hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Paşinyan sülhə təminat vermir - Şərh

Paşinyan sülhə təminat vermir - Şərh

İlqar Vəlizadə: ”Dağlıq Qarabağ danışıqlarda alt-subyekt kimi iştirak edə bilər ”

İrəvanla Bakı arasında “qaynar xətt” işləyir. Lakin bu qurbanların olmayacağına təminat vermir. Cebhe.info-nun məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan belə açıqlama verib.

“Biz elə bir mövzu üzərində işləyirik ki, danışıqlar nəticə versin. Beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşdə mən vəziyyəti təsvir etmək istəyirəm və tərəqqinin olmamasını izah edirəm. Deyirəm ki, bunların bir səbəbi var. Mən Ermənistanın baş naziri seçiləndə bəyan etdim ki, Qarabağ məsələsinin zəruri həll variantı Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Ermənistanın heç bir rəhbəri indiyə qədər deməyib ki, münaqişənin həlli Azərbaycan xalqı üçün məqbul olmalıdır və hər halda, bu görünməmiş bəyanat olardı. Mən əminəm ki, bu danışıqlarda irəliləyiş üçün ciddi əsas yaradır”.

Paşinyan bildirib ki, danışıqlar prosesində irəliləyiş yoxdur. Baş nazirin fikrincə, rəsmi Bakı münaqişənin Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ üçün məqbul həllini qəbul etməlidir.

“Kimsə düşünə bilər ki, Azərbaycan tərəfindən qəbul edilən həll yolu Ermənistan və Dağlıq Qarabağ üçün məqbul sayıla bilməz. Əgər kimsə Qarabağ xalqını və Ermənistanı tanımırsa, deməli erməni xalqını tanımır”-deyə Paşinyan bəyan edib.

Göründüyü kimi, N.Paşinyan hədələyici mövqe nümayiş etdirməklə bildirmək istəyir ki, danışıqlar prosesində Azərbaycanla Ermənistan arasında işğalçı tərəfin iradəsi qəbul olunmayana qədər atəşkəsin pozulması halları davam edəcək. Ermənistanın baş nazirinin açıqlaması göstərir ki, Paşinyan Azərbaycan prezidenti ilə ikitərəfli danışıqlara qatılmasına baxmayaraq, format məsələsində mövqeyi dəyişməz olaraq qalır. Paşinyanın təbirincə, münaqişənin həlli prosesində Ermənistan və Azərbaycanla yanaşı, üçüncü tərəf kimi Dağlıq Qarabağdakı qondarma rejimin maraqları nəzərə alınmalıdır.

Politoloq İlqar Vəlizadə hesab edir ki, Paşinyan bəyanatında Azərbaycanın da maraqlarını dilə gətirməklə Ermənistanın mövqeyini humanistləşdirməyə çalışır:

“Bu mesaj ilk növbədə, Qərbə ünvanlanıb. Paşinyan qaynar xəttdən danışmaqla humanist prinsiplərin Ermənistan üçün əsas təşkil etdiyini nümayiş etdirməyə çalışır. Çünki “qaynar xətt”in məqsədi insan itkisinin qarşısını almaqdır. Amma reallıqda vəziyyət daha mürəkkəbdir. “Qaynar xətt” mövcuddursa, nə üçün faydalı şəkildə işləmirə Çünki Paşinyanın bir bəyanat verir, müdafiə naziri Tonoyan isə Azərbaycan hərbçisini öldürən əsgəri təltif edir. Bu, yürüdülən siyasəti pərdələmək məqsədi daşıyan bəyanatdır. Əslində onun arxasında gerçək iş dayanmalıdır. Əgər Ermənistan belə humanistdirsə, Dağlıq Qarabağda saxlanılan iki girovu-Dilqəm Əsgərovla, Şahbaz Quliyevi azadlığa buraxmalıdır. Onların qohumlarını belə görüşünə buraxmırlar. Mxitaryan futbol yarışında iştirak etmək üçün Bakıya gəlməkdən imtina edəndə Paşinyan onunla əlaqə saxlamalı və Azərbaycana getməyi tövsiyə etməli və deməli idi ki, sən bizim sülh səfirimiz ola bilərsən. Ermənistan hakimiyyəti sözlə deyil, əməllə iş görməsə, biz onlara inana bilmərik. Təəssüf ki, Ermənistan rəhbərliyinin bəyanatlarında ümumi və heç nəyə hesablanmayan fikirlərə rast gəlirik”.

Danışıqların formatı ilə bağlı Paşinyanın açıqlamasını şərh edən politoloq qeyd etdi ki, Ermənistan tərəfinə Dağlıq Qarabağın müstəqil tərəf olmayacağı birmənalı şəkildə izah edilməlidir:

“Danışıqlar prosesinin subyekti Azərbaycan və Ermənistandır. Müzakirələr Dağlıq Qarabağ üzərində aparılır. Dağlıq Qarabağ obyektdir, subyekt deyil. Dağlıq Qarabağa müvəqqəti status işağl edilmiş ərazilər qaytarıldıqdan, məcburi köçkünlər öz evlərinə döndükdən, azərbaycanlı və erməni icmalarının bərabərhüquqlu yaşayışı təmin olunandan, Dağlıq Qarabağa müvəqqəti status verildikdən sonra alt subyekt kimi danışıqlarda iştirak edə bilər. Bu da mərhələli həll planının tərkib hissəsidir. Həmin danışıqlarda da Dağlıq Qarabağın erməni icması ilə yanaşı azərbaycanlı icması da yer almalıdır. Lakin Paşinyan birtərəfli mövqedən çıxış edir və bütün bunların müsbət nəticəsi olmur”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7503