hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Paşinyan müharibə istəyir? - “Hər iki tərəf toqquşmaya hazırlaşır”

Paşinyan müharibə istəyir? - “Hər iki tərəf toqquşmaya hazırlaşır”

Xəbər verildiyi kimi, bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir.

Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır. Nazir ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

Müşavirə zamanı verilən göstərişlərə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, hər iki tərəf toqquşmaya hazırlaşır:

“İki istiqamətdə fəaliyyət görülməlidir. Birinci istiqamət odur ki, ermənilərin təxribatı arta bilər. Necə ki, Tovuzda biz bu təxribatla üzləşdik və əks hücumla cavab verdik. İkinci, heç bu təxribatlar olmasa da, biz yekun həllə hazırlaşmalıyıq. Bunu dövlət başçısı da qeyd edib. Çünki ermənilər öz istəkləri ilə bizim torpaqları boşaltmayacaq. 25 ildə bu bizə aydın olmalı idi və oldu da. Ona görə həm təxribatlara cavab vermək, həm də hərbi hazırlıqlarımızı gücləndirmək lazımdır. Üstəlik ermənilər Qarabağa muzdluları, PKK terrorçularını yerləşdirirlər, hərbi mükəlləfiyyət haqqında qanuna dəyişikliklər etmək istəyirlər ki, daha çox muzdlu toplaya bilsinlər.

Ona görə də bütün bunlara cavab olaraq Azərbaycan ordusu müəyyən planlar həyata keçirməli, hazırlıqlı olmalı və Türkiyə ilə əməkdaşlığı yüksək səviyyəyə qaldırmalıdır. Aydındır ki, hər iki tərəf toqquşmaya hazırlaşır. Bir müddətdir danışıqlar da getmir. Çünki tərəflər bu danışıqların faydasız olduğunu anlayır. Bizim torpaqlarımız məsələsində güzəştə getməyəcəyimiz aydındır. Amma işğalçı tərəf də güzəştə getmək istəmir. Belə olan halda toqquşma ehtimalı artır. Toqquşma ehtimalı artan halda hər iki tərəf ordularını gücləndirməlidirlər”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2113

Bizim Telegram səhifəmizi izləyin