hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Paşinyan üçün “düyməyə basıldı”: Baş naziri kim yıxır?

Paşinyan üçün “düyməyə basıldı”: Baş naziri kim yıxır?

Bir qrup erməni ictimai xadimlər keçmiş prezident Robert Köçəryanı dəstəkləyən bəyanatla çıxış edib. 

Onlar Paşinyan hökumətini konstitusiyaya zidd hərəkətlərdə ittiham edir. Müraciətin mətni facebook sosial şəbəkəsində dərc edilib. Bəyanatı Ermənistanın siyasət, mədəniyyət və idman xadimləri imzalayıb.

“Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Ermənistanın demokratik dəyərlərə sadiq olduğunu, məhkəmə hakimiyyətinin müstəqilliyini təmin edən, ölkədə siyasi təqiblər istisna olmaqla, hakim siyasi qüvvə olmasına baxmayaraq, baş nazir tamamilə fərqli motivləri rəhbər tutur. Milli maraqlar hazırkı hökumətin şəxsi və siyasi məqsədlərinə ziddir”, - deyə müraciətdə bildirilib.

“Bütün bunları nəzərə alaraq, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın əslində, siyasi məhbus olduğunu söyləməkdən başqa seçimimiz qalmır. Son günlərin həbsləri göstərir ki, hakimiyyət öz məqsədlərinə çatmaq üçün dayanmayacaq və represiyalara əl ata bilər”, - deyə müraciətə əlavə edilib.

Bəyanatı imzalayan şəxslər hakimiyyəti eks-prezidentə qarşı olan konstitusiyaya zidd prosesi, anti-dövlət fəaliyyətlərini dayandırmağa və Robert Köçəryanı həbsdən azad etməyə çağırır. Onların arasında erməni separatizminin ideoloqu Zori Balayan, general-leytenant Vitali Balasanyan, jurnalist Alvard Barxudaryan, Ermənistan Milli Təhlükəsizlik Şurasının sabiq rəhbəri David Şahnazaryan və başqaları da var.

Politoloq Elşad Mirbəşiroğlu hesab edir ki, sözügedən bəyanat Nikol Paşinyanın hakimiyyətinin dayaqlarının zəiflədiyini göstərir. Bu isə onun Baş nazir postunu itirməsi ilə nəticələnə bilər:

“Həmin bəyanatda həm Paşinyanın yarıtmaz fəaliyyətinə münasibət var, həm də Köçəryanı dəstəkləmək cəhdləri var. Çünki elektorat Paşinyanı dəstəkləsəydi, onun hakimiyyəti güclü olacaqdı. Amma Paşinyan kütlənin eyforiyası üzərindən hakimiyyətə gəldi. Serj Sarkisyan kifayət qədər yarıtmaz fəaliyyət göstərdiyinə və ölkədə sosial-iqtisadi vəziyyət acınacaqlı olduğuna görə kütlə Paşinyanı dəstəklədi. Ancaq Paşinyan kütləyə verdiyi vədləri yerinə yetirə bilmədi. Ermənistanda sosial-iqtisadi vəziyyət yaxşılaşmadı. Baş nazir özü öz mövqeyi ilə ziddiyyət təşkil edən bəyanatlar səsləndirməyə başladı. Məsələn, Qarabağ məsələsində baş nazirin fikirləri üç dəfə transformasiya olundu. Yəni o, özü öz fikirlərini transformasiya etdi. Paşinyan hakimiyyətə gələndə separatçıları danışıqlar masasına əyləşdirmək istəyirdi. O, bildirdi ki, Ermənistanın Dağlıq Qarabağın adından danışmaq hüququ yoxdur. Sonra Paşinyan bu ilin avqust ayında “Qarabağ Ermənistandır” fikrini səsləndirdi. Sonra isə BMT Baş Asambleyasının 74-cü sesiyasında yenə də fikrini dəyişdi və münaqişənin təmzimlənməsinin həm Azərbaycanın, həm Ermənistanın, həm də Dağlıq Qarabağın maraqlarına cavab verməsinin vacibliyini söylədi. Daxili siyasi məsələlərdə də vəziyyət eynidir. Yəni Paşinyanın sabit mövqeyi yoxdur və bu da insanların gözündən yayınmır. Nəticədə, Paşinyana qarşı olan əks-siyasi cinahın sosial bazası güclənir. Burada Robert Köçəryan amili var. Paşinyan “Qarabağ klanı”nı özünün hakimiyyəti üçün ən ciddi təhlükə hesab edir. “Qarabağ klanı”nın lideri qismində də Köçəryanı görür. Bu baxımdan, Köçəryana qarşı cinayət işinin başladılması ilk növbədə, Paşinyanın hakimiyyətinin təhlükəsizliyi məqsədilə atılan addımdır. Bütün bunlar Paşinyanın Ermənistanın deyil, özünün şəxsi maraqları üçün çalışdığını göstərir. Köçəryan məsələsində Rusiya amilini də unutmaq lazım deyil. Rusiya eks-prezidenti açıq şəkildə dəstəkləməkdə davam edir. Rusiya Prezidenti Vladimir Putinin iki dəfə Köçəryana zəng etməsi, eyni zamanda Avrasiya Ali Şurasının toplantısı çərçivəsində həyat yoldaşı Bella Köçəryanla görüşməsi bunu təsdiq edir. Görüşün təfərrüatları barədə ətraflı məlumat olmasa da Köçəryanın həbsi və Ermənistandakı siyasi vəziyyətin müzakirə olunduğu güman edilir. Putinin özünün Bella Köçəryanla görüşməsi əslində, Nikol Paşinyana siyasi mesaj idi. Bu siqnal da Köçəryanın tərəfdarlarının hərəkətə keçməsini şərtləndirdi. Ermənistanda müxtəlif təbəqənin təmsilçilərinin birgə müraciət yayması da həm Köçəryana xarici dəstəyin ifadəsidir, həm də Paşinyana artan etimadsızlıqdan xəbər verir”.

Ekspert onu onu da bildirdi ki, Ermənistanın siyasi həyatına təsir etmək imkanlna malik olan şəxslərin birgə müraciət yayması Paşinyanın hakimiyyəti üçün ciddi problem yaradır. Çünki N.Paşinyan xarici siyasətdə, xüsusilə də Rusiyaya qarşı ciddi səhvlərə yol verib. Bu özünü Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına münasibətdə və hakimiyyətə gəlmək ərəfəsində Avrasiya İqtisadi Birliyinin əleyhinə verdiyi bəyanatlarda göstərib. Paşinyan vaxtilə Ermənistanın adıçəkilən təşkilatlara üzv olmasının qəti əleyhdarı kimi tanınıb: 

“Hətta Paşinyan Dağlıq Qarabağdakı rejimin dəyişdirilməsinə də cəhd edirdi. Hətta Brüsseldə verdiyi bəyanatında da o, “demokratiyanı Qarabağa da yaymaq lazımdır” deməklə qondarma rejimi dəyişmək və orada özünə loyal fiquru hakimiyyətə gətirmək niyyətini ortaya qoydu. Lakin o, buna nail olmadı. “Qarabağ klanı” kifayət qədər güclüdür. Paşinyan qondarma rejimə demək olar ki, bata bilmədi. Köçəryanın da əhatəsi güclənməkdədir. Bu baxımdan, Paşinyanın hakimiyyəti üçün real təhlükə var. Mən deməzdim ki, Paşinyan devriləcək. Sadəcə olaraq, Ermənistanın növbəti baş naziri Nikol Paşinyan olmayacaq”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1970