hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Pandemiyadan sonra: Azərbaycan iqtisadiyyatı cəlbedici olacaq?

Pandemiyadan sonra: Azərbaycan iqtisadiyyatı cəlbedici olacaq?

Pandemiyanın iqtisadiyyata vurduğu zərərlər bütün ölkələrə təsirini göstərib.

Artıq postpandemiyaya doğru iqtisadiyyatı daralmaqda və xəzinəsi boşalmaqda olan ölkələr əvvəlki vəziyyətə qayıtmaq üçün investisiya cəlbinə çalışırlar.

İnvestisiyanı ölkəyə cəlb etmək üçün isə investorları maraqlandıran və təhrik edən təkliflər olmalıdır.

Azərbaycan postpandemiya dövründə investorları cəlb edəcək hansı addımlar ata bilər?

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında investorları cəlb edə biləcək mümkün addımları sadalayıb:

“Azərbaycan iqtisadiyyatı kifayət qədər işlənməmiş xam iqtisadiyyatdır. Hər zaman da xarici investorların diqqətini cəlb edib. Bununla rəqabət aparmaq çox asandır. Bu bölgənin strateji imkanları da genişdir. Yaxın Şərq və Orta Asiya bazarlarına çıxış imkanları var. Enerjinin ölkə daxilində tam təminatı da biznesin dayanıqlı inkişafı üçün şərait yaradır. Xarici investorları cəlb etmək üçün biznes mühitinin təkmilləşdirilməsinə, mülkiyyət hüququna təminatın verilməsinə və bu istiqamətdə işlərin gücləndirilməsinə, ədalətli rəqabət olan fəaliyyət mühitinin yaradılmasına ehtiyac var. Azərbaycanda əsas problem bununla bağlıdır.

Müqayisə indiqatorlarına baxanda görürük ki, Azərbaycan bir çox ölkələrdən, hətta Türkiyədən də xeyli öndədir. Azərbaycana 2018-ci ildə 4.5 milyarda qədər xarici investisiya qoyulub ki, onun 930 milyonu biznes sektoruna olub. Qalanı isə neft sektorunadır. 2016-cı ildən biz islahat aparırıq ki, inkişaf edək. Lakin əksinə olaraq həmin tarixdən bəri xarici investisiya qoyuluşunun azaldığını görürük. Biz indiqatorlarla, indekslərlə və ya beynəlxalq reytinqlərlə kimsəni aldada bilmərik. Biz reallıqda keyfiyyət dəyişikliyinə getməliyik. Çünki XXI əsrdir və hər kəs alternativ informasiyası bir neçə dəqiqədə əldə edə bilir. Biz mövcud olan şərtlər daxilində heç yerli investorları inandıra bilmirik, qaldı xariciləri”.

Ekspert maliyyə və vergi amnistiyalarının vacibliyindən, onlarla paralel olaraq güzəştlərin tətbiqinə ehtiyac olduğunu da əlavə edib:

“Postpandemiya adi olmayacaq. Ona görə də biz sistemli tədbirlər görməliyik. Postpandemiya yeni bir çağırış platformalaşdırır. Yeni dayanıqlı və xarici təzyiqlərə dözümlü iqtisadiyyatın formalaşmasına ehtiyac var. Azərbaycan isə hələ də enerji resursundan asılı ölkədir. Postpandemiya dövrü üçün dekorativ islahatlar heçnə verməyəcək, kompleks islahatlara ehtiyac var. 2016-cı ildə 12 islahat qəbul olundu. Bu günədək həmin islahatların bütün fəaliyyət sahələrində tətbiq olunmasına baxmayaraq, heç bir nəticə vermir. Əksinə olaraq, iqtisadiyyat böyümür və xarici investisiyanın da cəlbi azalmağa başlayır. İnkişaf da bu iki göstərici ilə ölçülür ki, onların da heç biri yoxdur. Demək ki, dəyişməliyik. Əgər dəyişməsək heç nə edə bilməyəcəyik.

Bundan başqa, maliyyə və vergi amnistiyasına da ehtiyac var. Bizdə son 25 ildə kapital yığımı qeyri-qanuni formada baş verib. Yəni artıq kapital müəyyən bir qrupun əlində cəmləşib. Bu qruplar da müəyyən mənada riskli kateqoriyaya daxildir. Onlar öz vəsaitlərini daha rahat istifadə etməkdən çəkinirlər. Burada siyasi amillər də var. Çünki o şəxslər zamanında dövlət orqanlarında işləyiblər. Onlar oyun qaydalarını yaxşı bildikləri üçün vəsaitlərini açıq istifadə etməkdən çəkinirlər. Bizdə kifayət qədər fərqli səbəblərdən hazırda gizli kapital var. Bu gizli kapitalın üzə çıxarılması, qanuni dövriyyəsinin təmin edilməsi və iqtisadiyyata qatqısının daha da artırılması üçün biz sözügedən imkanları yaratmalıyıq. Yəni investorun kim olmasından asılı olmayaraq biz o amnistiyaları verməli və güzəştlər də tətbiq etməliyik. Yəni kapitalın birdən-birə leqallaşdırılması müəyyən xərc yükü formalaşdırır. Bu xərc yükünün azaldılması üçün güzəştlər tətbiq olunmalıdır. Yəni investor bilməlidir ki, nəyə görə maliyyə vəsaitini bizə yatırır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 11540