hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Paşinyan prezidenti devirməyə çalışır: O, klanın “son qalası”nı ala biləcəkmi? - BİZİM TƏHLİL

Paşinyan prezidenti devirməyə çalışır: O,  klanın “son qalası”nı ala biləcəkmi? - BİZİM TƏHLİL

Ermənistanda Baş nazir və prezident arasında yaranmış fikir ayrılığı siyasi böhranın hakimiyyətin zirvəsinə qədər irəliləməsinə səbəb olub.

Artıq Baş nazir Nikol Paşinyanın istefaya getməsi prezident Armen Sarkisyanın mövqeyindən çox asılıdır. Fevralın 25-də N.Paşinyan hərbi qiyam qaldırmış silahlı qüvvələrin Baş qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etsə də prezident Sarkisyan bu əmri imzalamır. Ona görə də N.Paşinyan və onun liderlik etdiyi “Mənim addımım” fraksiyası prezidenti qiyamçılara dəstək verməkdə ittiham edir.

Bu arada Ermənistan Prezidenti Armen Sarkisyan siyasi qüvvələrə çağırış edib. O, 2008-ci ildəki 1 mart hadisələrinin ildönümü münasibətilə bəyanat yayıb. Bəyanatda bu gün Ermənistandakı mürəkkəb siyasi vəziyyətə də toxunulub. Ermənistan Prezidenti bütün siyasi qüvvələri qeyri-sabitlik yaradacaq addımlardan və toqquşmalardan çəkinməyə çağırıb. Ermənistan Prezidenti özünü bitərəf göstərməyə çalışsa da faktiki olaraq, təmsil etdityi hakimiyyətin deyil, qiyamçı generalların və müxalifətin mövqeyindən çıxış edir.

Onun hərbçilər tərəfindən hədələndiyi üçün Qasparyanı istefaya göndərmədiyinə dair məlumatlar da var. Ancaq prezidentin özünün Paşinyanın hakimiyyətdən getməsində maraqlı olduğu hələ 2020-ci il noyabr ayından başlanmış etiraz aksiyaları zamanı yayılmışdı. Lakin həmin vaxt Moskvaya səfər edən Armen Sarkisyanın Rusiya rəsmiləri ilə apardığı danışıqlar müsbət nəticə vermədi.

Çünki Rusiya noyabrın 10-da Azərbaycan və Ermənistanla imzalanmış üçtərəfli bəyanatın icrasına nail olmaq üçün həmin dövrdə Paşinyanın hakimiyyətdə qalmasında maraqlı idi. Digər tərəfdən, A.Sarksiyan Rusiya xüsusi xidmət orqanlarına bağlı siyasətçi sayılmır. Armen Sarkisyanın planı hökumətin istefaya göndərilməsindən sonra ölkədə referendum yolu ilə prezidentli respublika üsul-darəsini bərpa etmək və icra hakimiyyətinə nəzarəti tam ələ almaqdan ibarət olub. Lakin Paşinyanın siyasi reytinqinin A.Sarkisyan və müxalifət liderləri ilə müqayisədə üstün olması da hakimiyyəti əldə saxlamağa kömək etdi. Ona görə də Kreml müəyyən müddət gözləməyə üstünlük verdi.

Digər tərəfdən, A.Sarkisyanı dövlət başçısı postuna eks-prezident Serj Sarkisyan gətirib. Yəni o, Köçəryan-Sarkisyan klanına yaxın şəxs sayılır. 2018-ci ildə baş vermiş “məxməri inqilab”dan sonra formalaşmış yeni hakimiyyətin tərkibində qalmış köhnə klanın yeganə nümayəndəsidir. Bu səbəbdən, Ermənistan Prezidentinin təhdidlər qarşısında Qasparyanın istefasını imzalamamasına dair məlumatlar inandırıcı görünmür. Əgər Nikol Paşinyan indiki durumda çətin hesab olunsa da hakimiyyəti qoruyub saxlaya bilsə prezidentlə onun arasında siyasi qarşıdurma artacaq. Bu isə parlamentdəki deputat yerlərinin 70 faizdən artığına nəzarət edən Paşinyana prezidenti istefaya göndərmək üçün imkan yaradacaq. Ermənistan qanunvericiliyinə görə, prezidentin vəzifədən azad edilməsinə dair qərarın çıxarılması üçün Konstitusiya Məhkəməsinin rəyi əsasında parlamentin tərkibinin ən azı 2/3 hissəsi səs verməsi lazımdır.

Bu baxımdan, Paşinyanın qiyamçı prezidenti istefaya göndərmək şansı var. Belə ki, həm Konstitusiya Məhkəməsinin tərkibi, həm də Milli Məclsisin üçdə iki səs çoxluğu Paşinyanın tərəfdarlarından ibarət formalaşıb. Artıq hakim “Mənim addımım” bloku prezidentə impiçmanet barədə danışmağa başlayıb. Paşinyanın fraksiyasından olan deputat Vahan Hovakimyan özünün “Facebook” səhifəsində prezidenti konstitusiyanı pozduğuna görə səlahiyyətlərindən məhrum etməyə çağırıb.

“Ermənistan Konstitusiyasının 139-cu maddəsinə görə, Prezidentin fərman layihəsini etirazla təklifi təqdim edən orqana qaytarmaq hüququ var. İlk baxışdan Armen Sarkisyanın Baş qərargah rəhbərinin vəzifəsindən azad edilməsi barədə fərman layihəsini Baş nazirə qaytarmaqla bu hüquqdan istifadə etdiyini görmək olar. Ancaq bu belə deyil. Prezidentin fərman layihəsini istədiyi zaman geri qaytarmaq hüququ yoxdur. Konkret olaraq bu vəziyyətdə Baş nazir Nikol Paşinyan, səlahiyyətlərinə uyğun olaraq (Ermənistan Konstitusiyasının 155-ci maddəsi) Baş Qərargah rəhbərinin vəzifəsindən azad edilməsini təklif edib. Ən mistik təsəvvürə sahib olan insan belə bu prosesdə antikonstitusion elementləri görməyə bilməz.

Reallıqda biz prezidentin səlahiyyətlərinin özbaşına həyata keçirilməsini müşahidə edirik. Bu cür hərəkətlərlə prezident dövlətin təhlükəsizliyinə zərər vura, ölkədə sabitliyin pozulmasına töhfə verə, qanunvericilik islahatlarına xələl gətirə bilər və sairə. Armen Sarkisyanın son dövrdə atdığı addımlar sanki yuxarıda göstərilmiş mənfi nəticələrin formalaşmasına yönəldilib. Bu səbəbdən Konstitusiyanın kobud şəkildə pozulmasına (maddə 141) əsaslanaraq, prezidentə impiçment prosesinin başlanmasına əsas yarandığını təsdiq edə bilərik”.

Hovakimyanın qalmaqallı açıqlaması az sonra sərt reaksiya ilə qarşılanıb. Üç parlament fraksiyasından ikisi impiçmentlə bağlı mümkün müzakirəyə mənfi münasibət bildirib.

“Hakimiyyət hər kəslə ortaq dil tapmağa və ölkəni böhrandan çıxarmağa çalışmaq əvəzinə, prezident Armen Sarkisyanı vəzifəsindən uzaqlaşdırmaq üçün əsaslara sahib olduğunu bəyan edir”-deyə “Parlaq Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan “Facebook”da qeyd edib. Təsəvvür edirsinizmi, onlar parlamentdə bu prosesi başladacaqlar. Əgər özünüzü məhv etmək istəyirsinizsə cəhd edin”.

Marukyan prezidentin impiçment prosesinin mümkün başlanğıcının elanını hakimiyyətin növbəti avantürası kimi qiymətləndirib.

“Əslində, bu gün rəsmilər tərəfindən prezidentin impiçment mövzusunu açması başqa teatrdır. Guya Konstitusiya Məhkəməsinə müraciət etmədiyinə görə prezidenti təhdid etməyə çalışırlar. Ancaq bu qədər səsiniz yoxdur. Niyə boş yerə havayı əsirsiniz? Prosesi başlatmağa təşəbbüs göstərirsinizsə, cəhd edin”-Marukyan belə yazıb.

“Çiçəklənən Ermənistan” müxalifət fraksiyası da hakim blokdakı millət vəkilinin açıqlamasına qəzəblənib. ÇEP-dən olan deputatlar Paşinyanı və “Mənim addımım” fraksiyasının üzvlərini təslimçi, Türkiyəpərst adlandıraraq vətəndaş qarşıdurması yaratmaqda ittiham ediblər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1904