t Partiyaların seçki prosesi: Kim razı, kim narazıdır?
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Partiyaların seçki prosesi: Kim razı, kim narazıdır?

Partiyaların seçki prosesi: Kim razı, kim narazıdır?

Rəsmi olaraq 20 siyasi partiyanın qatıldığı növbədənkənar parlament seçkilərində ilkin mərhələ başa çatıb. 

Yanvarın 17-ə qədər namizədlərin qeydə alınması məsələsinə baxılacaq və sonra seçkiqabağı təşviqat kampaniyasına start veriləcək. Qeyd edək ki, növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. 

Qeyd edək ki, Milli Məclisə növbədənkənar parlament seçkilərində  aktivlik müşahidə olunur. Bunu namizədlərin və seçkidə iştirak edən partiyaların sayında da görmək mümkündür. 

Maraqlıdır, partiyalar seçkinin ilkin mərhələsindən və namizədlərin qeydiyyat prosesindən razıdırmı? 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında seçkinin ilkin mərhələsindən razı qaldıqlarını bildirib:

“Seçkidə ümumi olaraq  4 namizədlə iştirak edirik. Onlardan ikisi, sədrimiz Razi Nurullayev və sədr müavini Ehtiram Mehtiyevin namizədliyi artıq qeydiyyata alınıb. Namizədlərimiz hələki bu prosesdə bir mane ilə qarşılaşmayıb. Hər şey qaydasında gedir. Ümid edirik seçki günü də belə olacaq. Bütün gücümüzlə seçkidə müsbət nəticə əldə etmək üçün çalışırıq”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə ilkin prosesdən razı qalmadığını deyib. S.Cəlaloğlu bununla yanaşı, seçkidə nəticə əldə edəcəklərinə də ümidlidir:

“Namizədlərin qeydiyyatı prosesindən bir o qədər də razı qalmadıq. Çünki bəzi təsadüflər üzündən bizim ən güclü namizədlərdən biri qeydiyyatdan keçmədi. Partiyanın bir sıra məsələlərinə başı qarışdığı üçün lazım olan sənədləri toplamağa vaxtı çatmadı. Bzi üzvlərimizə müəyyən məsələlərdə maneçilik törətdilər, qeydiyyat məsələsini 5-6 gün gecikdirdilər. Amma faktiki olaraq imzatoplama kampaniyasını başa çatdıran namizədlərimiz sənədlərini təqdim edib və artıq bir neçəsi də qeydə alınıb. Yəqin ki, yaxın günlərdə qalan namizədlərimizin də qeydiyyat məsələsinə baxılacaq. Hər halda düşünürəm ki, ilkin mərhələ müvəffəqiyyətlə keçdi. İndiki şərtlər daxilində bundan artıq naliyyət əldə edə bilməzdik. Partiyanın maliyyə imkanları həddindən artıq azdır. Ölkədə demokratik seçki əhval-ruhiyyəsi o dərəcə hiss olunmur. Vətəndaşlarda seçki fəallığı sıfır səviyyəsindədir. Bu şərtlər altında seçkiyə gedən partiyanın naliyyəti yüksək olmamalıdır. Reallıqda da bu cürdür. Ümumi olaraq 25 namizəd irəli sürmüşdük. Onun bir neçəsi eyni dairədən digər müxalif partiyaların namizədi olduğu üçün seçkidə iştirakdan imtina etdilər. Qalan namizədlərdən ikisi qeydiyyata alınmayıb. Digərləri isə sənədlərini təqdim edib və qeydiyyata alınmasını gözləyirlər”. 

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü  Əli Orucov isə ümumi prosesdən narazı olsa da, namizədlərinin fəaliyyətindən razı qaldıqlarını bildirib:

 

“Partiyanın seçkilərdə verdiyi namizədlər prosesi yaxşı apardı. İşlərini çox yaxşı qurmuşdular. Amma çox təəssüflər olsun ki, hakimiyyət əvvəlki xarakterindən əl çəkmədi. Bir sıra namizədlərimizə çox ciddi təzyiqlər göstərildi. Ona görə də həmin namizədlər geri çəkilmək məcburiyyətində qaldı. Təbii ki, bu cür hallar bizim seçkilərə inamımızı zədələyir. Onsuz da ölkədə seçki mühiti hiss olunmur. İnsanların seçkiyə inamı yüksək səviyyədə deyil. Digər tərəfdən də bu cür davranış sərgilənməsi siyasi qüvvələrin, o cümlədən də AMİP-in seçkiyə olan ümidlərini aşağı salır. Hər halda, ümid edək ki, bu cür davranışlardan əl çəkiləcək. Hökumət ölkədə həqiqətən də elan etdiyi siyasi islahatlara gedəcək. Əks halda, heç nə dəyişməyəcək”.

Ağ Partiyanın (Vahid Azərbaycan Partiyası) sədri Tural Abbaslı da partiyasının seçki fəaliyyətindən razıdır:

“Məncə seçkinin ilkin mərhələsini də bir neçə mərhələyə bölmək olar. Belə ki, partiya kimi səlahiyyətli nümayəndələrin irəli sürülməsi və qeydiyyatı, DSK-lara sənədlərin təqdimi, banklarda xüsusi seçki hesablarının açılması,  imza vərəqələrinin təhvil alınması, imza vərəqələrinin doldurularaq digər sənədlərlə birgə DSK-lara təqdimi və yekunda namizədin qeydə alınması. Bu sadaladığım mərhələlərin demək olar ki, hər birində müxtəlif dərəcəli süni yaradılan problemlərlə üzləşmişik. Hətta bəzən MSK-ya belə şikayərlərlə müraciət etmişik. Yəni deməzdim ki, hər şey qanunla nəzərdə tutulan formada həyata keçdi. Ancaq şükürlər olsun ki, bu əngəlləri Ağ Partiya olaraq keçdik. Məhz namizədlərin qeydə alınması mərhələsindən hələlik şikayətimiz yoxdur. Hələlik irəli sürdüyümüz namizədlərdən 5 nəfəri rəsmi şəkildə qeydə alınıb. Digərlərinin qərarlarını da yaxın günlərdə gözləyirik. Hələlik heç bir üzvümüzün  namizədliyi DSK-lar tərəfindən rədd edilməyib. Ümid etmək istəyirəm ki, bu sona qədər belə olacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2212