hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Paşinyan güzəştə məcbur qaldı: İrəvan Bakının son xəbərdarlığından sonra geri çəkildi

Paşinyan güzəştə məcbur qaldı: İrəvan Bakının son xəbərdarlığından sonra geri çəkildi

Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməli olub.

Paşinyan hökuməti parlament seçkiləri öncəsi siyasi situasiyanın həssas olduğunu nəzərə alaraq, bunu rəsmən açıqlamasa da Azərbaycan və Ermənistandan gələn xəbərlər artıq dəhliz probleminin həllini tapmaq üzrə olduğunu deməyə əsas verir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən sözügedən məsələ ilə bağlı Ermənistanın öz mövqeyindən geri çəkildiyini deyib.

“Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu koridorun qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. Bildiyiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır.

Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var. Biz artıq azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start verdik. Əminəm ki, yaxın iki il, bəlkə iki il yarım ərzində o dəmir yolu tam istismara veriləcək.

Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək, bütün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur koridorunun önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir koridor açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaq”,-deyə dövlət başçısı bildirib.

Azərbaycan Prezidentinin bu açıqlaması artıq Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra yaranmış reallıqları qəbul etdiyini təsdiqləyir. Əslində, Ermənistanın Baş naziri yeni geosiyasi gerçəkliyin şərtləri ilə kapitulyasiya sənədinə imza atarkən razılaşıb. Sadəcə olaraq, son səkkiz ayda ölkədə müxalifətin artan təzyiqləri və iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri Paşinyan hökumətinin Zəngəzurdan dəhlizin açılmasına dair öhdəliklərdən yayınmaq cəhdinə gətirib çıxartdı.

Halbuki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 2020-ci il 10 noyabr və 2011-ci il tarixli üçtərəfli bəyanatlarda Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən nəqliyyat-kommunikasiya dəhlizinin açılması nəzərdə tutulur. Bu öhdəliyin həyata keçirilməsi Azərbaycanla yanaşı, Rusiya və Türkiyənin də maraqlarına uyğundur. Regionda yeni nəqliyyat-kommunikasiya qovşağının işə düşməsi Ermənistanın da blokdan çıxmasına və iqtisadi dirçəlişinə səbəb ola bilər.

Ancaq Paşinyanın seçkilərə qədər gözləmə mövqeyinə çəkilməsi prosesin pozulması ilə nəticələndi. Seçkiöncəsi rəy sorğuları isə Paşinyanın qələbə şansının getdikcə azaldığını göstərir.

“Gallup” sosioloji mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsinə görə, Paşinyanı dəstəkləyən seçicilərin sayı 27 faizdən 22,9 faizə düşüb. Eks-prezident Robert Köçəryanın şansı isə 14,8 faizdən 17,5 faizə qədər artıb. Bu isə Paşinyanın seçkilərdə yüksək göstərici ilə qalib gəlmək şansının az da olsa varlığını göstərir.

Hakim “Mənim addımım” bloku qələbə qazansa belə, hökuməti təkbaşına formalaşdıracaq qədər mandat qazanması ehtimalı az görünür. Ona görə də Ermənistanda seçkidən sonra Nikol Paşinyanın koalision hökumət quracağı qaçılmaz hesab edilir.

Lakin Köçəryanın dəstəklədiyi “Ermənistan” bloku ana müxalifəti təşkil edərsə, Paşinyanla koalisiyaya gedəcəyi reallıqdan uzaq səslənir. Bu halda hadisələr iki istiqamətdə inkişaf edə bilər. Birincisi, koalisiyalı hökumətin baş tutmaması yeni seçkilərin təyin olunması ilə nəticələnə bilər. Bu isə hökumət böhranı deməkdir.

Digər variantda hakim fraksiya qələbəsini təmin etmək üçün seçkilərə Paşinyansız getmək məcburiyyətində qala bilər. Sonuncu vəziyyət müxalifətin qalib gələcəyini istisna etmir. Revanşist qüvvələrin hakimiyyətə gəlişi ümumiyyətlə, Ermənistanın öhdəliklərindən, o cümlədən Zəngəzur dəhlizinin açılmasından imtina etməsi deməkdir.

Bütün hallarda Zəngəzur koridoru məsələsinin seçkinin yekunlarına bağlanması razılaşmanın reallaşması üçün ciddi risk yaradır. Yəni dəhlizin iyunun 20-dən sonraya saxlanılması seçkinin nəticəsindən asılı olmayaraq prosesi poza bilər. Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin açılması ilə bağlı qəti mövqe ortaya qoyması əslində, Ermənistana verilən xəbərdarlıq mesajıdır.

Yəni Ermənistan seçim qarşısındadır. Rəsmi İrəvan 30 illik blokadadan və iqtisadi böhrandan çıxmaq üçün yaranmış imkanı dəyərləndirməlidir. Regional inteqrasiya ermənilərə dünyaya açılım fürsəti verəcək. Əks təqdirdə, yenidən təxribatlara əl atmaq və münaqişə yaratmaq cəhdi Ermənistanın növbəti məğlubiyyəti ilə başa çata bilər. Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri zamanı verdiyi mesajlar da məhz bunu nəzərdə tuturdu. Bunu Rusiya tərəfi də nəzərə alır. Ona görə də Rusiya sərhəd qüvvələrinin son günlər Zəngəzurda yerləşdirilməsi əslində, açılması gözlənilən dəhlizin reallaşmasını təmin edə bilər. Çünki 10 noyabr bəyanatının 9-cu bəndinə görə, Azərbaycanın qərb hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirməlidir.

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin sərhəd qoşunlarının Ermənistanın cənubunda təhlükəsizliyi gücləndirmək məqsədilə Azərbaycanla sərhəd hissələrində xidmətə cəlb edildiyini bildirib. Ancaq Rusiya tərəfinin bu addımı dəhlizin mühafizəsinə dair 10 noyabr bəyanatının icrası üçün atdığı ehtimal olunur. Çox güman ki, diplomat ad çəkməsə də məhz perspektivdə yaradılacaq dəhlizin təhlükəsizliyinin gücləndirilməsini nəzərədə tutur.

Eyni zamanda Prezident İlham Əliyevin Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində bu məsələ ilə bağlı yaxşı nəticələrin əldə olunduğunu qeyd etməsi artıq rəsmi İrəvanın razılığa gəlməsi kimi başa düşülə bilər.

Çünki işçi qrupun tərkibində çoxluq dəhlizin açılmasında israr edir. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Bakıya və İrəvana səfərləri zamanı Zəngəzur dəhlizinə alternativ hesab edilən və Fars körfəzindən Ermənistan vasitəsilə Qara dənizə tranzit yol çəkilməsi layihəsini müzakirə etməsi Azərbaycanla yanaşı, Rusiyada da narahatlıqla qaşılanıb. Görünür, bu rəqabət fonunda artan xarici təzyiqlər Paşinyanı Zəngəzur dəhlizi məsələsində güzəştə getməyə vadar edib.

Bu, qarşıdan gələn seçkilərdə reytinqi zəifləyən Paşinyana Moskvanın dəstəyini təmin edən əlavə siyasi dividentə çevrilə bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 10638