hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Parad xülyası puç olan erməni separatçıları: Bu dəfə onlara nə İrəvan, nə də Moskva sahib çıxdı - BİZİM TƏHLİL

Parad xülyası puç olan erməni separatçıları: Bu dəfə onlara nə İrəvan, nə də Moskva sahib çıxdı - BİZİM TƏHLİL

Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin Rusiya sülhməramlıları ilə birlikdə Xankəndidə hərbi parad keçirmək niyyəti baş tutmadı.

Rusiya sülhməramlıları Xankləndi şəhərinin küçələrində keçid etmək və İkinci Dünya Müharibəsində faşizmə qarşı müharibədə iştirak etmiş veteranları təbrik etməklə kifayətləndi.

Doğrudur, Rusiya hərbi kontingentinin Xankəndi şəhərində keçid etməklə öz missiyasından kənara çıxıb və 2020-ci il 10 noyabr bəyanatının şərtlərini pozub.

Ona görə də rəsmi Moskvanın bu addımına heç bir halda bəraət qazandırıla bilər. Dünya təcrübəsində xarici sülhməramlı qüvvənin başqa ölkənin ərazisində öz ölkəsinə aid bayramı qeyd etmək təcrübəsi yoxdur.

Hərbi keçidlər isə yalnız hərbi bazanın və ya kontingentin dislokasiya olunduğu ərazidə keçirilə bilər. Bu zaman hərbi şəhərciyin yaxud hərbi hissənin ərazisi nəzərdə tutulur. Xüsusilə də həmin tədbirin Azərbaycan ərazilərinin işğalında iştirak etmiş silahlı dəstələrlə birlikdə keçirilməsi sülhməramlı mandatına xitam verilməsi üçün ciddi hüquqi əsas yaradır.

Çünki bölgədə sülhün və atəşkəsin təminatına cavabdeh olan bir ölkənin işğalçı quldur dəstələri ilə bir sırada addımlaması Azərbaycan cəmiyyətində ciddi etiraza səbəb olmaqla yanaşı, anti-Rusiya əhvanm ruhiyyəsini gücləndirə bilərdi. Nəticədə, Moskva sülhməramlı kontingenti bölgəyə dəvət etmiş Azərbaycan dövlətinin daha sərt mövqeyi ilə qarşılaşmalı olacaqdı. Rusiyanın belə bir səhvə yol verməsi həm də regionda hərbi və geosiyasi balansın pozulması deməkdir.

Bu isə prosesə Türkiyənin sərt müdaxiləsini qaçılmaz edə bilər. Təbii ki, bunlar Rusiya üçün arzuolunmaz situasiyadır. Hətta Azərbaycanın və Türkiyənin bölgədə yenidən aktivləşməsi Ermənistanın da maraqlarına cavab vermir. Ona görə də bunu anlayan Kreml sonda qərarına korrektə etməli oldu. Digər tərəfdən, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri ərəfəsində belə bir hadisənin baş verməsi rəsmi Moskvanın planlarına zərbə vura bilər.

Lavrovun Azərbaycana bir sıra təkliflərlə gələcəyi bildirilir. Lavrovun məhşur qovluğunda həm Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini, eyni zamanda Rusiya-Azərbaycan münasibətlərini əhatə edən məsələlər yer alıb. Çox güman ki, mayın 4-5-də İrəvanda olan Rusiya XİN -nin başçısı apardığı danışıqların yekunu ilə bağlı Ermənistan tərəfinin mövqeyini Azərbaycana çatdıracaq. Bura Zəngəzur dəhlizinin açılması, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı məsələlər daxildir. Ermənistan tərəfi Lavrovdan Azərbaycandakı 59 nəfər terrorçunun hərbi əsir kimi geri qaytarılması üçün vasitəçi olmağı xahiş edib.

Yəqin ki, bu təklif də danışıqlar predmeti olacaq. Həmçinin, rusiyalı nazirin Azərbaycana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birliyinə üzv olmağı təklif edəcəyinə dair məlumatlar var. Belə bir dönəmdə Rusiya hərbi kontingentinin erməni silahlı dəstələri ilə birgə keçid etməsi Azərbaycanla münasibətləri zədələyə bilər. Nəticədə, müharibədən sonra yenidən formalaşdığını və Rusiyadan hərbi dəstək aldığını nümayiş etdirməyə çalışan erməni silahlı birləşmələri məqsədinə çata bilmədi.

Bu, həm də beynəlxalq sülhməramlı proseslərdə iştirak edən Rusiyanın imicinə ciddi zərbə vura bilər. Ona görə də Moskva hərbi yürüşü ayrılıqda keçirməyi qərara aldı. Ermənilərə isə əvvəlki illərdən fərqli olaraq, heç Ermənistan da sahib çıxmadı. 2019-cu il may ayının 8-də Şuşanın işğalın 9-isə Qələbə bayramını Cıdır düzündə rəqs etməklə qeyd edən Ermənistanın Baş naziri Nikol Paşinyan bu dəfə fərqli ampluada idi.

Ermənistan ordusu məğlub olub, Dağlıq Qarabağda müstəqil dövlət qurmaq haqqında illüziyaları puç olan ermənilər isə təklənmiş durumdadır. Kapitulyasiya sənədinə imza atmaqla Ermənistanı Qarabağ yükündən azad etmiş Paşinyan isə bundan sonra heç vaxt Azərbaycan torpağına ayaq basmayacağını yaxşı bilir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7866