hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Partiya sədri: “44 günlük savaş uzun illərin hazırlığının nəticəsi idi”

Partiya sədri: “44 günlük savaş uzun illərin hazırlığının nəticəsi idi”

Azərbaycanın 44 gün ərzində qazandığı möhtəşəm qələbəsi və işğal altında olan torpaqlarımızın azad edilməsi qələbə salnaməmizin məhək daşına çevrilib.

Bu qələbə Azərbaycanı regionda deyil, bütün dünyada tanıtdı. Eyni zamanda Ermənistanın və onun lobbisinin dünyaya yaymağa çalışdığı mifləri darmadağın edildi. Formal olaraq, Paşinyan məğlub olsa da, əslində Sarksiyanla, Köçəryan və onların orduları məhv edildi. Bu Azərbaycan Ordusunun, dövlətinin və xalqının əl birliyi ilə mümkün oldu.

Eyni zamanda bu xalq - hakimiyyət birliyi son 30 ilin ən güclük birliyi kimi diqqət çəkdi. Çünki mövzu Vətən olunca türk milləti bütün fikir ayrılıqlarını və umu-küsüləri unudur.

Bütün zərbələr bir hədəfə nişanlanır. Həmin birlik bu gün də davam edir. Baxmayaraq ki, Azərbaycanın bu parlaq qələbəsinə kölgə salmaq istəyənlər və onların havadarları hər dəfə ortaya bir mənfi fikir atıb, xalqla hakimiyyət birliyini pozmağa çalışırlar. Lakin Azərbaycan elə böyük qələbə qazanıb ki, heç bir əsası olmayan kampaniya onu kölgə altına sala bilmir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib ki, Azərbaycanın bu qələbə Azərbaycanın illərlə hazırlaşdığı və bu gün dünya dərsliklərinə salınaraq öyrənilən bir qələbədir:

“Bizim bu qələbəmiz çox möhtəşəmdir və artıq bunu bütün dünya qeyd edir. Qələbəmizi hansı vasitələrlə əldə etdiyimizi dərsliklərə salırlar. Bu qələbəyə kimsə istəsə belə, kölgə sala bilməz. Bizim qələbəmizin möhtəşəmliyini ermənilərin özü belə, etiraf edirlər. Bu gün Ermənistanın daxilində yaranan böhran bizim qələbəmizin nəticəsidir. Biz Ermənistana qalib gəlməklə, onların ideologiyasını, miflərini, lobbisini və bütün dövlət sistemlərini məhv etmişik. Ona yörə də Ermənistanın daxilində şiddətli qarşıdurma yaranıb və uzun müddət də davam edəcək.

Savaşın bir görünən - aktiv hərbi əməliyyatlar dövrü var, bir də savaşdan əvvəl və sonrakı görünməyən, lakin şiddətli çəkişmələrlə davam edən dövrü var. Azərbaycan bir neçə dəfə, xüsusən də 2008, 2013, 2015, 2016 və 2018-ci illərdə də eyni savaşa girməyə hazırlaşmışdı və proseslər gedirdi. Lakin kompleks şərtlərin hamısı üst-üstə düşmürdü və hesab edirəm ki, Cənab Prezident İlham Əliyev Ali Baş Komandan kimi, gözəl zamanlama etdi və tərəfdaşları müəyyənləşdirdi. 44 günlük savaş uzun illərin hazırlığının nəticəsi idi. Həmin hazırlıq dönəmində Azərbaycanın iqtisadiyyatı, ordusu komplek şəkildə hazırlandı. Həm də milli birliyin də bu məsələdə xüsusi bir töhfəsi oldu. Bəlkə də müharibəyə qədər bir inciklik vardısa, müharibə zamanı hamı özünü əsgər kimi apardı. Bu möhtəşəm qələbədə hamının payı var. Əlbəttə, əsas işi gənclərimiz, şəhidlərimiz, qazilərimiz gördü. Xarici siyasətçilər bu qələbəni təhlil edərkən, qeyd edirlər ki, Azərbaycan xalqı və ordusu psixoloji hazırlıq baxımından, müharibədən sonra daha fərqli bir durumdadır. Azərbaycan bu qələbə ilə özünün döyüşkənliyini də sübut etmiş oldu. Bundan sonra bizə qarşı ədalətli olmayan kimsənin addım ata bilməyəcəyi mesajını da vermiş olduq. Dünya da bizimlə hesablaşdı”.

Partiya sədri hesab edir ki, Azərbaycan hökuməti bundan sonra da yarımçıq qalmış işini bitirmək üçün mövcud milli birliyi qoruyub saxlamalıdır:

“Hesab edirik ki, 44 günlük savaşın sonunda bütün səylərimizi həm davam etdirməli, həm də artırmalıyıq. Post-müharibə dövründən qalan xeyli problemlər var ki, onlar aradan qaldırılmalıdır. Ona görə də həm fədakarlıq lazımdı, həm də həmin birliyi qoruyub saxlamaq lazımdır. Çünki müharibənin aktiv hərbi əməliyyatlar mərhələsi bitsə də, indi də masada gərgin savaş gedir. Ona görə də Ali Baş Komandanın arxasında dayanmalı, bir əsgər kimi davranmalıyıq. Cənab Prezidentin son brifinqdə də verdiyi müsahibələr onu göstərdi ki, vizion tamamən bizim istədiyimiz kimidir. İstəyir orada rus dilinə olan münasibət, istərsə də statusla bağlı məsələlər cəmiyyətdə sual olaraq formalaşmışdı. Amma hesab edirəm ki, Cənab Prezident birifinqdə buna aydınlıq gətirdi. Ona görə də biz bu siyasi vizionu müdafiə edib, milli birliyi qorumalıyıq”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 914