hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Pandemiya zamanı əhalini narazı salan qurumlar: “Qara siyahı”da olanlar

Pandemiya zamanı əhalini narazı salan qurumlar: “Qara siyahı”da olanlar

Koronavirus pandemiyasının yayılması ilə digər ölkələr kimi Azərbaycan da qapanmaya getdi.

Bu dövr bütün sahələr təsir etdi, xüsusilə isə iqtisadiyyata böyük zərər vurdu. İş yerləri bağlandı, işsizlik artdı, gəlirlər azaldı.

Nəticədə sosial həyatı hiss olunacaq dərəcədə çətinləşdirdi. Bu fonda insanların ümidi yalnız dövlət qurumlarına qaldı ki, onlardan da bir çoxu insanların ümidlərini doğrulda bilmədi, insanları narazı saldı.

“190 manatlıq əməliyyat”

Cebhe.info xəbər verir ki, vətəndaşların ən çox narazı qaldığı proses “190 manat” məsələsi oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işin öhdəsindən gələ bilmədi. Hər halda şikayətlərin minlərlə ölçüldüyünü nəzərə alsaq, demək olar ki, nazirlik pandemiyanın ilk vaxtlarında prosesi tənzimləyə bilmədi. Prosesin başlanğıcında 190 manat birdəfəlik yardımın işsiz, gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulurdu ki, nazirlik ölkədə 200 min şəxsin bu parametrlərə uyğun gəldiyini açıqlamışdı. Bu rəqəmin həqiqətə uyğun olmadığını izah etməyə ehtiyac yoxdur.

Çünki bu gün ölkədə işsizlik rəsmi rəqəmlərə görə 5 faiz (qeyri-rəsmi rəqəm bundan bir neçə dəfə çoxdur) civarındadır. Rəsmi rəqəm belə ölkədə 500 min işsiz şəxsin olduğunu göstərir. Sonradan ölkə başçısının göstərişi və müdaxiləsi ilə bu rəqəm 600 minə qaldırıldı. Nazirliyin “190 manat” əməliyyatı qurumun rəhbəri Sahil Babayevin adına mənfi tərəfdən yazıldı.

Digər tərfdən, imkanı olan bəzi şəxslərin 190 manat yardım alması, şərtlərə uyğun olmadığı halda bir ailədə iki nəfərə bu yardımın verilməsi kimi faktlar da ortaya çıxdı. Əhali arasında “ehtiyacım olduğu halda 190 manat ala bilmədim” deyən o qədər insan oldu ki, bunun fonunda hər hansısa imkanlı şəxslərin bu yardımı alması xəbəri insanlarda qıcıq yaratdı. Hər halda bütün bunlar da nazir Sahil Babayevin nazirliyinin “neqativinə” yazılan faktlar idi.

Hər kəsin gözü Oqtay Şirəliyevi axtarırdı

Pandemiya dövrünün ən vacib qurumu sayılan Səhiyyə Nazirliyi də insanların narazı qaldığı dövlət qurumları sırasında ilk yerlərdən birini tutdu. Səhiyyədə baş verən problemlər, hər kəsin gözü onu axtardığı halda Oqtay Şirəliyevin görünməməsi, açıqlama verməməsi səhiyyəmizin də, onun özünün də nüfuzuna zərbə vurdu. Ölkədə səhiyyə sistemindən olan narazılıq onsuz da Oqtay Şirəliyevi daim hədəfdə saxlayır. Pandemiyada dövründəki fəaliyyətsizlik isə bütünlükdə bu quruma inamı öldürdü. Hesab etmək olar ki, məhz səhiyyə sisteminin durumu hökuməti alternativ qurum yaratmağa məcbur etdi. Üstəlik, nazirliyin ən lazımlı anlarda mətbuatdan qaçması, mətbuat xidmətinin telefon zənglərinə, suallara, sorğulara cavab verməməsi bir tərəfə, sayğısızlığı hələ də davam edir.

TƏBİB -in ilk imtahanı

Səhiyyə Nazirliyinə alternativ hesab edilən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) pandemiya dövründə aktiv fəaliyyət göstərsə də, yenə də insanların narazı qalmasına kifayət qədər əsas verdi və gözləntiləri doğrultmadı. Xüsusilə karantin tədbirlərinin mütəmadi olaraq sərtləşdirilməsi təkliflərinin bu qurumdan gəldiyi bildirilirdi ki, bu da əlavə problemlərə yol açırdı.

Artıq ölkədə koronavirus əleyhinə peyvəndləmə prosesinə başlanılıb. Amma insanlar peyvənd olunub- olunmamaqda qərarsızdır. Səbəb isə ortada olan peyvəndin əks təsirləri var iddialarıdır. Bu iddialara TƏBİB tərəfindən nə qədər aydınlıq gətirilsə də, insanları inandırmaq mümkün olmur. İnamsızlığın səbəbi isə açıqdır - ölkənin səhiyyə sisteminə etibar edilmir.

Doğrudur, TƏBİB yeni yaranan qurumdur və ilk imtahanı çox çətin oldu. Koronavirus xəstələrinə dərman verilməməsi, xəstəxanalarda yer tapılmaması kimi problemlər TƏBİB-ə etimadsızlıq yaradıb. Bu səbəbdən ölümlərin olması, verilən qərarların icra olunmaması, bir-birini təkzib edən açıqlamalar və digər problemlər bu qurumu “COVID-19 imtahanı”nda sinifdə saxladı. Təbii ki, bütün qüsurlar da məhz qurumun rəhbəri Ramin Bayramlının adına yazılır.

Təhsil Nazirliyi "sinifdə qaldı"

Təhsil Nazirliyi də pandemiya dövrünün gündəmdə olan qurumları sırasındadır. Karantin qaydalarına görə ötən ilin martından əyani təhsil tam dayandırıldı və onlayn tədris prosesinə keçid olundu. Bu isə özü ilə bərabər ciddi problemlər gətirdi. İnternet təminatındakı problemlər, onlayn dərsə qoşulmaq üçün texniki avadanlıqların hər kəs üçün əlçatan olmaması bir çox şagirdi təhsildən kənarda qoydu. Bu da narazılıq yaradan amillərdən biri idi.

İnternetsiz “evdə qal”

İnternet məsələsi isə hər zaman, pandemiyadan əvvəl də problem olub. İnternet təminatının bərbad vəziyyətdə olması hər zaman insanların narazı qaldığı məqamlardan biridir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələdə müsbət bir irəliləyişə hələ də nail ola bilməyib. Nəzərə alsaq ki, tədris və hətta iş az qala bir il müddətində onlayn rejimə keçib, onda internetin artıq insan həyatının əsas elementlərindən birinə çevrilməsini kiməsə sübut etməyə ehtiyac qalmır.

“Ödəməsən, bölməyə aparılacaqsan”

İnsanların narazı qaldığı qurumlar arasında Daxili İşlər Nazirliyi (DİN) var. DİN-dən narazı qalanlar daha çox cərimə olunanlar və bu cəzanı haqsız hesab edənlərdir. Xüsusilə maska məsələsinə görə cərimə olunanlar sosial şəbəkələrdə buna ciddi etirazlarını dəfələrlə bildiriblər. Ən çox şikayət olunan məsələ isə DİN əməkdaşlarının maskaya görə təyin olunan cəriməni (100 manat) yerində tələb etməsi və ödəməyənlərin bölməyə aparılmasıdır ki, nazirlik bu şikayətlərin əsassız olduğunu bəyan edir. Şikayətlər isə bitmir.

Tarif Şurasının pandemiya “sürprizi”

İnsanların əziyyət çəkdiyi pandemiya dövründə əsas sürpriz isə Tarif (qiymət) Şurasından gəldi. İlk olaraq Aİ-92 benzinin və dizel yanacağının qiyməti bahalaşdı. Bu bahalaşma istehlak bazarında da qiymət artımına ciddi təsir göstərdi.

İnsanlar bu təsirin gətirdiyi çətinliklərdən ayılmamış Tarif Şurası “Azərsu” ASC-nin təklifini müsbət dəyərləndirərək suyun qiymətini iki dəfə artırdı. Tarif Şurasının iclasında "Azərsu" ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik təsdiqləndi. Bu bahalaşma insanların narazılığını pik səviyyəyə qaldırdı. Qurum rəhbəri Qorxmaz Hüseynov insanların narazılığından yaranan “təzyiq”ə nə qədər dözəcək, onu da zaman göstərəcək. Hər halda Qorxmaz Hüseynov bu fəaliyyəti ilə pandemiya dövründə insanları narazı salan qurum rəhbərləri sırasında yer almağı bacardı.

“Sayğac əməliyyatı”nın mənfiləri

Pandemiya dövründə “Azəriqaz” İB də əhalinin etirazlarına tuş gələn qurumlardan oldu. Narazılığın əsas səbəbi isə “Azəriqaz”ın smart tipli sayğacları mexaniki sayğaclarla əvəzləməsi ilə başladı. Əhalinin əksər hissəsi bu dəyişimdən sonra qaz sərfiyyatının artması ilə bağlı müraciətlər edir. Aparılan yoxlamar zamanı yekun qərara gəlinməməsi də narazılığı artıran amil oldu. Qurum rəhbəri Ruslan Əliyevin “sayğac əməliyyatı” pandemiya dövründə də onun “gündəmdə” qalmasına rəvac verdi. İndi isə məsələ hətta parlamentdə müzakirə olunur və xüsusi komissiyanın yaradılması təklifləri səsləndirilir.

Pandemiya dövrünün 450 milyonluq “lətifəsi”

Pandemiya dövrünün “lətifəsinə” çevrilən məsələ isə Azərbaycan Mərkəzi Bankının (AMB) özünə 450 milyona özünə yeni tikməsi və qurum rəhbəri Elman Rüstəmovun bu xərci daxili imkanlarla ödəyəcəklərini deməsi oldu. İnsanlar arasında ciddi narazılığa səbəb olan məsələ hələ də müzakirə predmetidir. Dünya ölkələrində, o cümlədən Azərbaycanda koronavirusa görə gəlirlərin aşağı düşdüyü bir vaxtda Mərkəzi Bankın yeni bina sevdası Elman Rüstəmovu hədəf taxtasının düz ortasına gətirdi. Bu “sevda” onun gələcək məmur taleyinə necə təsir edəcəyi isə aşağı-yuxarı bəllidir.

Və nəhayət...

Pandemiyaya görə dövlət tərəfindən aztəminatlı ailələrə ayrılan yardımların mənimsənilməsinə, digər qanunsuz əməllərinə görə həbs olunan icra başçıları, icra nümayəndələri, bələdiyyə sədrləri və üzvləri də dövrün “üzüqara” məmurları siyahısındadır.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 9263