hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Paşinyan qondarma rejimə yeni rəhbər tapıb: QARABAĞDA GÖRÜŞ

Paşinyan qondarma rejimə yeni rəhbər tapıb: QARABAĞDA GÖRÜŞ

Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci ildə Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyinə keçiriləcək “prezident” seçkiləri məsələsini müzakirə etmək üçün Xankəndinə səfər edib. 

Çünki Bako Saakyandan sonra onun yerinə kimin gələcəyi məsələsi Paşinyan üçün mühüm əhəmiyyət kəsb edir. 2018-ci ildə Nikol Paşinyan “Qarabağ klanı”nın Ermənistanda hakimiyyətdən salınmasına nail olsa da, bu prosesi sona çatdıra bilmədi. 

Köçəryan-Sarkisyan klanının nümayəndələrinin Dağlıq Qarabağdakı hərbi xuntaya sığınması, üstəlik Rusiya tərəfindən dəstəyə malik olması Paşinyana rəqiblərini siyasi cəhətdən tam sıradan çıxartmağa mane olur. Ermənistanın baş nazirinin əksinqilabi qüvvələr qarşı mübarizə adı altında Dağlıq Qarabağda “məxməri inqilab” etmək cəhdləri nəticə vermədi. Ona görə də Paşinyan ümidlərini daha çox 2020-ci ildə dağlıq Qarabağdakı “hakimiyyət” dəyişikliyinə bağlayıb. Yəni Baş nazir Paşinyanın Bako Saakyanın yerinə özünə yaxın olan və siyasi cəhətdən itaətkar birini gətirməsi müxalif düşərgə üzərində qələbəsini yekun vura bilər. Eks-prezident Robert Köçəryanın, sabiq müdafiə naziri Seyran Ohanyanın həbs edilməsi, erməni katalikosu II Qareginə siyasi hücumların güclənməsi kimi faktlar məhz 2020-ci ildə keçiriləcək “prezident seçkiləri”nə hesablanıb. Əslində, Paşinyan “Qarabağ klanı”ndan olan rəqiblərini xeyli əzə bilib. Lakin daxili müqavimət də hələ güclü olaraq qalır. Qarabağ klanının əlində güclü maliyyə və hərbi resurslar var. Üstəlik, bu məsələdə erməni diasporasının Paşinyana dəstək verməsi lazımdır. Ancaq Paşinyanın Qarabağa son səfəri diasporanın qondarma rejimə qarşı mübarizədə onun mövqeyini bölüşmədiyi qənaətəini yaradır. Digər amil isə qeyd edildiyi kimi, Rusiya ilə münasbətlər məsələsidir. Nikol Paşinyanın son vaxtlar Rusiya ilə yaxınlaşması, Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin formatı ilə bağlı baş nazirin mövqeyini haqlı sayması və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Köçəryanın həbsinə loyal yanaşma nümayiş etdirməsi tərəflər arasında bu və digər məqamlarda ortaq razılaşmaların əldə olunduğunu göstərir. 

Paşinyanın Xankəndidə keçirdiyi görüşdən sonra verdiyi açıqlama bu təmaslardan birinin də məhz sözügedən “seçkilər”lə bağlı olduğunu göstərir. 

Ermənistanın Baş naziri cinayətkar rejimin başçısı Bako Saakyan, özünü xarici işlər naziri kimi təqdim edən Masis Mailyan və hərbi xuntanın rəhbəliyinə iddialı olan Araik Arutunyanla görüşdən sonra 2020-ci ildə keçiriləcək seçkilərdə “Qarabağ hakimiyyətinin namizədini dəstəkləyəcəyini” deyib. 

Qeyd edək ki, Nikol Paşinyan özünə yaxın mövqeyi ilə seçilən Masis Mailyanı dəstəkləyirdi. Bu isə Şuşanın işğalında xüsusi rol oynamış Vitali Balasanyanın və qondarma rejimin keçmiş müdafiə naziri Samvel Babayanın etirazına səbəb olub. Onlar, hətta “seçkilər”ə müdaxilə etdiyinə görə Paşinyanı hədələyir. Robert Köçəryanın həsdən çıxacağına ümid edən “Qarabağ klanı” öz namizədini müəyyənləşdirmək üçün xeyli müddətdir gözləmə mövqeyi tutur. Lakin Köçəryanın həbsdən çıxması ehtimalı hazırkı situasiyada sıfra bərabərdir. 

Paşinyanla Bako Saakyanın görüşündən sonra uydurma rejim 2020-ci ildə özünü qondarma DQR-in spikeri kimi təqdim edən Aşot Qulyanın namizədliyini irəli sürəcəyini bəyan edib. Öz növbəsində, Paşinyan da Qarabağakı “hakimiyyət”in namizədini dəstəkləyəcəyinə söz verib. Onun bu açıqlaması tərəflərin ortaq namizəd kimi Aşot Qulyanın üzərində dayandıqlarını deməyə əsas verir. Ancaq Paşinyanın buna hansı şərtlər müqabilində razılıq verdiyi məlum deyil. Digər potensial namizədlərlə görüş də çox güman ki, onları Aşot Qulyanın xeyrinə öz iddiasından geri çəkilməyə razı salmaq məqsədi daşıyıb. Paşinyanın bu məsələdə güzəştə getməsi böyük ehtimalla dəstəksiz qalan Masis Mailyanı namizədlikdən imtina etməyə vadar edəcək. Görüşdə daşnakların lideri İşxonyanın iştirakına gəlincə, o çox güman ki, radikalları və hərbçiləri Aşot Qulyana razı salmaq üçün prosesə cəlb edilib. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1684