hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Paşinyan seçim etməlidir: Sülh, yoxsa müharibə?

Paşinyan seçim etməlidir: Sülh, yoxsa müharibə?

Son günlərdə cəbhə xəttində atışma səsləri səngimir.

Azərbaycanın mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. 10 noyabr Bəyanatının və 11 yanvar üçtərəfli razılaşmalarının maddələri gözardı edilir.

Dünən də Kəlbəcər istiqamətində atışma olub. Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə, Azərbaycan daha bir şəhid verib.

Bir neçə gün əvvəl isə Ermənistanda Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan sülh danışıqlarına hazır olduğunu bildirmişdi. Sülh müzakirələrinin qaldırıldığı bir vaxtda yenidən döyüş xəbərləri etişmək gərginliyi artırmır desək, yalan olar.

Bu döyüşlərin Ermənistan və Azərbaycan üçün nəticələri nədən ibarət olacaq? Bir tərəfdən sülhdən danışarkən digər tərəfdən razılaşmaların şərtlərini pozmaq Ermənistana nə vəd edir? Yoxsa bu, Ermənistanın hakimiyyətdaxili narazılıqlarından irəli gəlir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov bildirib ki, cəbhə xəttində baş verənlərin Ermənistan üçün ağır nəticələri ola bilər:

“Rusiyadan yaxa qurtarıb qərbyönlü siyasət yürütmək istəyən Paşinyanın bu addımları Rusiya ilə Ermənistan münasibətlərinə mənfi təsir edə bilər. Ermənistan Rusiya ilə Qərb qarşıdurmasının bir meydanına çevriləcək.

Paşinyanın istəyi ən azı Fransanın Qarabağ məsələsində müşahidəçi qismində iştirakını, ya da hansısa hərbi birləşmələrin bölgədə yerləşməsini təmin etməkdir. Azərbaycan tərəfi isə bundan istifadə edib öz siyasi-tarixi məsələlərini həll etməlidir”.

Tofiq Zülfüqarov hesab edir ki, Paşinyanın sülh hazır olduğunu bəyan etməsi də görüntü xarakteri daşıyır:

“Ermənistan əsl məqsədlərini gizlətmək üçün bu üsuldan istifadə edib. Ermənistandakı hakimiyyətdaxili münaqişələrin hər bir elementi də bu və ya digər şəkildə cəbhə xəttindəki hadisələrlə bağlılıq təşkil edir.

Ermənistanda rusyönümlü qüvvələr Rusiyanın bölgədə dominantlığını təmin etmək üçün bu təxribatı öz xeyirlərinə istifadə etmək niyyətindədirlər. Qərbyönümlü qüvvələr və Paşinyan isə cəbhə xəttində baş verənlərlə göstərmək istəyirlər ki, Rusiya onlara yardım əli uzatmır və bölgəyə Fransa gəlməlidir”.

Şəbnəm Adil
Cebhe.info


Oxunma sayı: 8405