hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Partiya sədrlərindən Operativ Qərargaha reaksiya: “Çölə çıxmayın”, “Adamın bir pasportu olar”, “Məcburi olsun” - BİZİM SORĞU

Partiya sədrlərindən Operativ Qərargaha reaksiya: “Çölə çıxmayın”, “Adamın bir pasportu olar”, “Məcburi olsun” - BİZİM SORĞU

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərində dəyişikliklər edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən:

dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:

-mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

-mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

Bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin işçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının olması tələb olunan iş və xidmət sahələrinin siyahısı əlavə edilib.

Eyni zamanda, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu olmalıdır.
Bununla yanaşı, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində.

Qəbul edilən qərarlar cəmiyyətdə suallar doğurur. Bəziləri verilən qərarların bir-birinə zidd olduğunu, digər bir qrup isə qərarları yerində verildiyini deyir.

Bəs Azərbaycanda olan partiya sədrləri verilən qərarlarla bağlı nə düşünürlər?

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Cebhe.info-ya peyvəndləşmə qurtarandan sonra mövcud digər qadağaların götürüləcəyini deyib:

“Operativ Qərargahın verdiyi qərar dünyada digər ölkələrin təcrübəsindən yararlanmaq adlanır. Xarici mətbuatda da izləyirəm ki, müxtəlif ölkələrdə peyvəndləşmə məcburiyyətə çevrilib. Səbəb də budur ki, insanlar könüllü şəkildə peyvənd olunmaq istəmir. Onun üçün də Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, hər kəs peyvənd olunsun. Mən əvvəllər də bunu demişdim ki, bütün dünyada peyvəndləşmə məcburiyyətə çevriləcək.

Bunun qarşısını almaq da mümkün deyil. İndi mən desəm ki, insanların azadlıq hüququnu pozmayın, könüllülük prinsipi olmalıdır, onda o biri tərəfdən deyiləcək ki, bu şəxslər peyvənd olunmayan insanların hüquqlarını pozub onları yoluxdurur. Bu baxımdan qərara əməl etmək lazımdır. Mənə belə gəlir ki, peyvəndləşmə qurtarandan sonra mövcud digər qadağalar götürüləcək. Mənə həmişə narahat idim ki, peyvəndləşmənin zəif olmasını əsas gətirib yenidən sərt karantinə gedə bilərlər. Bu da insanların evlərinə çörək pulu aparmasını çətinləşdirəcək. Bu baxımdan peyvəndləşmənin məcburi olması dünyada olan trendə cavabdır. Vətəndaşlar peyvənd olunsunlar və bunun nəticəsində toya gedəndə, təyyarəyə minəndə çətinlik çəkməsinlər”.

Müsavat partiyasının sədri Arif Hacılı bildirib ki, bu qərarlara görə insanların hüquqları pozulur:

“Əslində koronavirusa qarşı mübarizə aparılmalıdır. Bu virus dəhşətli bir bəladır. Azərbaycanda çox təəssüf ki, bu virusun qurbanlarının sayı 5 mini keçib. Ancaq sistemsiz fəaliyyət aparılır. Bir çox hallarda pandemiya dönəmindən cəmiyyətin maraqlarına qarşı istifadə olunub. Əslində pozuntu daha əvvəldən həyata keçirməyə başlanıb. İlk dəfə toy məclislərinə getmək üçün insanlardan COVID pasportu tələb olundu. Bu da peyvəndin məcburi olmaması prinsipiylə ziddiyət təşkil edir. Pandemiyadan istifadə edərək insanların yas və toy mərasimlərində iştirakına maneə törədilir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, peyvənd əvəzinə insanlar şəxsi gigiyena tədbirlərinə riayət etməlidir:

“Vətəndaşların hüquqları - sərbəst hərəkət, əmək və başqa hüquqları pozulmamalıdır. Peyvənd pasportunu əldə tutub insanların konstitusiya hüquqları pozulması yolverilməzdir. Sadəcə vətəndaşın həmin yerlərə daxil olarkən ciddi şəkildə şəxsi gigiyena tədbirlərinə riayət etmələrinə nəzarət edilməlidir. Onsuz da peyvəndlə bağlı alimlərin belə birmənalı fikirləri yoxdur. Dünya ölkələrində də bir fikir yoxdur. Bu peyvəndlər insanları xəstəlikdən qorumur. Vurdursan da, vurdurmasan da yoluxursan. İkincisi, peyvəndin əks təsirləri ola bilər. Vətəndaşların sağlamlıq hüquqları var. Düşünürəm ki, peyvənd pasportu istəməkdənsə, şəxsi gigiyena tədbirlərinə nəzarət gücləndirilməlidir”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə peyvənd olunmayan şəxsləri çölə çıxmamağı məsləhət görüb:

“Bu qərar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilib. Yeni virus ştammları daha yoluxucudur və pandemiyanın genişlənməsinə qarşı bu tövsiyələrin arxasında məhz yeni təhlükələr durur. Təkcə söhbət məcburi peyvənd olunmaqdan getmir. İctimai yerlərə çıxırsınızsa və təhlükəni nəzərə alıb peyvənd olunmursunuzsa, çölə çıxmayın, belə yerlərə getməyin. Bu virusun genişlənməsinə və virusun yayılmasına xidmət edəcək. Bu qərar doğru qərardır. Sərbəst gəzmək istəyirsinizsə, özünüzü və yaxınlarınızı qorumaq məcburiyyətindəsiniz. Peyvənd olunmursunuza, qapanmalı və ictimai yerlərə getməməlisiniz”.

AG Partiyanın sədri Tural Abbaslıya görə, özünə hörmət edən dövlət qurumu belə qərarlar verməz:

“Peyvəndləmənin könüllü olduğunu bəyan etdikdən sonra ilk olaraq idman zallarına və məscidlərə girişdə COVİD pasportu tələb olunmağa başladı. Biz o zaman dedik ki, heç bir özünə hörmət edən dövlət qurumu belə qərarlar verməz. Ya könüllülük prinsipini aradan qaldırmaq lazımdır, ya da insanların seçimlərinə hörmətlə yanaşsınlar. Buna riayət olunmur. Digər Avropa dövlətlərindən kopyalama siyasəti aparılır. Operativ Qərargah elmi araşdırma və izahatı olmadan belə qərarlar qəbul edir. Avropada bu qərarlar çox səs gətirə bilir, insanlar çıxıb küçələrə etiraz edir. Ona görə də Avropa ölkələri bu cür qərarları addım-addım qəbul edir.

Mənim təklifim odur ki, belə olacaqsa, birdəfəlik peyvəndlənmə məcburi qaydada və müəyyən qrafik əsasında aparılsın. İndi peyvəndləmənin də təbliğatını düzgün aparmadıqlarına görə insanlar bir çox hallarda kağız alır və sistemi aldadırlar. Operativ Qərargah Azərbaycana xas və Azərbaycan insanıınn düşüncəsinə uyğun qərarlar verməlidir”.

Gələcək Azərbaycan Partiyası (GAP) sədri Ağasif Şakiroğlunun sözlərinə görə, Operativ Qərargah “qaşınmayan yerdən qan çıxarır”:

“Operativ Qərargahın verdiyi qərarlar ilk gündən yalnışdır. İnsanları narazı salmağa çalışırlar. Bir məsəl var, deyirlər, qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Verdikləri qərarlar heç bir statistikaya təsir etməyib, əksinə insanları tıncıxdırıblar. Reallıqları demək lazımdır. Bakıda futbol çempionatı keçiriləndə statistika aşağı düşmüşdü, indi isə qalxır. İndi Operativ Qərargah lazımsız qərarlar qəbul edir. Peyvəndləmə insan hüquqlarının pozulması ilə nəticələnməməlidir. İnsanlar könüllü surətdə peyvənd olunmalıdır. Hörmətli Operativ Qərargah, mənim canımı məndən çox heç kim istəyə bilməz. Əgər mən peyvənd olunmağı öz hüququm hesab edirəmsə və lazım bilirəmsə, bunu etdirəcəyəm.

Yox, görsəm ki, lazım deyil, peyvənd vurdurmayacam. Məcburiyyətdən kafe və restorana gedəndə pasport yoxlamaq lazım deyil. İnsanın bir pasportu olar, oda onun şəxsiyyət vəsiqəsidir. Başa düşmürəm ki, mən harasa gedəndə mənim nəyimi yoxlayacaqlar? Kimsə zəmanət verir ki, peyvənd olunan şəxs virusa yoluxmayacaq? Heç kimsə bununla bağlı zəmanət vermir. Əgər zəmanət olsa, insan onda vurdurmasa, deyərdim ki, insanlarımız canını çox istəmir. Axı peyvənd olunan şəxs virusa yoluxa bilər. Kim istəyirsə, getsin vurdursun. Harasa gedəndə COVİD pasportunun yoxlanılması Konstitusiyaya ziddir”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə qəbul edilən qərarları tam dəstəkləyir:

“Mən qəbul edilən qərarı tamamilə dəstəkləyirəm. Çünki koronavirus dəhşətli xəstəlikdir. Bu xəstəliyə qarşı hər kəs səfərbər olmalıdır. Ona görə də məcburi peyvəndləməyə də keçmək lazımdır”.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 6568