hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Partiyaların “taclı virusla” mübarizə təklifləri - Kimin təklifi qəbul edilib, kim gözləyir? - SORĞU

Partiyaların “taclı virusla” mübarizə təklifləri - Kimin təklifi qəbul edilib, kim gözləyir? - SORĞU

Bütün dünyanı gərginlikdə saxlayan, çoxsaylı insan itkisinə və iqtisadi böhrana səbəb olan koronavirus pandemiyasının miqyası hər gün böyüyür.

Xəstələrin sayı durmadan artır, itkilər çoxalır. Virusun yayılmasını dayandıra biləcək peyvənd isəhələ yoxdur. Mütəxəssislərin dediyinə görə, bu xəstəliyin yayılma və müalicə prosesi uzun sürəcək.

Bu durumda cəmiyyət olaraq xəstəliklə mübarizə tədbirlərinə dəstək məqsədilə ümümxalq təkliflərinin irəli sürülməsi vacibdir. Bu qəbildən siyasi cameə də prosesdən kənarda qala bilməz.

Maraqldır, ölkədə fəaliyyət göstərən hansı siyasi partiya koronavirusla mübarizə tədbirlərinə dəstək məqsədilə təkliflər paketi hazırlayıb?

Cebhe.info bununla bağlı partiyalar arasında sorğu keçirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat katibi Vüsal Qarayev:

“Bu gün koronavirusla mübarizədə əsas problemlərdən biri işə mütəxəssislərdən çox siyasətçilərin, məmurların, qeyri -peşə sahiblərinin cəlb edilməsidir. Ona görə də irəliləyə bilmirik, yerimizdə sayırıq. Nazirlər Kabineti yanında Operativ Qərargahın tərkibinə nəzər salın, haqlı olduğumu görəcəksiniz. Partiya olaraq biz də bu fikirdəyik. Sədrimiz, millət vəkili Razi Nurullayev bu mövzuyla bağlı bir neçə dəfə fikir bildirib. Qeyd edib ki, siyasətçilər siyasətlə, həkimlər də virusla məşğul olsunlar. Qoy virusla bağlı təklifləri bu işin biliciləri, mütəxəssisləri, peşəkarları, virusoloqlar, həkimlər versinlər. Siyasi partiyalar isə işin təbliğat-təşviqat tərəfiylə məşğul olsunlar. Məsələn, biz partiya olaraq daim insanları təhlükəsizlik qaydalarına riayət etməyə, özlərini, yaxınlarını qorumağa çağırırıq. Amma bu gün virusla bağlı hansısa təklif verməyimiz bir az populizm kimi çıxar, yəni təklif vermək xətrinə təklif vermək olar. Bu baxımdan, partiyamız bu məsələylə bağlı hökumətə təklif verməyib. Lakin Razi Nurullayev istər parlamentin iclaslarında, istər mediada məsələylə bağlı kifayət qədər çıxışlar edir, fikirlərini səsləndirir, çatışmazlıqları dilə gətirir, vətəndaşın qayğılarını aidiyyatı yerlərə çatdırır”.

Müsavat Partiyasının başqanı Arif Hacılı:

“Biz mart ayında bu məsələ ilə bağlı konkret təkliflər paketini ictimaiyyətə və hakimiyyətə təqdim etmişik. Sonrakı mərhələlərdə də zaman-zaman bu məsələlərlə bağlıMüsavat partiyasının strukturları və rəhbər şəxsləri tərəfindən təkliflər verilib. Koronavirusla mübarizə ilə bağlı irəli sürdüyümüz təkliflər paketindəki bir sıra məsələlər həyata keçirilib. Amma həyata keçirilməyən məsələlər pandemiyanın artmasına səbəb olub. Məsələn, İran-Azərbaycan sərhədinin bağlanmasını təklif etdiyimizdən xeyli sonra sərhəd bağlandı. Karantin rejimini təklif etdiyimizdən xeyli sonra bu tədbirlər həm də bir qədər xaotik şəkildə həyata keçirildi. Eyni zamanda, vətəndaşların evdə qalmasına yalnız məcburi tədbirlərlə yox, onların maddi təminatını həll etmək, vətəndaşlara sosial yardım etmək yolu ilə nail olmaq konsepsiyasını irəli sürmüşdük ki, bu konsepsiyaqəbul edilmədi.Yalnız administrativ üsullarla vətəndaşların evdə qalmasına nail olmağa çalışıldı və bu gün də bu proses davam edir. Həm pandemiya dönəminin sonrakı mərhələlərində, həm də post-pandemiya dönəmində ölkədə yarana biləcək iqtisadi durğunluğun qarşısını almaq üçün bir sıra tədbirlər təklif etmişdik. İlk növbədə orta və xırda biznesə yardım eilməsi, fərdi biznes sahələrinin vergilərdən azad edilməsini və bu tipli təkliflərimiz var idi”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:

“Zaman-zaman çıxışlarımda bildirmişəm ki, Azərbaycanda koronavirusla mübarizə üçün yalnız polis postları qurmaq lazım deyil. Bununla yanaşı, orada sanitar təminat və temperatur yoxlanışları həyata keçirilməldir. İnsanların dezinfeksiyaedici maddələrdən istifadəsi təmin edilməlidir. Həmçinin, bu marketlərdə, böyük ticarət mərkəzlərində də həyata keçirilsin. Bundan əlavə, marketlərdə də temperatur yoxlanılsın və ərzaq yığılması üçün istifadə edilən əl arabaları mütəmadi dezinfeksiya edilsin. Şəhərdə sosial məsafəni pozan və maskasız gəzən insanlara patrullar nəzarət etsin. Elə hesab edirəm ki, hökumət dediklərimizi edib. Son vaxtlar supermarketlərin girişində şəxslər dayanıb və əllərində temperatirölçənlə, dezinfeksiyaedici məhlul var. Hökumət də bunu qəbul edib. İqtisadiyyatda “ziyanlı hədd” deyilən bir anlayış var. Yüksək dağ şəraitində, temperaturda, dərinlikdə işləyən insanlar digərlərinə nidbətən 3 qat əməkhaqqı alır. Bu, bütün dünyada qəbul edilmiş əməyin dəyərinin nəzərə alınması ilə bağlı bir qaydadır. Bu baxımdan, təhlükəli infeksiya ilə işləyən insanların da həyatı təhlükədə olduğu üçün adi əməkhaqqı almamalıdırlar. Bu təkliflə də çıxış etmişik”.

AĞ Partiya başqanı Tural Abbaslı:

“Xüsusi təklif paketində və ya formatinda hökumətə heç bir təklifimiz olmayıb. Çünki bu formada təklifləri məqbul hesab etmirik. Amma dönəm-dönəm atılan addımlar və ya görülməli olan işlərlə bağlı öz təkliflərimizi vermişik. Təbii ki, hakimiyyət tərəfindən təklif gələrsə ki, müxalifət öz təkliflərini irəli sürsün, bizim də həm iqtisadi, həm siyasi təkliflərimizi olacaq. Belə görünür ki, hakimiyyət iqtisadi tərəfləri həll edir, amma siyasi tərəfləri unudur. Bu da ümumi prosesə ziyan olur. Əlbəttə ki, bütün dünyada koronavirusdan qorunmaq üçün insanların evdən çıxmaması qəbul olunub. Bu zaman insanları iqtisadi ehtiyacları ödənməlidir ki, onlar evdə qala bilsin. Ən ümdə tələb və təklifimiz o olardı ki, insanların evdə qalması üçün lazımi şəriat yaradılsın. Onların kommunal xərclərindən tutmuş digər xərclərinin ödənilməsi, banklardakı və kirayə verənlərin qarşısındakı öhdəliklər yüngülləşdirilməlidir. İnsanın evdə aç övladları, borcu varsa, yaxud illərlə qurduğu işi batırsa, o, evdən çıxacaq. Buna polis gücü ilə nəzarət etmək mümkün deyil. Faktiki olaraq bu, sübut olundu. İlk növbədə “evdəqal” kampaniyasının iqtisadi tərəflərinin təmin edilməsidir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə:

“Biz ilk olaraq fevral ayında hökumətə təkliflər paketini təqdim etmişik. Daha sonra ikinci təkliflər paketi hazırlayıb təqdim etdik. Belə şəraitdə Azərbaycan Ümid Partiyası bütün siyasi qüvvələrə müraciət edib, ölkədə sabitliyin qorunması və problemdən çıxış yolunun birgə tapılması üçün genişşaxəli əməkdaşlığa ehtiyac olduğunu bəyan edərək, hamını – iqtidarı və müxalifəti birgə fəaliyyətə, çıxış yolunu aramağa, xalqın və dövlətin ziyan görməməsi üçün ortaq əməkdaşlığa çağırıb. Vacib bildiyimiz bir sıra məqamları isə qısa proqram şəklində hökümətə çatdırmışıq. Təkliflər bundan ibarətdir: Sosial sahədə 1. Elektrik enerjisinə tətbiq olunan limit karantin müddətində ləğv edilsin, elektrik enerjisinin qiyməti 50% ucuzlaşdırılsın; 2. Qaz istehlakçılarına tətbiq olunan limit karantin müddətində ləğv edilsin, qiymətlər 50% ucuzlaşdırılsın; 3. Kommunal xidmətlərin ödənişlərində 30% – lik güzəşt tətbiq olunsun; 4. Yerli icra hakimiyyəti orqanları ərazidə yaşayan aztəminatlı ailələri dərhal müəyyən etsin və karantin müddətində dövlət onlara 50 manat miqdarında aylıq çörək pulu versin; 5. Fəaliyyəti məhdudlaşdırılmış və ya müvəqqəti dayandırılmış müəssisələrdə (özəl və dövlət) əvvəlki səviyyədə maaşlar saxlanılsın; 6. Bakı şəhərinə gediş-gəliş məhdudlaşdırıldığı üçün rayonlarda fəaliyyət göstərən taksi və avtobus sürücülərinə (lisenziya almış) kompensasiya təyin edilsin; 7. Xidmət sektorunda çalışan işçilərin (restoran, bar, kafe, çayxana,mərasim və şadlıq evləri və s.) əmək haqlarının saxlanılması üçün karantin müddətində aşağıdakı tədbirlər həyata keçirilsin; – İcarə əsasında (dövlət, bələdiyyə və özəl) fəaliyyət göstərən iaşə obyektlərinin aylıq icarə haqqı (müqavilə və vergi ödənişi əsasında) dövlət tərəfindən qarşılansın; – Vergi ödənişi rüb ərzində təxirə salınsın, vahid tarif müəyyən olunaraq, o verginin qrafik əsasında növbəti rüblərdə ödənişi təmin edilsin; – Karantin müddətində işçilərdən tutulan vergilər ləğv olunsun. 8. Dövlət xəstəxanalarında çalışanlara karantin dövründə müvəqqəti əmək haqqı müəyyən olunsun; 9. Özəl xəstəxanalara 30 % - lik vergi güzəştləri tətbiq edilsin, bunun müqabilində özəl xəstəxanalar bütün qiymətləri hər növ xəstə üçün 30 % aşağı salsın; 10. Tələbələrə təqaüdlərin verilməsi dayandırılmasın, ödənişli əsaslarla təhsil alan tələbələrə güzəştli limitlər müəyyən olunsun; 11. Qaçqın və məcburi köçkünlərin çörək pullarında artımlar müəyyən edilsin. Bank və maliyyə sektoru üzrə:1.Kreditlərin faizləri və ödənilməsi karantin müddətində dayandırılsın; 2. Ölkəyə mal idxal edən fiziki və hüquqi şəxslərdən başqa digərlərinə valyuta satışı maksimum məhdudlaşdırılsın; 3. Xaricə köçürülən pullar yalnız nağdsız ödənişlə həyata keçirilsin; 4. İdxal əməliyyatları həyata keçirən şirkətlər vahid məzənnə üzrə valyuta konvertasiyası həyata keçirə bilməklə, digərləri üçün üzən manat məzənnəsi tətbiq olunsun; 5. Qara bazarın formalaşmasının qarşısının alınması üçün hüquq-mühafizə orqanları ciddi iş rejiminə keçsinlər; 6. İri həcmdə kreditlərin verilməsi (manat və ya xarici valyuta iə) dayandırılsın. Kənd təsərrüfatı sahəsi üzrə: 1. Yaz əkini dövrünün olması xüsusi nəzərə alınaraq, iri və xırda fermerlərin maliyyə sıxıntısı çəkməməsi üçün xüsusi qeydiyyata alınmaqla məhsul yığımında geri ödənilməsi şərtilə fermerlərə faizsiz ödəmə xətti açılsın; 2. Ənənəvi ixrac ölkələri ilə danışıqlar apararaq, yükdaşımalara məhdudiyyət qoyulmamasına nail olunsun; 3. Kəndli-fermer təsərrüfatlarının əkindən geri qalmaması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilsin; Maşın-mexanizmlərlə mərkəzləşdirilmiş təminat, gübrə məhsullarının gecikdirilməməsi, eləcə də qiymətlərdə güzəştlərin tətbiqi təmin edilsin”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2201