hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Paşinyan hökuməti formalaşdıra bilmir: “Təsadüfi adamlardan qurulacaq”

Paşinyan hökuməti formalaşdıra bilmir: “Təsadüfi adamlardan qurulacaq”

Ermənistanda növbədənkənar seçkilərin rəsmi nəticəsi məlum olsa da, yeni parlamentin fəaliyyətə başlaması ləngiyir. Bu da öz növbəsində yeni Baş nazirin seçilməsinə və hökumətin formalaşmasına mane olur. Səbəb isə ilk növbədə, seçkilərin nəticələrinin Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilməməsidir. Qeyd edək ki, Ermənistan Konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsinə əsasən, Milli Məclisdə səs çoxluğu qazanmış siyasi partiya və ya blok Baş nazir vəzifəsinə öz namizədini irəli sürür.

Prezident isə həmin namizədi dərhal Baş nazir təyin edir. Baş nazir təyin olunduqdan sonra 15 gün ərzində hökumət qurulur. Hökumət rəhbəri Baş nazirin müavinləri və nazir vəzifələrinə təyin etdiyi namizədləri Prezidentə təqdim edir. Prezident isə üç gün ərzində ya həmin kadrları ya təyin edir, ya da Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsi apellyasiya şikayətinə baxır və beş gün ərzində qərar verir.

Əgər Ermənistan Prezidenti üç gün ərzində bu maddədə göstərilən tələbləri yerinə yetirməsə, Baş nazirin müavinləri və nazirlərin təyinatı qanunla qüvvəyə minir. Lakin seçkilərdən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, parlamentin formalaşması və Baş nazirin seçilməsi ilə bağlı prosedurlar hələ yerinə yetirilməyib.

Konstitusiya məhkəməsi isə parlament seçkilərinin nəticələrindən şikayət edən dörd siyasi qüvvənin iddialarına baxarkən, Ermənistan Prezidenti Armen Sarkisyanı şahid qismində prosesə çağırmaqdan imtina edib. Hakim Hrayr Tovmasyan səsvermə gününün iyunun 20-ə təyin edilməsinə dair qərarın təzyiq altında verildiyinə aydınlıq gətirmək üçün Prezident A.Sarkisyanı şahid qismində məhkəməyə dəvət edilməsi barədə vəsatət qaldırıb. Lakin Konstitusiya Məhkəməsinin sədri Dilanyanın verdiyi məlumata görə, vəsatət təmin olunmayıb.

Konfliktoloq Əvəz Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Ermənistanda hakimiyyət boşluğunun yaranması seçkilərin nəticələrinin müxalifət tərəfindən mübahisələndirilməsi ilə bağlıdır. Ermənistan Konstitusiya Məhkəməsi iki həftə müddətində səsvermənin nəticələrini şübhə altına alan partiyaların iddiasını araşdıraraq qərar çıxartmalıdır. Bu isə öz növbəsində, parlamentin yeni tərkibdə yığışmasına və Baş naziri seçməsinə mane olur:

“Ermənistan cəmiyyəti Köçəryana 21 faiz səs versə də, onun arxasında dayanacaq güclü seçici sayı və ictimai rəyi yoxdur. Ona görə də Köçəryan məcbur olub geri çəkiləcək və hakimiyyətin formalaşmasında Paşinyana ciddi mane ola bilməyəcəklər. Ola bilsin ki, Köçəryan özü parlamentə getməsin. Çünki o, parlamentdə təmsil olunmaqla statusunu aşağı salıb təzyiqlərə məruz qalmaq istəmir. Əgər o, parlamentdə çoxluğa malik olsa idi və koalisiya yaradaraq Paşinyana qalib gələ biləcəyinə əmin olsa idi, parlamentə özü gedə bilərdi. Bu baxımdan, yeni hakimiyyətin formalaşması üçün maneə yoxdur”.

Ekspert bildirib ki, Paşinyanın Rusiyaya səfəri də buna hesablanmışdı:

“Paşinyan Ermənistan cəmiyyətindəki narazılıqları və Rusiya ilə bağlı gözləntiləri öyrənməyə və əminlik qazanmağa getmişdi. Lakin seçkilərdəki qələbəyə baxmayaraq, Ermənistan hökumətinin kadr problemi olacaq. Ermənistan cəmiyyətində nüfuzlu, bacarıqlı kadrlar Paşinyanla işləməkdən qaçacaqlar. Paşinyan Nazirlər Kabinetini formalaşdırmaq üçün təsadüfi adamlardan da istifadə edə bilər. Ona görə də Ermənistanın yeni hökumətinin peşəkarlığı sual altındadır. Özünə hörmət edən kadr məğlub imicə malik Paşinyan hökumətində yer alıb məsuliyyəti onunla bölüşmək istəməz. Yəni Ermənistanda hakimiyyətin səriştəsizliyi ilə bağlı mübahisələr bitməyəcək. Ona görə də Paşinyan başqa partiyaların liderləri ilə görüşür, onlardan kadr istəyir”.

Qeyd edək ki, Baş nazirin vəzifəsini icra edən N.Paşinyan seçkilərdə 5 faizlik barajı keçə bilmədiyinə görə parlamentə düşməmiş siyasi partiyaların liderləri ilə görüşür. O, “Parlaq Ermənistan” Partiyasının sədri Edmon Marukyan, Respublika Partiyasının rəhbəri Aram Sarkisyan, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qagik Tsarukyan və “Vahid Ermənistan” Partiyasının lideri Mher Terteryanla müzakirələr keçirib. Paşinyanın həmin təşkilatlara yeni hökumətdə vəzifə təklif etdiyinə dair məlumat yayılsa da müxalifətçilər bu xəbəri təsdiq etməyib.

Əvəz Həsənov hesab edir ki, Paşinyanın parlamentdənkənar partiyalara vəzifə təklif etməsi barədə deyilənlər doğrudur. Bu siyasi təşkilatlar cəmiyyətdə fəal rol oynadığı üçün Paşinyan onları ətrafına cəmləməklə parlamentdəki müxalifətə alternativ güc mərkəzi formalaşdırmaq istəyir:

“Paşinyan buna nail olacaq. Çünki həmin insanlar bir qədər Qərbyönümlü imicə malikdir. Onların Paşinyanın koalisiyasında görünməsi Qərb tərəfindən də müsbət qarşılanacaq. Ona görə də həmin partiyalar Paşinyanın təklifini qəbul edəcək”.

Ekspertin fikrincə, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edəcək və dəyişiklik baş verməyəcək:

“Rusiya və başqa dövlətlər seçkilərin nəticəsini tanıyıbsa, Konstitusiya Məhkəməsi də təsdiq edəcək. Çünki Ermənistanın başqa manevr etmək imkanı yoxdur. Ermənistan yenidən vəsait xərcləyib seçkilər keçirmək imkanına malik deyil. Konstitusiya Məhkəməsi risk edib hökuməti boşluğa ata bilməz. Bu, Ermənistan cəmiyyətində böyük narazılığa və qarşıdurmaya səbəb olar. Ona görə də Konstitusiya Məhkəməsi məsələnin siyasi tərəfini nəzərə alıb riskli qərar qəbul etməyəcək”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6997