəti isə aprel ayında iş yerlərini itiriblər.

Qeyd edək ki, Rusiyadan ötən il pul transferləri üzrə siyahıya 4,7 milyard dollarla Özbəkistan liderlik edib. Onu 2,57 milyard dollarla Tacikistan, 1, 95 milyard dollarla Qırğızstan izləyir. Siyahıda 1,1 milyard dollarla Ermənistan, 999 milyon dollarla Azərbaycan, 586 milyon dollarla Gürcüstan,505 milyon dollarla, 388 milyon dollarla Qazaxıstan, 386 milyon dollarla Ukrayna, 368 milyon dollarla Moldova, 272 milyon dollarla Belarus tutur. Məlumdur ki, Rusiya azərbaycanlıların ən çox əmək miqrasiyası etdiyi ölkədir. Buranın əmək bazarı həm də ölkəmizdə yüz minlərlə ailənin sosial təminatının mənbəyidir.

Siyahıdan göründüyü kimi, bu ölkədən edilən maliyyə transferlərinin illik həcmi heç də kiçik deyil. Bu maliyyə vəsaitlərinin əhəmiyyətli dərəcədə azalmasının ölkəmizə hansı təsirləri ola bilər?

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, istər Rusiya, istərsə Türkiyədən tranferlər əhalinin bir qisminin əsas tələbatlarının ödənilməsinə yönəlib: “Əhalinin müəyyən bir qismi var ki, ailə başçısı Rusiyada və ya Türkiyədə çalışır və hər ay ailəsinə müəyyən vəsait göndərirlər. Transferlərin azalması həmin əhali qrupunun sosial vəziyyətinin aşağı düşməsinə səbəb olur. Bu daha çox sosial təminata ehtiyacı olan əhali qrupunun formalaşmasına ehtiyac yaradır. Hazırda bu cür ailələrlə rastlaşmaqdayıq. Elə ailələr var ki, onların yeganə gəlirləri Rusiyadan gəlirdi, hazırda onlar çox çətin duruma düşüblər. Məsələn, bəzi ailələrə əvvəllər əgər ayda 1000 dollar vəsait göndərilirdisə, indi bu vəsaitin həcmi 300 dollara enib”.

İqtisadçı bir məqama da diqqəti yönəltdi: “Əvvəllər köçürmələrin böyük əksəriyyəti Rusiyadan Azərbaycana səfər edən ailələrin vasitəsilə ölkəyə çatdırılırdı. Həmin vəsaitlər hər hansı qeydiyyata düşmürdü. Bu, o deməkdir ki, reallıqda Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi 999 milyondan 2-3 dəfə çoxdur. Bu, ümumilikdə Azərbaycan ailəsinə böyük zərbədir”.

Akif Nəsirli bildirir ki, Rusiyadan Azərbaycana tranferlərin azalması nəticəsində bir sıra ailələrin sosial təminata ehtiyacı yaransa da, onların sosial təminatla əhatələnməsi problemlidir:

“İndiki şəraitdə bu daha da çətinləşib. Əgər onlar sosial yardım almaq üçün müraciət edərlərsə, onlardan iş yerləri ilə bağlı sənəd tələb olunacaq. İşləməyənlərə isə sosial yardım verilmir. Məşğulluq mərkəzlərində təklif olunan işlər də ailənin təminatı üçün çıxış yolu deyil. Bu baxımdan da xaricdən göndərilən vəsaitlərlə təmin olunan ailələrin durumu çox çətindir”.
Xatirə Nəsirova

Cebhe.info


Oxunma sayı: 2465