hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Partruşevin gizli mesajı: “Dəniz müharibəsi baş verə bilər” - RƏY

Partruşevin gizli mesajı: “Dəniz müharibəsi baş verə bilər” - RƏY

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Donbasda baş verənlərə münasibət bildirib. O, belə hesab edir ki, orada vəziyyətin kəskinləşməsi Ukraynadakı ciddi daxili problemlərin nəticəsidir və Kiyev də bununla əhalinin diqqətini yayındırmağa çalışır.

Onun sözlərinə görə, Rusiya Donbasdakı münaqişəyə qarışmağı planlaşdırmır, amma vəziyyəti diqqətlə izləyir: “Vəziyyəti yaxından izləyirik. Hadisələrin inkişafından asılı olaraq konkret tədbirlər görəcəyik”.

Lakin Patruşev “tədbirlər görəcəyik” deyərkən nəyi nəzərdə tutduğunu açıqlamayıb. Hazırda Rusiyanın Ukraynanın şərq sərhədlərinə və Krım yarımadasına güclü silahlı qüvvə cəmləşdirdiyini nəzərə alsaq, söhbətin növbəti hərbi müdaxilədən getdiyi istisna olunmur.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, son bir ay ərzində Donbas bölgəsində Ukrayna və Rusiya arasında müharibəyə keçid baş verib. Lokal toqquşmalar hər an geniş müharibəyə çevrilə bilər.

“Rusiya və Ukrayna arasında atəşkəs müqaviləsi sona çatıb. Artıq Minsk formatında danışıqlar prosesi fiaskoya uğrayıb. “Normand dördlüyü” proseslərə təsir edəcək bir institut kimi öz təsdiqini tapmadı. Eyni zamanda, Donbas münaqişəsi beynəlxalq münasibətlər sistemində yeni düzənin formalaşmasına gətirib çıxaracaq bir problemdir. ABŞ başda olmaqla Qərb bu münaqişə üzərindən Rusiya ilə yeni münasibətlər sistemi formalaşdırmağa çalışır.

Baydenin Ağ Evə gəlişindən sonra biz ABŞ-ın Ukraynaya dəstəyinin artdığını görürürk. Əslində, Baydenin prezident seçilməsi ilə ABŞ-ın Ukraynaya ciddi dəstək olacağı gözlənilən idi. ABŞ Ukraynanın Qərbə, NATO-ya inteqrasiyasına yardım edəcək. Ukraynanın NATO ilə əlaqələrinin möhkəmləndirilməsini, ABŞ-la birgə hərbi təlimlər keçirəcəyini Rusiya yaxşı bilirdi. Moskva özü üçün bunu təhdid hesab edirdi və Donbasda vəziyyətin kəskinləşəcəyini gözləyirdi. Ona görə də Rusiya Qərb sərhədlərinə qoşun yığıb və Donbasda vəziyyətə nəzarət, oradakı vətəndaşların təhlükəsizliyini təmin etmək adı altında hər an sərhəddi keçib Ukraynaya qarşı döyüş əməliyyatlarına başlaya bilər".

Ekspert bildirib ki, Rusiyanın əsas məqsədi Ukraynanı parçalamaq, bu ölkəni diz çökdürmək və Kiyevdə Kremlə yaxın qüvvələri hakimiyyətə gətirməkdir:

"Bununla da Rusiya Ukraynanı Qərbdən qoparmağa çalışır. Putinin strategiyası Ukraynanı cəzalandırmaqdır. Rusiya bununla beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmlətmək, Avropaya və ABŞ-a öz diktəsini qəbul etdirmək istəyir. Hesab edirəm ki, Putinin qeyd edilən strategiyası çox risklidir və müharibə olacağı təqdirdə, bu, regionda böyük siyasi və hərbi fəlakətə gətirib çıxara bilər.

Tərəflər bunu yaxşı anlayır və hazırda əzələ nümayiş etdirir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin açıqlaması da Ukrayna ərazilərinin işğalını nəzərədə tutur. O, aydın şəkildə mesaj verir ki, biz boş oturmayacağıq və lazım gələrsə, Ukrayna sərhədini keçib prosesin əsas iştirakçısına çevriləcəyik. Patruşevin açıqlaması Rusiyanın ABŞ-dan və NATO-dan çəkinmədiyini göstərir.

Həqiqətən də Rusiyanın bu istiqamətdə fəaliyyəti Ukraynın milli təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edir. Rusiya haqsız olaraq müstəqil dövlətə qarşı təcavüz aktını həyata keçirir və Avropa qitəsindəki ölkələrin ərazi bütövlüyü və suverenliyinə təhlükə törədir. Patruşevin sözügedən açıqlaması da Ukraynanı təhdid etmək və ABŞ-la qarşıdurmaya getmək məqsədi daşıyır. Düşünürəm ki, əgər Ukrayna öz ərazi bütövlüyünü təmin etmək üçün separatçılara qarşı hərbi əməliyyatlara başlasa, Rusiya müdaxilə edəcək. Nəticədə, Ukrayna və Rusiya arasında müharibə olacaq".

M.Əsədullazadənin fikrincə, bu savaşda ABŞ və Britaniya da Ukraynanın yanında yer alacaq:

"Müharibə, hətta Qara dənizə də keçə bilər. Yəni dəniz müharibəsi baş verə bilər. Rusiya Ukraynaya qarşı həm Qara dənizdən, həm də Azov dənizindən bir neçə cəbhə aça bilər. Bu da həm Rusiyanın, həm də Ukraynanın ciddi itkilər verməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, hazırda ABŞ və Rusiya arasında gizli danışıqlar gedir. Tərəflər müəyyən güzəştlər əldə etməyə çalışır. Xüsusilə də Rusiya güzəşt qazanmağa çalışır. Amma vəziyyət çox təhlükəlidir. Aprelin sonu - mayın əvvəlində müharibənin başlanması ehtimalı yüksək olaraq qalır”.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 2256