hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Parlament kabinetindən cəmiyyətə: 2020-ci ildə kimlər seçicinin etimadını doğrultdu?

Parlament kabinetindən cəmiyyətə: 2020-ci ildə kimlər seçicinin etimadını doğrultdu?

2020-ci il ölkəmiz üçün çox önəmli hadisələr və çətin günlərlə başladı.

Lakin başlanğıcda nə qədər çətinlik olsa da, ilin sonu bizim üçün çox əlamətdar oldu. Pandemiya 2020-ci ili dünyada “uğursuz il” kimi insanların yaddaşında kökləsə də, Azərbaycan üçün il böyük zəfərlə bitdi. Qarabağın 30 illik işğalına son qoyuldu və 8 noyabr Zəfər Günü tariximizin ən parlaq səhifəsinə çevrildi.

Bir çox cəhətlərinə görə ötən il Azərbaycan üçün həm də siyasi aktivlik ili kimi yadda qaldı.

Birinci hadisə 2020- ci ilin əvvəlində ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verilməsi oldu. Bu seçkilər digərlərindən təkcə növbədənkənar olması ilə deyil, həm də çox sayda qeydə alınmış namizədin iştirakı ilə yadda qaldı. 9 fevralda baş tutan seçkilərdə 125 dairə üzrə qaliblər müəyyənləşsə də, 4 dairənin nəticələri ləğv olundu.

İkinci və ən mühüm hadisə Azərbaycan ordusunun 27 sentyabr tarixində erməni təxribatına qarşı bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması oldu. 44 gün davam edən müharibədə 30 ilə yaxın işğal altında qalan Qarabağ əsl sahibinə qayıtarıldı. Vətən müharibəsi adı ilə tarixə düşən proses həm də ölkədə böyük və dayanıqlı birlik, həmrəylik yaratdı.

Ölkənin bütün kəsimi (kiçik istisnalar olmaqla) - iqtidar, müxalifət, vətəndaş cəmiyyəti, media, QHT sektoru və ümumilikdə xalq bir hədəfə vurdu. 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbədə bu birliyin, həmrəyliyin payını da xüsusi qeyd etmək lazımdır. Azərbaycan bu böyük qələbəyə 10 dekabrda keçirdiyi Zəfər Paradı ilə nida qoydu.

Bu cür önəmli, çətin və məsuliyyətli ildə təbii ki, hər kəsin gözü səs verib seçdiyi təmsilçilərində oldu. Siyasi dillə ifadə etsək, söhbət xalqın təmsilçisi olan 125 (hazırda 120 millət vəkili) nəfərdən - deputatlardan gedir.

Cebhe.info olaraq yuxarıda sadaladığımız kimi önəmli, çətin, məsuliyyətli və zəfər gətirən 2020-ci ildə parlament üzvlərinin fəaliyyətini dəyərləndirdik.

Qeyd edək ki, dəyərləndirmə media və sosial şəbəkələr üzərindən əsasən 4 istiqamət üzrə aparılıb:

- Millət vəkillərinin media və sosial şəbəkə aktivliyi;
- Pandemiyanın birinci və ikinci dalğası zamanı onların fəaliyyəti;
- Vətən müharibəsi zamanı və ondan sonrakı dövr ərzində gördükləri işlər;
- Seçicilərlə görüş və qaldırılan problemlərin həlli istiqamətində atılan addımlar.

Qrup olaraq deputatların sosial şəbəkələrdə yayılan fəaliyyəti, həmin fəaliyyətə verilən seçici və izləyici rəyləri, eləcə də mediadakı aktivliyi toplanaraq tərəfimizdən təhlil olundu. Araşdırmamıza əsasən, 25 nəfər bu dövr üçün parlamentin ən fəal və aktiv deputatları siyahısında yer aldı.

Milli Məclis Sədrinin 1-ci müavini Əli Hüseynli və sədrin digər müavini Adil Əliyev ötən il fəaliyyəti ilə seçilən deputatlardan oldu.

Əli Hüseynli xüsusilə də pandemiya dövründə qanunların, pandemiyaya görə tətbiq olunan karantin rejiminin qanunauyğunluğunu təmin edən qərarların qəbulunda daha çox fəaliyyət göstərdi.

Eyni zamanda, mediada çıxışları və məqalələri də Əli Hüseynliyə bu siyahıya düşməyə haqq verir. Vətən müharibəsi zamanı 1-ci vitse-spikerin göstərdiyi fəaliyyət onun reputasiyasına müsbət mənada yazıldı.

Adil Əliyev də ötən il özünə “əla” qiymət yazdırmağı bacardı. Adil Əliyevin mütəmadi olaraq baş verən hadisələrlə bağlı mediadakı yazıları, parlamendəki çıxışları ona göstərilən etimadı doğrultduğunun göstəricisidir. A.Əliyevin xüsusilə şəhid ailələri, qazilərlə bağlı gördüyü işlər birmənalı qaydada nümunə olacaq səviyyədədir. Digər tərəfdən, seçicisi olmayanların belə Adil Əliyevlə bağlı paylaşımları, etdiyi yardımlara görə ona minnətdarlıqların sayı kifayət qədər çoxdur.

Deputatlar Razi Nurullayev, Ramil Həsən və Bəhruz Məhərrəmovun fəaliyyəti də nümunə ola bilər.

Razi Nurullayev bu gün demək olar ki, istər mediada, istər sosial şəbəkədə, istərsə də digər platformalarda ən çox adı çəkilən parlament üzvüdür. Razi Nurullayevin media və sosial şəbəkə fəaliyyəti kifayət qədər aktiv və qüsursuzdur. Onun parlament iclaslarındakı çıxışları isə bütün sosial şəbəkə platformalarında son dövrlərin ən çox paylaşılan, izlənilən videolarına çevrilib. Yeni nəsil termini ilə desək, Razi Nurullayev media və sosial şəbəkələrin trend ismidir. Deputatın pandemiya dövründəki fəaliyyəti də kifayət qədər uğurlu alındı. Eyni zamanda, Vətən müharibəsi dönəmində aktiv fəaliyyət göstərən Razi Nurullayev post-müharibə dövründə də şəhid ailələri və qaziləri ziyarət edir, onların problemlərini mütəmadi olaraq parlament tribunasından səsləndirir, həllinə dəstək göstərir. Seçicilərin Razi Nurullayevə münasibəti isə birmənalı olaraq müsbətdir.

Ramil Həsən də dövrün ən aktivləri sırasına adını yazdırmağı bacardı. Ramil Həsənin media və sosial şəbəkə fəaliyyəti artıq sərhədləri aşıb. Ramil Həsən nəinki ölkə mediası, hətta beynəlxalq KİV-də də mütəmadi çıxış edir, Azərbaycanın səsinin dünyaya çatdırılmasında müstəsna xidmət göstərir. Pandemiya dövründə isə Ramil Həsən nümunə göstərilə biləcək işlərə imza atdı. Onun təşəbbüsü ilə təmsil etdiyi Ucar rayonunda aztəminatlı ailələrə yardım kampaniyası hər kəs tərəfindən müsbət rəy aldı. Vətən müharibəsi dönəmində də Ramil Həsən daim göz önündəki parlament üzvlərindən oldu. Onun təşəbbüsü ilə şəhid və qazi ailələrinə yardım məqsədilə yaradılan Azərbaycan-Türkiyə ortaq dəstək kampaniyası olan “Tək Millət, Tək Ürək” platforması bu gün də fəaliyyətini davam etdirir. Seçicilərin rəyini nəzərə aldıqda, Ramil Həsənin də 2020-ci ildəki fəaliyyətini nümunəvi adlandırmaq mümkündür.

Bəhruz Məhərrəmov ötən bir ildə seçicilərin və KİV-in, eyni zamanda, sosial medianın diqqətini çəkən deputatlardan oldu. Onun media və sosial şəbəkə fəaliyyəti kifayət qədər aktivdir. Qeyd edək ki, Bəhruz Məhərrəmov sosial şəbəkə üzərindən seçici şikayətlərini qəbul edən azsaylı deputatlardandır. Pandemiya dövründə də Bəhruz Məhərrəmovun fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bəhruz Məhərrəmov Vətən müharibəsi və sonrakı dövrdə daha çox Azərbaycana qarşı olan qüvvələrə sərt şəkildə mövqe bildirməsi ilə yadda qaldı. B.Məhərrəmovun post-müharibə dövründə də şəhid ailələrini və qaziləri daim ziyarət etməsi alqışalayiqdir. Seçicilər isə sosial şəbəkədə Bəhruz Məhərrəmov haqqında belə yazır: “Axır ki, Biləsuvar deputatın necə olmalı olduğunu görə bildi”.

Vüqar İskəndərov, Elnur Allahverdiyev və Vüqar Bayramov da aktiv fəaliyyətilə seçicilərin rəğbətini artıqlaması ilə qazanan parlament üzvləridir.

Vüqar İskəndərovun media fəaliyyəti təqdirəlayiqdir. Mütəmadi olaraq gündəm mövzuları ilə bağlı mediada çıxış etməsi onun ölkədə baş verən hadisələrə laqeyd olmadığının göstəricisidir. Bununla yanaşı, V.İskəndərov demək olar ki, bütün fəaliyyətini media və sosial şəbəkə vasitəsilə insanlara təqdim edir. Pandemiya dönəmində Vüqar İskəndərovun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Çünki Vüqar İskəndərovun parlamentdə təmsil etdiyi Şəki şəhəri pandemiya dövrünü ən ağır formada keçirən regionlardan biri sayılır. Maraqlı məqam odur ki, Vüqar İskəndərov Şəki ilə bağlı bütün statistik məlumatlara sahibdir və hər hansı bir problem yaşandığı zaman anında reaksiya verir. Eyni zamanda, onun fəaliyyəti təkcə öz seçki dairəsi üzrə deyil, Səkinin digər seçki dairələrini də əhatə edir. Bu amil onun adına müsbət mənada yazılır. Vətən müharibəsi dönəmində də daim aktiv olan deputat insanların yanında olmağı seçdi.

Vüqar Bayramovun media fəaliyyəti ilə bağlı nəsə demək bəlkə də artıq olar. Vüqar Bayramov deputat seçilməmişdən əvvəl də mediada və sosial şəbəkədə kifayət qədər aktiv fəaliyyət göstərirdi. Pandemiya dövründə xüsusilə iqtisadi və sosial problemləri gündəmə gətirən Vüqar Bayramov dövlət, dövlətçilik üçün müstəsna təklifləri ilə yadda qaldı. Vətən müharibəsi dövründə isə Vüqar Bayramovun fəaliyyəti xüsusilə diqqət çəkdi. Həmin dövrdə daim Füzulidə olan Vüqar Bayramov bu xüsusda da böyük rəğbət qazandı. Seçicilərin Vüqar Bayramova münasibəti isə bir qayda olaraq müsbətdir.

Elnur Allahverdiyev isə sosial şəbəkədə ciddi aktivlik göstərən deputatlardandır. Mediada mütəmadi çıxışları və seçicilərlə görüşlərinin intensivliyi Elnur Allahverdiyevi də 2020-ci ilin aktiv deputatlarından etdi. E.Allahverdiyev istər pandemiya, istərsə də müharibə dönəmində keçirdiyi yardım kampaniyaları ilə daha çox yadda qaldı. O, “cəbhəyə təkər göndərmək” kampaniyasına böyük dəstək verməsi ilə də sosial şəbəkənin gündəmində yer aldı. Elnur Allahverdiyevin təmsil etdiyi dairənin ərazisində imkansız ailələrin uşaqlarının onlayn tədrisə qoşulması üçün verdiyi planşetlər isə pandemiyanın təhsilə göstərdiyi mənfi təsiri aradan qaldırmağa xidmət edən mühüm addımlardan sayılır.

Zahid Oruc, Fazil Mustafa və Azay Quliyev də dövrün ən aktivləri sırasında yer alan deputatlardandır.

Zahid Oruc vəzifəsi gərəyi ilə nəinki seçicilərinin, bütövlükdə cəmiyyətin diqqətində olan parlament üzvüdür. O, Sosial Tədqiqatlar Mərkəzinin sədri olaraq ikiqat məsuliyyət daşıyır. Amma ötən dövrdəki fəaliyyəti Zahid Orucun üzərinə düşən məsuliyyətin öhdəsindən tam olaraq gəldiyini göstərir. Zahid Oruc pandemiya dönəmində, Vətən müharibəsində, post-müharibə dövründə ən aktiv fəaliyyət göstərən, cəmiyyəti məlumatlandıran deputat olmaqla yanaşı, media və sosial şəbəkənin gündəmində olmağı haqqı ilə bacardı.

Fazil Mustafa da medianın ən çox üz tutduğu, cəmiyyətin problemlərini müzakirə etdiyi deputatlardandır. Onun sosial şəbəkə fəaliyyəti də birmənalı olaraq effektivdir. Orijinal fikirləri və problemlərdən çıxış yoluna hesablanan düşüncələri mediada, sosial şəbəkədə tez-tez tirajlanır. Pandemiya dövründəki çıxışları və verdiyi təkliflər də hər kəs tərəfindən müsbət qarşılandı. Fazil Mustafa Vətən müharibəsi və post-müharibə dövründəki fəaliyyəti ilə də cəmiyyətdən müsbət rəy alıb.

Azay Quliyev pandemiya dövrünün ən üzdə olan parlament üzvlərindəndir. Onun seçicilərlə mütəmadi görüşü, görüşdən əvvəl və sonra məlumatların yayılması kifayət qədər şəffaf fəaliyyətin göstəricisidir. Azay Quliyev mediada da aktiv fəaliyyət göstərənlər sırasındadır. Onun pandemiya, Vətən müharibəsi və digər gündəm mövzuları ilə bağlı mütəmadi olaraq açıqlama və məqalələrlə mediada çıxış etməsi ictimai fikirin formalaşmasında önəmli rol oynadı. Azay Quliyev də ötən ilin aktiv deputatları sırasındadır.

Parlamentin zərif üzvləri Əminə Ağazadə, Nigar Arpadarai, Qənirə Paşayeva və Sevil Mikayılova da aktivliyi ilə cəmiyyət tərəfindən müsbət qiymət almağı bacardılar. Xanım deputatların media və sosial şəbəkələr üzərindəki fəaliyyəti onların ötən il necə işlədiklərini açıq şəkildə göstərir.

Seçicilərlə görüşlər, pandemiyanın sosial həyata təsirini önləmək üçün göstərdikləri fəaliyyət təqdirəlayiq və müsbət dəyərləndirilir.

Qənirə Paşayeva istər ötən ilin iyul hadisələrində-Ermənistanın Tovuz istiqamətində törətdiyi müharibə təxribatı zamanı, istərsə də pandemiya dövründə çox yüksək səviyyədə fəaliyyət göstərdi. Deputat bu dövrdə təkcə öz seçiciləri və sədri olduğu parlament komitəsinin səlahiyyətində olan məsələlərlə deyil, cəmiyyətin əksər aktiv təbəqələrinin problemləri ilə də məşğul olmağa vaxt tapdı.

Əminə Ağazadə pandemiya dövründə ən azı ayda bir dəfə seçildiyi ərazidə olub və seçicilərlə görüşüb. Onların sosial problemlərinin həllinə mümkün qədər kömək edib. İstər pandemiya, istərsə də müharibə və post-müharibə dövründə mediada onlarla müsahibə, açıqlama ilə çıxış edib.

Səbail rayonunu parlamentdə təmsil edən Nigar Arpadarai də istər seçicilərlə görüşlərdə, istər pandemiyanın təsirlərinin önlənilməsində, istərsə də müharibə dövründə xüsusi aktivlik göstərib. Seçicilərlə görüşləri, mediaya açıqlamaları ilə seçilib. Onun ölkə xaricində də fəaliyyəti kifayət qədər aktiv olub.

Fəzail Ağamalı, Arzu Nağıyev və Elman Nəsirov da dövrün aktiv deputatlarından olublar.

Xüsusilə mətbuat üzərindən aktiv çıxışlar edən hər üç deputat mütəmadi olaraq gündəmdə olmağı bacarıblar. Müharibə dövründə hər üç deputatın fəaliyyəti xeyli yüksək olub. İstər yerli, istərsə də xarici media ilə yüksək formada əməkdaşlıq edilib, Azərbaycanın haqq səsinın dünyaya çatdırılmasında böyük işlər görülüb. Pandemiya dövründə də seçicilərlə mütəmadi əlaqələr qurulub və onların problemlərinin həlli istiqamətində müxtəlif işlər görülüb.

Şahin Seyidzadə, Soltan Məmmədov, Ramin Məmmədov, İqbal Məmmədov, Naqif Həmzəyev, Məşhur Məmmədov və Müşfiq Məmmədli də aktivlər sırasında yer alan parlament üzvləridir.

Adıçəkilən deputatların hər biri sosial şəbəkə və media üzərindən aktiv fəaliyyət göstərənlər sırasındadır. Seçicilərlə keçirdikləri görüşlər, iştirak etdikləri yardım kampaniyaları və gündəm mövzuları ilə bağlı çıxışları onların da adına müsbət xal yazdı.

Cebhe.info Analitik Qrupu


Oxunma sayı: 17348