hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Paşinyan üçün “Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq?

Paşinyan üçün “Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq?

Ermənistanda vəziyyət getdikcə kritikləşir.

Sanki Qarabağda partlamayan “İskəndər” raketi Ermənistanda müxalifətlə iqtidar arasında “işə düşüb”. Silahlı Qüvvələrin Baş qərargah rəisi Onik Qasparyanın Baş nazir Nikol Paşinyanın istefasını tələb etməsi aydın səmada şimşək effekti verib.

Siyasi qarşıdurma hərbi toqquşmaya keçə bilər. Onik Qasparyan tək deyil, məlumata görə, 38 general Nikol Paşinyana qarşı çıxıb. Görünən odur ki, Ermənistanın Prezidenti də hərbçilərin mövqeyini doğru hesab edir. 38 general az qüvvə deyil.

Paşinyan onların hamısını ordudan necə təmizləyəcək?

“Prezident müxalifətin sıralarına keçib”

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, erməni generallar ya tədricən ordudan təmizlənə bilər:

“Lakin əməllərinə görə peşman olanlar orduda saxlanıla bilərlər:

“Əsas məsələ Baş Qərargah rəisi və onun birinci müavinidir. Yerdə qalanları ya tədricən təmizləmək, ya da “tövbə edəcəklər”. Digər ciddi məsələ, Ermənistan prezidentinin konstitusiyaya uyğun olmayan davranışlarıdır. Yəni prezident də müxalifətin sıralarına keçmiş kimi görünür və Baş nazirin qərarını fərmana çevirmək istəmir. Onsuz da üç gündən sonra Baş nazirin qərarı avtomatik şəkildə icra olunacaq. Hesab edirəm ki, hələlik Paşinyan dözüb dayanır və müqavimət göstərə bilir”.

“Çevriliş baş tutmadı”

Politoloq hesab edir ki, artıq Ermənistanda prezidentin mövqeyindən asılı olmayaraq çevrilişin baş tutacağı mümkün görünmür:

“Digər məsələ Ermənistanda prezidentin hərbçiləri dəstəkləyəcəyi təqdirdə, çevrilişin mümkün olub- olmamasıdır ki, hesab edirəm 26 fevraldan sonra mümkün olmayacaq. Əgər çevriliş olacaqdısa, fevralın 25-dən 26-na keçən gecə ola bilərdi. Bu gecə keçdisə, bundan sonra çevriliş ehtimalı demək olar ki, sıfıra yaxındır. Artıq Paşinyan təşəbbüsü ələ alıb. Dünya da ordunun siyasiləşdirilməsini qəti şəkildə pisləyir. Bircə Rusiya pisləmir, çünki onun maraqlarına uyğundur. Beynəlxalq təşkilatlar da, aparıcı dünya dövlətləri də ordunun kazarmalardan çıxıb, siyasi səhnəyə qarışmasını şiddətlə pisləyir. Bu da Paşinyana müsbət xal qazandırır”.

“Ordunun hamısı Paşinyana qarşı çıxmayıb”

Politoloq Elşən Manafov isə hesab edir ki, Paşinyan Baş Qərargah rəisi və onun müavinini vəzifədən azad etməklə orduda Rusiyanın təsirini azaltmağa çalışdığı üçün, Kreml onu yüngül şəkildə cəzalandırmaq qərarına gəlib:

“Paşinyanın “İsgəndər” raketi ilə bağlı açıqlamasının Ermənistan ordusuna belə təsir edəcəyini izah etmək olar. Amma güman etmirəm ki, məhz “İsgəndər”lə bağlı açıqlama Paşinyanın mövqeyinə bu cür təsir göstərmiş olsun. Məlumdur ki, “İsgəndər” raketləri Rusiyanın Ermənistandakı Gümrü bazasında idi. Rusiya onu Ermənistana vermişdisə belə, həmin raketlərin havada partlaması diqqəti cəlb etməyə bilməz. Xüsusən, hərbi ekspertlərin fikirləri bundan ibarətdir ki, həmin raketlərin lazımi məqamda özünü məhvetmə imkanı var və vahid mərkəzdən idarə olunur. İndi bu mərkəzin Ermənistanda, yoxsa Rusiyada yerləşdiyinə aydınlıq gətirmək lazımdır. Bu mənada, düşünürəm ki, Paşinyanın “İsgəndər”lə bağlı açıqlaması, onunla ordu arasında narazılıqlar yarada bilərdi. Amma nəzərə almaq lazımdır ki, ordunun hamısı Paşinyana qarşı çıxmayıb. Müdafiə naziri də daxil olmaqla, ordunun əksəriyyəti Paşinyanı dəstəkləyir. Paşinyana qarşı sürülən ittiham ondan ibarətdir ki, ordunun Baş qərargah rəisi ilə onun müavinini vəzifədən uzaqlaşdırıb. Görünür, Baş qərargah rəisi orduda Rusiya ilə bağlı gizli qruplaşmanın rəhbəri olduğu üçün, Paşinyanın məhz bu addımı Rusiyanı qəzəbləndirib. Paşinyanın istefasını tələb edən şəxslər, Baş qərargah rəisi, onun müavini və şöbə rəisləridir. Paşinyan xalqa müraciətində də deyib ki, ordu hələ də mənə tabedir. Ona görə də hesab edirəm ki, ordu və güc strukturları nə qədər ki, Paşinyanın tərəfindədir, onu devirmək mümkün deyil”.

“Paşinyanın devrilməsi Rusiyaya da sərf etmir”

Politoloq hesab edir ki, Paşinyanın devrilməsi Rusiyaya və İrana da sərf etmir:

“Paşinyanın devrilməsi kommunikasiya xətlərinin açılması baxımından Rusiyaya da sərf etmir. Çünki Paşinyan devrilərsə, onun yerinə revaşist “Qarabağ klanı” gələcək. Onlar da kommunikasiya xətlərinin Açılması ilə bağlı Paşinyanın imza atdığı öhtəlikləri yerinə yetirməkdən imtina edəcəklər, bu gözləniləndir. Zamanında Rusiyada bolşeviklər imperatoru devirib, Rusiyanın Antanta qarşısındakı öhdəliklərindən imtina etdikləri kimi, Ermənistanda da eyni vəziyyət baş verə bilər. Bu Rusiyanın regionla bağlı maraqlarına da cavab verməməlidir. Çünki Rusiya nəqliyyat və kommunikasiya xətlərinin açılmasında maraqlıdır və bu məsələ Türkiyə ilə razılaşdırılıb. Digər tərəfdən, söhbət Şimal- Cənub nəqliyyat, kommunikasiya xətlərinin açılmasından da gedir. Bugünlərdə İranın xarici işlər Naziri Cavad Zərif də elan edib ki, qarşıdakı günlərdə İranın da Rusiyanın təsiri altında formalaşmış Avrasiya İqtisadi Birliyinə qoşulma ehtimalı böyükdür. Ekspertlər hesab edirlər ki, yaxın bir ay ərzində İran bu addımı atacaq. Bundan əlavə, İran Çinlə 25 il ərzində investisiyaların yatırılması barədə təxminən 400 milyardlıq bir layihəyə imza atıb. Görünür, Çin özü də İranla bu məsələdə maraqlıdır. Beləliklə, İran Birləşmiş Ştatların ona tətbiq etdiyi sanksiyaların təsirini azaltmaq baxımından Avrasiya İqtisadi Birliyinə qoşula bilər. Rusiya hazırda iqtisadi baxımdan dünyanın altıncı, İran isə 25-ci gücüdür. Nəzərə alsaq ki, ABŞ Rusiya və İrana da təzyiqləri gücləndirir, bu halda regionla bağlı kommunikasiya xətlərinin açılması Moskvanın da maraqlarına cavab verməlidir”.

“İran revanşist klanın hakimiyyətə gəlməsini istəmir”

E.Manafovun fikrinə görə, İran da Ermənistanda hakimiyyətin dəyişməsini istəmir:

“Hesab edirəm ki, İran özü də Ermənistanda revanşist klanın hakimiyyətə gəlməsini istəmir və yaxın günlərdə Ermənistanda baş verənlərə öz münasibətini də bildirəcək. Yeri gəlmişkən qeyd edək ki, qardaş Türkiyə də Ermənistanda baş verənləri pislədi. Çünki Türkiyənin də həmin layihədə marağı var. Türkiyənin özü də bu layihəyə qoşulacağı təqdirdə, Rusiyada düşünəcəklər ki, Ərdoğanın istəyi yaxın perspektivdə Turan yaratmaq yox, Osmanlının hakimiyyəti altında olmuş ərazilərdə Türkiyənin təsirinin daha da möhkəmləndirməkdir. Əgər Türkiyə bu layihəyə daxil olsa, məlum olacaq ki, o, yaxın perspektivdə Rusiyanın təsiri altında olan türkdilli dövlətlərə müxadilə etməyəcək. Burada söhbət hərbi müdaxilədən getmir. Ən əsası isə bu layihənin mərkəzində yer almış dövlətlərdən biri Azərbaycandır. Eyni zamanda Ermənistanın da bu kommunikasiya xətlərində rolu nəzərdə tutulub. Ona görə də, hesab edirəm ki, Paşinyanın devrilməsində Rusiya maraqlı olmamalıdır. Rusiya Ermənistanda baş verənləri, onun daxili işi adlandırması, əslində bu anlama gəlir ki, Kreml orada müxalifətə açıq şəkildə dəstək vermir. Paşinyan açıqlamasında bildirdi ki, Rusiya ilə hərbi sahədə münasibətləri daha da genişləndirib, effektiv edəcəyik. Bu əslində Rusiyanın Qərbə ismarıcı idi. Rusiya Qərbə bu ərazilərdə kimin söz sahibi olduğu mesaını verməyə çalışdı. Hesab edirəm ki, Paşinyanı devirməkdən daha çox, kommunikasiya xətlərinin açılışı ilə Avrasiya İqtisadi Birliyini gücləndirib, onu Qərbə qarşı daha dayanıqlı etmək Rusiyanın məqsədlərinə daha çox uyğun gəlir”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3851