hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Paşinyan  danışıqların “sirrini” açdı: Baş nazirdən ikibaşlı mövqe

Paşinyan  danışıqların “sirrini” açdı: Baş nazirdən ikibaşlı mövqe

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanada keçirilən görüşün bəzi təfərrüatlarını açıqlayıb.

İşğalçı ölkənin hökumət rəhbəri bildirib ki, Dağlıq Qarabağın müstəqil tərəf kimi danışıqlara qatılması məsələsini qaldırsa da, Azərbaycan Prezidenti bu şərti qəbul etməyib.

Paşinyan Vyana danışıqlarına martın 12-də Dağlıq Qarabağda Ermənistan Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi Xankəndi gündəliyi ilə getdiyini qeyd edib: “Mən “Dağlıq Qarabağ” nümayəndələrinin danışıqlarda iştirakının bizim üçün vacib olduğunu söylədim. Bu, formatın dəyişdirilməsi və ya ilkin şərt deyil, sadəcə olaraq danışıqları daha səmərəli etmək cəhdidir”.

Paşinyanın sözlərinə görə, Azərbaycan iddia edir ki, format dəyişməz olaraq qalıb, deməli, onlar danışıqlardan qələbə ilə çıxıblar: “Dağlıq Qarabağın iştirakından bəhs edərkən formatın dəyişdirilməsi məsələsini qaldırmırıq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altındakı formata heç kim şübhə ilə yanaşmır, məsələ formatın məğzinin başa düşülməsindədir. Dağlıq Qarabağ uzun müddət danışıqlarda tərəf olub və format çərçivəsində iştirak edib”.

Paşinyan qeyd edib ki, “DQR”-in iştirakı məsələsi Əliyevlə Vyana görüşündə müzakirə edilib, amma razılıq əldə olunmayıb. “Bu, o deməkdir ki, məsələ gündəlikdən çıxarılıbə Xeyr, müzakirələr davam edəcək. Növbəti arqument: Qarabağ 1998-2018-ci illərdə danışıqlarda təmsil olunub, çünki Ermənistanı bir vaxtlar Qarabağın lideri olan və müəyyən mənada belə hesab edilə bilən şəxslər təmsil edib. Qarabağ xalqı həmin şəxslərin timsalında danışıqlarda iştirak etdiyini düşünə bilirdi. Biz deyirik ki, Qarabağ 1998-ci ildən sonra danışıqlardan kənarda qalıb. Bizim kifayət qədər ciddi arqument bazamız var. Və bu məsələ bütünlükdə müzakirə edilib”.

Göründüyü kimi, Ermənistanın baş naziri ikibaşlı mövqe ortaya qoyur. Bir tərəfdən, Dağlıq Qarabağın danışıqlar prosesinə qatılmasının vacibliyindən söz açan N.Paşinyan, eyni zamanda, Minsk Qrupunun müəyyən etdiyi formata şübhə etmədiyini deyir. Çox güman ki, Paşinyanın bu bəyanatı daxili ictimai rəyə hesablanıb. Danışıqları ənənəvi qaydada davam etdirməyə məcbur qalmış N.Paşinyan Ermənistan cəmiyyətinin təzyiqlərindən yayınmaq üçün Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsini qaldırdığını bildirir. Digər tərəfdən isə beynəlxalq vasitəçilərə mövcud format çərçivəsində müzakirələri davam etdirməyə razı olduğunu nümayiş etdirir.

“Madrid prinsipləri”nə toxunan baş nazir deyib ki, onların müzakirəyə ehtiyacı var: “Bu məsələni Azərbaycan prezidenti və Minsk qrupunun həmsədrləri ilə görüşdə qaldırdıq. Məsələyə aydınlıq gətirilməyib. Hərçənd bir görüşlə buna nail olmaq qeyri-mümkündür. Bu, o deməkdir ki, məsələ xarici işlər nazirləri səviyyəsində müzakirə edilməyə davam edəcək”.

“Eurasianet.org” portalının Türkiyə və Qafqaz üzrə redaktoru Coşua Kuçera isə yazır ki, Ermənistan və Azərbaycan liderlərinin sülh sazişini müzakirə etmək üçün bir araya gəldiyi birinci görüşdən sonra tərəflər arasında söz davası başlayıb.

Müəllif xatırladır ki, martın 29-u Ermənistanın müdafiə naziri David Tonoyan hərbi formada Nyu Yorkda yerli ermənilər qrupunun qarşısında çıxış edib. “Müdafiə naziri kimi bəyan edirəm ki, “sülh müqabilində torpaq” formulu daha olmayacaq və biz onu “yeni müharibə - yeni ərazilər şəklinə salacağıq”, - deyə o bildirib. Nazir, həmçinin əlavə edib ki, Ermənistan hücum imkanlarını gücləndirməyə çalışır.

Kuçera bütün bunların yeni bir şey olmadığını, ancaq bəyanatın lazımsız bir vaxtda, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanada görüşdüyü bir vaxtda səsləndirilib. Məlumatda deyilir ki, görüş “müsbət və konstruktiv şəraitdə” keçib. Amma Azərbaycan Tonoyanın militar ritorikasına qəzəblə reaksiya verdikdə ab-hava dərhal korlanıb”.

Ekspert hesab edir ki, “sülh müqabilində torpaq” formulundan imtina etmək Paşinyanın analoji bəyanatlarına uyğun gəlir və müxtəlif cür şərh edilə bilər: “İlk baxışda bu cür bəyanatlar torpaqların Azərbaycana qaytarılması ideyasının özündən imtina etmək kimi görünür. Belə bir mövqe faktiki olaraq sülh danışıqlarını poza bilər. Daha ətraflı təhlil zamanı bu bəyanatları ərazi müqabilində sadəcə Ermənistana hücum etməməklə bağlı vəddən daha böyük bir güzəşt əldə etmək istəyi kimi nəzərdən keçirmək olar”.

Müəllif qeyd edir ki, hazırkı danışıqlarda ən geniş yayılmış formul “status müqabilində torpaq” prinsipidir: “Yəni, Dağlıq Qarabağda ermənilərin müəyyən hakimiyyət səlahiyyəti alması müqabilində Azərbaycanın hal-hazırda ermənilərin işğalı altında olan müəyyən torpaqlarının geri qaytarılması formulunu nə Paşinyan, nə Tonoyan istisna etmir. Danışıqlarda iştirak edən xarici diplomatlar da bu məsələni nikbinliklə qeyd edir”,-Kuçera qeyd edir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 23874