hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Paşinyan "siyasi uçurum"un kənarında

Paşinyan "siyasi uçurum"un kənarında

Ermənistanın Baş naziri Nikol Paşinyan ictimaiyyətin gözündə düşən reytinqini qaldırmağın yolunu Azərbaycanla sərhəddə təxribat törətməkdə gördü.

Lakin Paşinyan deyəsən, Azərbaycan ordusunun real gücünü hesaba qatmayıb. Artıq Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatlarda Ermənistan mövqeləri Pilotsuz Uçan Aparatlarla(PUA) vurulur. Ermənistan tərəfi isə belə bir görüntülər yaya bilmir.Bu da onların daha müasir texnikalara sahib olmadığının bir göstəricisidir.

Xatırladaq ki, 2016-cı ildə də analoji vəziyyət olmuşdu.Həmin hadisədən sonra Ermənistanın sabiq prezidenti Serj Sarkisyana ictimaiyyətin etimadı sarsıldı və bu onun hakimiyyətnin sonunu gətirdi.

Paşinyan təxribat addımını atanda daha hansı mənfəətləri güdüb?Hazırkı döyüşlər də Paşinyan hakimiyyətinin sonunu gətirə bilərmi?

Siyasi şərhçi Sədrəddin Soltan “Cümhuriyət”ə açıqlamasında deyib ki, Paşinyanın sərhəddə təxribat törətməsi Ermənistanda yaranmış çətin vəziyyəti düzəltmək üçün öz sponsorlarından yenidən maliyyə almaq istəyindən irəli gəlir:

“"Qarabağ klanı" təkbaşına deyil. Robert Koçaryan və Serj Sarkisyanın başçılıq elədiyi dəstə sırf Rusiyayönlüdür.Ermənistanda hakimiyyət uğrunda mübarizə iki dəstə arasında gedir.Biri özünü Qərbyönlü, islahatçı sayan Paşinyançılar, digəri isə birbaşa olaraq Rusiyayönlü olan Koçaryanlar, Sarkisyanlar və digərləridir.Bütün bunların hamısı Ermənistanda 2 ildir davam edir.Paşinyanın Koçaryanı həbs etməsi Rusiya maraqlarını əsir almaq idi.Lakin Koçaryanın zaminə buraxılması ilə Rusiyayönlülər aktivləşdi.Deməli, Paşinyan hakimiyyətinə qarşı real güc ortaya çıxır.Bu yalnız Koçaryan və Sarkisyanın ətrafında toplaşanlar deyil, eyni zamanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanesyan da bu dəstədədir.Artur Vanesyan xüsusi xidmət orqanları ilə bağlı məktəbi Rusiyada keçib. Deməli, Vanesyan Rusiyayönlüdür. Ermənistanda ən zəngin şəxslərdən biri sayılan Sarokyan da Rusiyayönlü olması ilə bağlı bəyanatla çıxış etdi.Belə bir halda Paşinyana vəziyyətdən çıxış yolu lazımdır.Koronavirusla bağlı fövqəladə vəziyyət rejiminin uzadılması işləri yoluna qoya bilmir. Ölkənin diqqətini yayındırmaq, dünya ictimaiyyətinin diqqətini cəlb etmək, sponsorlardan əlavə maliyyə yardımı almaq üşün nə etmək lazımdır?-Azərbaycanla sərhəddə təxribat törətmək lazımdır. Paşinyan da bu vəziyyəti öz xeyrinə həll etmək, çətinlikdən xilas olamaq, habelə rəqiblərini vurmaq üçün bu yola əl atdı və sərhəd zonasında təxribatla məşğul oldu”.

Ekspert əlavə edib ki, bu təxribatı Ermənistan təkbaşına törətmir:

“Bu təxribatı törətməkdə Paşinyana Qarabağ probleminin həllində Ermənistana yardım edən sponsorlar kömək edir. Bunları da hamı tanıyır.Ermənistanın heç zaman özbaşına bu əməliyyatı keçirməyə gücü çatmaz.Çünki Ermənistan həmişə atəşkəslə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.Deməli, Ermənistan müharibədən qorxur ki, həmişə atəşkəslə bağlı beynəlxalq ictimaiyyətə müraciət edir.Azərbaycan tərəfi də atəşkəsin tərəfdarıdır.Amma bu atəşkəs rejimi torpaqların işğaldan azad edilməsinə və Azərbaycanın təhlükəsizliyinə xidmət etməlidir.Əks halda, hansı atəşkəsdən söhbət gedə bilər?Çünki atəşkəs məsələsi Ermənistana sərf edir.Ona görə Ermənistan dövlət sərhədlərində təxribat törədə bilir, erməni rəsmilər işğal altında olan torpaqlarımızda yallı gedir, kabab çəkir, qondarma innaqurasiya mərasimi təşkil edirlər.Bunların hamısı Azərbaycan xalqına qıcıq deyilmi?Buna görə də əks cavab olmalıdır”.

S. Soltan qeyd edib ki, Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı payızda məlum olacaq:

“Paşinyanın hakimiyyətinin sonunun gəlməsindən də danışmaq olar. Lakin bu məsələ koronavirusla bağlı məsələdən asılı olacaq.Avqustun 12-nədək Ermənistanda fövqəladə vəziyyət rejimini uzatdılar.Bu koronavirusla bağlı fövqəladə vəziyyət başa çatandan sonra bu barədə daha dəqiq fikir söyləmək mümkün olacaq.Ermənistandakı Rusiyayönlü müxalifət (Ümumiyyətlə, Ermənistanda müxalifət Rusiyayönlüdür) hakimiyyətin payızda dəyişiləcəyini bildirirlər.Ona görə də Paşinyanın vəziyyətini payızda görmək lazımdır. Necə ki, məşhur məsəldə deyirlər: “Cücəni payızda sayarlar”. Hadisələrin inkişafı payıza qaldı.Əgər Paşinyan o vaxtadək bütün rəqiblərini sıradan çıxarsa, Sarkisyana qarşı cinayət işi açdıra bilsə, əlavə olaraq ona qarşı olan qüvvələri neytrallaşdıra bilsə, hakimiyyət müddətini başa çatdıra biləcək.Əks halda, Ermənistanda yeni təlatümlər istisna deyil.Bundan "Qarabağ klanı" da istifadə edib hakimiyyətə gəlmək istəyə bilər. Paşinyan sərhəddə təxribat törətməklə vəziyyətdən öz xeyrinə istifadə etmək, yəni ordunun 2016-cı illə müqayisədə daha güclü olduğunu, cəmiyyətin ona inandığını göstərmək istəyir. Əks halda, erməni cəmiyyəti ayağa qalxıb “Paşinyana istefa” şüarı səsləndirməli idi”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2278