hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Partiya sədri müxalifətin “B” planından danışdı - MÜSAHİBƏ

Partiya sədri müxalifətin “B” planından danışdı - MÜSAHİBƏ

Azərbaycan cəmiyyətində siyasi aktivlik müşahidə olunur. 

Sanki 2000-ci illərin siyasi ab-havası geri qayıdıb. Aktivlik özünü ictimai-siyasi təşkilatların fəaliyyətində qabarıq göstərir. Siyasi qüvvələr təmərküzləşir, partiyalar arasında inteqrasiya meyilləri hiss olunur. “Cümhuriyət” əməkdaşı ölkədəki son ictimai-siyasi durumla bağlı Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə söhbətləşib.

(Yazının əvvəlini buradan oxuyun)

- Ona görə də Azərbaycan hakimiyyəti təcili şəkildə parlament seçkilərinə gedib Milli Məclisin tərkibini yeniləməlidir. Mənim hesablamalarıma görə, iyul-avqust aylarında seçki olacaq. Özüm isə seçkilərdə iştirakla bağlı hələ heç bir qərara gəlməmişəm. 2005, 2010, 2015-ci il parlament, 2013, 2018-ci il prezident seçkilərində iştirak təcrübəm göstərir ki, Azərbaycanda seçki adına bir tamaşa olur. 2018-ci il prezident seçkilərində də şahidi oldum ki, tamamilə siyasi qərar qəbul edildi və hətta mən namizəd olaraq belə, qeydə alınmadım. Belə olduğu halda, seçkilərə getməyin mənasızlığı gündəmə gəlir. Seçkinin Azərbaycanda praktikaya gətirilməsi üçün mübarizə aparmaq lazımdır. Zamanımız az qalıb və müxalifət də bunun fərqindədir, amma mübarizə aparmaq istəmir. Hesab edirəm ki, Azərbaycan Xalq Hərəkatı seçki mühitinin yaranması üçün də mübarizə aparmalıdır. Seçki Məcəlləsinin dəyişdirilməsi də gündəmə gətirilməlidir. Çalışmalıyıq ki, ölkədə seçki mühiti olsun. Hər halda Azərbaycan Xalq Hərəkatında seçki sisteminin yaranması ilə bağlı da xətt tutmuşuq.  Əgər seçki mühiti olmayacaqsa, o zaman seçkilərə gedib-getməmək çox ciddi sual doğuracaq. Hakimiyyət düşünməlidir ki, Avropa Birliyi ilə saziş imzalayan bir dövlətin normal seçki sistemi olmalıdır. Əks halda, Avropa Birliyi ilə əməkdaşlıq mənasızlaşacaq və Azərbaycanın beynəlxalq imici şübhə altına düşəcək, zədə alacaq.

- Tutaq ki, seçki oldu və müxalifət gözlədiyi uğuru əldə edə bilmədi. Nə olacaq onda? Müxalifətin “B” varinatı varmı? O variant nədir?

- Hesab edirəm ki, Azərbaycan xalqı toparlansa, siyasi iradə nümayiş etdirsə, o cümlədən AXH çərçivəsində bu hakimiyyət güzəştə getməyi bacarır. Çalışmaq lazımdır ki, bu güzəştlər artsın. 

- Milli Azadlıq Hərəkatının qələbəsini şərtləndirən əsas amillərdən biri də vahid güc mərkəzi (AXC) və hamının qəbul etdiyi liderin, yəni  Elçibəyin olması idi. Eyni zamanda siyasi şərtlər və hədəflər başqa idi. İmperiyaya qarşı mübarizə, müstəqillik arzusu və s. Sizə elə gəlmir ki, AXH-nin uğursuzluğunun səbəbi həm lider problemi, həm də konkret hədəflərin olmamasıdır?

- Təbii ki, 90-cı illərin xarakteristikası düz verilib. Amma hesab edirəm ki, Azərbaycan üzərində olan təhlükə kifayət qədər realdır. Əgər indiki mənzərəni cızarıqsa, Azərbaycan ərazisinin 20 faizi nəzarətimizdən kənardır. Beynəlxalq ictimaiyyət o torpaqların təhvil verilməsini tələb edir. Madrid prinsipləri özündə Dağlıq Qarabağın ermənilərə təhvil verilməsini ehtiva edir. Üstəgəl Laçın və Kəlbəcərin müqəddəratı sual altında qalır. Avropa məkanında yeganə dövlətik ki, siyasi məhbuslarımız var. Əhalimiz bəyənmədiyimiz SSRİ dönəmindən də az əmək haqqı alır. Ölkədə normal seçkilərin keçirilməsindən danışmağın yeri yoxdur. Dövlətin təhlükəsizliyi gündəmdədir. Belə halda, Azərbaycan Xalq Hərəkatının yaranmasını zəruri edən şərtlər 90-cı illərdən geri qalmır. Hesab edirəm ki, 90-cı illərin vahid hərəkat faktorunu xalq müəyyən etmişdi. Bu vaxta qədər olan formullar, ortada olan partiyalar, onların bilikləri, yaratdığı təsisatların heç biri xalqın tələblərinə, etimadına uyğun olmayıb. Biz isə yeni formullar axtarışındayıq. Hələ heç kim iddia edə bilməz ki, Azərbaycan Xalq Hərəkatı qarşısına qoyduğu məqsədlərə yetişə bilməz. Bu yanlış iddia olar. Hesab edirik ki, ölkənin yeni bir siyasi hərəkata ehtiyacı var. Bunun üçün bütün daxili və xarici faktorlar mövcuddur. Qalır bircə subyektiv faktorlar. Yəni orada olan partiyaların  birləşməsi və seçəcəkləri strategiya.Bunun üçün də müəyyən zamana ehtiyac var. Bu iddiadayıq ki, Azərbaycan Xalq Hərəkatı tamamilə yeni keyfiyyətdə siyasi güc mərkəzi formalaşdıra bilər. Alınıb-alınmayacağına isə sonra qiymət verərik.

- Mitinqlərə ikili yanaşma var. Bəziləri hesab edir ki, mitinq siyasi qüvvələrin səhnədə olduğunun göstəricisidir. Bəziləri isə düşünür ki, dinc mübarizə, məsələn, imzatoplama ilə hakimiyyəti islahatlara məcbur etmək olar. Siz necə düşünürsüz?

- Fikrimcə, mitinq siyasi mübarizə üsullarından biridir. Azərbaycan praktikası üçün seçkidən sonra ən təsirli vasitədir. Mitinq konstitusion hüquqdur və bunu heç halda məhdudlaşdırmaq olmaz. Hakimiyyətin bir məmurunun istəyi ilə bu hüquq məhdulaşdırıla bilməz. İnsanlara mövqelərini ifadə etmək üçün şərait yaradılmalıdır. “İnsanlara narahatlıq yaradır” bəhanəsi ilə mitinqlərə son verilə bilməz. Paytaxt nəqliyyatında yaranan problemlər göstərdi ki, ən böyük narahatlığı “Formula 1” kimi tədbirlər yaradır. 

“Müxalifət daxilində naqislər var”

- Bəs, müxalifətdə olanlar niyə bir-birini hakimiyyətlə əməkdaşlıqda ittiham edir. Siyasi qüvvələrin bir-birini bu cür “yıpratmağa” nə lüzum var? Kimisə sıradan çıxarmaqla uğur qazanmaq mümkündürmü? 

- Müxalifətin daxilində çox ciddi naqislər var. Partiya sədri kimi fəaliyyət müddətim 14 ildir. Bu 14 ildə aldığım zərbələrin, üzləşdiyim təzyiqlərin əksəriyyəti müxalifət tərəfdən olub. İqtidardan o qədər təzyiq görməmişəm, amma müxalifətdə olan səngər yoldaşlarım mənə zərbələr vurublar. Sadəcə olaraq, bunların üzərində dayanmaq istəmirəm. Hesab edirəm ki, bu yanlış yanaşmadır. Çünki rəqabətdə güclü olmağı bacarmaq lazımdır. 

Əgər bir insanla siyasi rəqabətdə, reputasiyada ayaqlaşa bilmirsənsə, günahı onda yox, özündə axtarmalısan. Hər kəs başa düşməlidir ki, kimsə kiminsə qarşısını ala bilməz, sadəcə, mərdiməzarlığa cəhd edə bilər. Mərdiməzarlıq da Allahın bəyənmədiyi keyfiyyətlərdəndir. Allah-Təala deyir ki, iki halda gülürəm: qaldırmaq istədiyimi bəndə endirmək, endirmək istədiyimi isə qaldırmaq istəyəndə. Yəni, hər şey Allahın istəyi ilə baş tutur. Allah qullarının bu işə baş vurması bihudə fəaliyyətdir. Hesab edirəm ki, o adamlar özləri üçün islah, tövbə yolu tutsalar, daha yaxşı olar. Bu hakimiyyətin belə güclü hala gəlməsində, bu xalqın dizinin yerə dəyməsində müxalifətçilərimizin də kifayət qədər rolu var. Bu haqda danışmaq istəmirəm, amma məcbur etsələr, onu da incələyə bilərəm. Bu, bir az psixiatrik məsələdir. Mənim tibb təhsilim var, ona görə məlumatlıyam. Psixiatrigiya deyir ki, insan özünün aldığı travmalar, yaşadığı naqisliklər beyində təhtəlşüur səviyyəsində iz buraxır. Yəni, narkoman çalışır ki, onun ətrafında olanların hamısı narkoman olsun. Vərəm xəstələri çalışır ki, ətrafdakılar vərəmə yoluxsun. Hətta valideynin öz övladını yoluxdurması halları da praktikada rast gəlinib. Pis yolun yolçusu istəyir ki, ətrafındakılar da pis yola düşsün. Bu bir təhtəlşüur məsələsidir. İnsanlar özləri əxlaq baxımından nə qədər pozğun olurlarsa, çalışırlar ki, ətradakıları da o cür görsünlər. İnsan özü təhtəlşüurunda heç kim bilməsə də, özü kim olduğunu bilir. Özü satqındırsa, pis işlərlə məşğuldursa, əxlaq pozğunudursa, elə bilir ki, hər kəs elədir. Özü zamanında gedib qapı dalında kimlərləsə sövdələşib, bu xalqın maraqlarını satıbsa, ya istəyir hamı o yolda olsun, ya da hamını o yolda görür. Qarşılıqlı ittihamlar buradan irəli gəlir. Bir səbəbi rəqabətdə uduzduqları üçün başqasına çirkab atmasıdır, ikincisi isə aldıqları psixiatrik  travmadır. Psixoloji travma aradan qalxa bilir, psixiatrik travma isə dərin iz buraxır, onun aradan qalxması çox mürəkkəb məsələdir. Bu insanlarda fobiya halı yaradır. Bu da şizofreniyanın bir formasıdır. Ona görə də vaxtilə gördükləri işin pis olduğunu bildikləri üçün çalışırlar ki, başqaları da o yola düşsün. Ən azından, o formada insanlara təqdim etməyə çalışırlar. Dəlil lazımdır. Kiminsə satqın, hakimiyyətin əlaltısı olmasını demək üçün əlində faktlar olmalıdır. Məsələn, açıq şəkildə deyə bilərəm ki, insan hakimiyyətlə sövdələşərək mandat alıb parlamentdə oturub. 2000-ci il seçkilərində 4500 məntəqədən 3 mindən çoxunun seçki protokolunu görmüşəm. Proporsional seçki üzrə dəqiq bilirəm ki, hansı partiya nə qədər səs toplamışdı. Bunun qarşısında gedib mandat alıb parlamentdə oturmaq xalqın maraqlarını satmaqdan başqa bir şey deyil. Bu açıq aşkar dəlildir. Digər tərəfdən, insanın malik olduğu maddi imkanlar da dəlil sübutdur. Əgər sən işləmirsənsə, amma başqa dövlətdə böyük biznesin varsa, bu, dolayısı ilə sübut edir ki, sən pis əməllərdə olmusan, nəyisə satmısan. Bunları indi müxalifət daxilində təftiş etmək doğru olmaz. Zamanı gələr bu məsələlərə də qiymət verilər.

- Hakimiyyətin hansı addımları sizi qane etmir? Niyə bu hakimiyyətin dəyişməsini istəyirsiz? 

- Bunu saatlarla saya bilərəm. Əksini sual versəz ki, niyə bu hakimiyyət qalmalıdır, ona daha asan cavab verərdim. 

- İslahatlar sizi qane edirmi?

- Ölkədə heç bir islahat yoxdur.

“Azərbaycanda Zelenskidən qabiliyyətli insanlar var”

- Hakimiyyət iddia edir ki, onun güclü komandası və bacarıqlı məmurları var. Müxalifətin kadr potensialı da varmı?

- Siz hakimiyyətin güclü komandasını və potensialını əyani sürətdə görmək üçün bu gün yeganə müqayisə imkanı olan debatlardır. Canlı yayım debatlarında hakimiyyət nümayəndələri bizə müqavimət göstərə bilmir.Müxalifətin kadr potensialının yüksək olduğunu desəm, yanlış anlaşılar. Təbii ki, müxalifətin kadr potensialının yüksək olduğunu həmin debatlarda nümayiş etdirə bilərəm. Ancaq bunu əyani sürətdə isbat etmək üçün şərait yaradılmalıdır. O şərait də seçkilər vasitəsilə ola bilər. Ölkədə normal seçki keçirilməlidir ki, kimin hansı gücə sahib olduğu ortaya çıxsın. Ukraynada xalq bir aktyora səs verib. Yəni, Azərbaycanda aktyordan qat-qat qabiliyyətli insanlar var ki, hakimiyyəti istənilən rəqabətli seçkidə uda bilərlər. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 4347