hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Pandemiyadan sonrakı dünya: “Daha böyük təhlükələr gözlənilir” - AÇIQLAMA

Pandemiyadan sonrakı dünya: “Daha böyük təhlükələr gözlənilir” - AÇIQLAMA

Dünyada baş verən mövcud qarşıdurmaları, lokal müharibələri pandemiya da dayandıra bilmədi.

Böyük dövlətlər isə münaqişənin həllində deyil, qızışdırılmasına maraqlı kimi görünürlər. Bəlkə də silah bazarının hakimləri olan bu böyük dövlətlər pandemiyanın boşaltdığı xəzinələrinin hərbi sənaye kompleksinin hesabına doldurmaq istəyirlər. Necə deyərlər, fürsəti boşa vermirlər. Nəticədə isə qızışan münaqişələr yeni silahlara ehtiyac hissi yaradır.

Dünya yeni müharibənin astanasındadır?

“Böyük dövlətlərdən biri vasitəçilik etməlidir”

Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, epidemiya bitdikdən sonra daha təhlükəli dünya ilə üz-üzə qalacağıq:

“Epidemiyalar yaranandan ortaya versiya atıldı ki, dünya dəyişəcək. Dünya daha çox humanitar məsələlərlə məşğul olacaq. Yəni yeni dünya nizamı formalaşacaq. Amma mən o zaman da bu fikrə şübhə ilə yanaşaraq qeyd edirdim ki, bəşəriyyət heç zaman tarixdən nəticə çıxarmayıb. Əgər bəşəriyyət nəticə çıxarsaydı 1918-20-ci illər arasında koronavirusdan da daha qorxulu “İspan qripi” yayılmışdı və 100 minə yaxın insan həlak olmuşdu. Ondan sonra bəşəriyyət dəyişdimi? Xeyr. Əksinə olaraq 1939-cu ildə II Dünya Müharibəsi baş verdi. İndi də pandemiya azca yumşalan kimi, münaqişələr qızışdı, qarşıdurmalar gücləndi. Elə Liviyanı götürək. Burada vəziyyət daha da qızışdı, Həftərə dəstək verənlər artdı. Türkiyə də mərkəzi hökumətə dəstək verib Həftəri bir qədər neytrallaşdırdı. Lakin Liviyada hələ də müharibə davam edir. Elə son gərginliklərdən biri də Çin və Hindistan arasında olanlardır. Bunlar əhali sayına görə dünyanın iki ən böyük dövlətidir. Eyni zamanda nüvə silahına da malikdirlər. Gərginliyin də hansı həddə çatdığı göz önündədir. Bu gərginliyin aradan qaldırılması üçün böyük dövlətlərdən birinin vasitəçi olması lazımdır. Rusiya da bu məsələdə manevr etdi. Çinin müttəfiqi olduğu halda Hindistana silah satmaq üçün müqavilə imzaladı. Çünki gördü ki, Hindistana istədiyi raketləri satmasa, o həmin silahları ABŞ-dan alacaq. Beləliklə də Hindistan-Amerika münasibətləri daha da yaxınlaşacaq. Bunun qarşısını almaq üçün də təcili olaraq silah satmağa razı oldu. Bugünlərdə Hindistanın Müdafiə naziri Moskvada idi. Rusiya onlara “S-400” raketləri və yeni silahlar satacaq. Hətta Hindistan tərəfi açıqladı ki, Rusiya bu silahları onlara vaxtından əvvəl satacaq. Buradan nəticə çıxır ki, Çinin müttəfiqi olan Rusiya, bu məsələdə onun maraqlarını nəzərə almadı? İlk dəfə Çin mətbuatında Rusiyanı yüngülcə tənqid edən məqalə çıxdı. Məqalədə deyilirdi ki, Rusiya seçim etməlidir: ya biz, ya da Hindistan. Amma baxmayaraq ki, Rusiya Çinin strateji tərəfdaşıdır, lakin Hindistanla da münasibətləri korlamaq istəmir. Ona görə də Hindistana bu silahları satmaq haqqında qərar verdi. Rusiyanın bu addımı atmaqda bir neçə məqsədi var. Birincisi, Rusiya istəmir ki, xarici siyasətdə tək istiqamət olmasın. İkincisi, Hindistanın Amerikaya daha çox yaxınlaşmasını istəmir. Üçüncü səbəbi isə hazırkı vəziyyətdə Rusiyanın iqtisadiyyatının çətin durumda olmasıdır. Ona maliyyə mənbələri lazımdır. Hindistan alacağı silahlara görə ilkin olaraq 5 milyard dollar pul ödəyəcək. Bunun 8 milyon dolları artıq ödənilib. Digər məsələ isə Hindistanın bu silahları aldıqdan sonra Çinlə sərhəd ərazilərə yerləşdirməsidir. Buna da qarşılıq olaraq Çin öz hərbi qüvvələrini sərhəddə sövq edəcək. Nəticədə vəziyyət daha da gərginləşəcək. Çünki ortada ərazi iddiası var. Çin Hindistanın ərazilərindəki dağlıq zonalara iddia edir, qarşı tərəf isə bununla razılaşmır. Çin-Hindistan gərginliyi də onu göstərir ki, dünya dəyişməyəcək. Yeni dünya nizamı hələ uzun müddət mümkün olmayacaq. Çünki böyük dövlətlər arasında ciddi fikir ayrılıqları var. Ona görə epidemiya bitdikdən sonra daha təhlükəli dünya ilə üz-üzə qalacağıq. NATO üzvləri arasında da ciddi fikir ayrılıqları var. Hətta ABŞ Silahlı Qüvvələrinin bir hissəsini Almaniyadan çıxarıb Polşada yerləşdirmək istəyir. Almaniya da bundan narahatdır. Tramp deyir necə olur ki, mən Almaniyaya vəsait sərf edirəm, o isə Rusiyadan qaz alır, boru xətti çəkir? Almaniya da əks fikir söyləyərək, Amerikanın yalnız onu deyil, bütün Avropanı, dolayısı ilə özünü qoruduğunu bildirir. Yəni o qədər dərin fikir ayrılıqları var ki, gərginliklər epidemiyaya da məhəl qoymur. Böyük dövlətlərin fərqli maraqları var. Çox nadir hallarda onların maraqları üst-üstə düşə bilir. Ona görə də Prezident İlham Əliyevin fikri ilə razılaşıram. Prezident deyir ki, Türkiyə ilə Azərbaycan dünyada bəlkə də yeganə müttəfiqdir ki, həqiqi strateji müttəfiqdirlər. Əksər məsələlərdə ortaq fikirlərimiz var. Dünyada belə dövlətlər tapmaq bəlkə də qeyri-mümkündür”.

“Münaqişələr davam edəcək”

Ekspert silah satışında Rusiyanın çox maraqlı olduğunu da vurğulayıb:

“Rusiya bundan əvvəl Türkiyəyə də silah satmışdı. Rusiya üçün bu çox vacibdir. Çünki onun əsas gəlirləri hərbi sənaye kompleksindəndir. Dünyada əsas silah satıcılarından biri Rusiyadır. Bazarda Amerika və başqa dövlətlər də var. Türkiyə də son dövrlərdə istehsal etdiyi PUA-ları ilə silah bazrında ciddi rəqibə dönüşüb. Türkiyənin Liviyada apardığı əməliyyatlar da bu PUA-ların nə qədər güclü olduğunu göstərdi. Hətta Rusiyanın “Pantsir”ləri də bunlarla zərərsizləşdirildi. Ona görə də silah bazarında olan hər bir dövlət bazarı əlində tutmağa çalışır. Hindistana gəldikdə isə onun hərbi sənaye kompleksi Çin qədər inkişaf etməyib. Çin çalışır ki, əksər silahları özü istehsal etsin. III Dünya müharibəsi gözlənilmir. Lakin ciddi qarşıdurmalar, lokal müharibələr və fikir ayrılıqları davam edəcək. Bunların həlli isə hələ çox uzaqdadır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 26423