hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Paşinyandan “Qarabağ klanı”na seçki “sürpriz”i

Paşinyandan “Qarabağ klanı”na seçki “sürpriz”i

Elxan Şahinoğlu: “”Qarabağ klanı” Paşinyanın büdrəməsini, səhv addım atmasını gözləyir”

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli siyasətini davam etdirir. Baş nazir danışıqlarda qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) iştirak etməsini təklif etmişdi. Eyni zamanda o, Dağlıq Qarabağın adından danışmaq səlahiyyətində olmadığını demişdi. Ancaq son zamanlar Paşinyan qondarma rejim üzərində nəzarət imkanlarına sahib olmaq üçün bütün resurslardan istifadə etməyə cəhd edir.

Ermənistanın hökumətinin son qərarı da bunu bir daha göstərir. Belə ki, Ermənistan KİV-in yaydığı məlumata görə, avqustun 22-də bu ölkənin hökuməti tanınmamış Qarabağda “seçkiləri izləmək üçün” ilk dəfə olaraq xarici QHT-lərə vəsait ayırıb. Üstəlik, bu "görünməmiş bir qərar" kimi qələmə verilir. Onların təbirincə, "Ermənistan hökuməti həmişə demokratiya üçün pul istəmək rolunda olubsa, indi donor rolunda çıxış edir".

Əslində, Ermənistan hakimiyyəti bununla bir daha özünü təkzib edib. Azərbaycan Xarici İşlər Nazirliyinin də bu məsələyə mövqeyi birmənalıdır. Ermənistan mediasının yaydığı bu məlumatlarla bağlı açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan ilk dəfə deyil ki, bu ərazilərdə "seçkilər" və ya "referendum" adlandırdığı müxtəlif tamaşalar keçirir.

L.Abdullayeva qeyd edib ki, onların nəticələrinə görə, beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək, qanunsuz rejimin, eləcə də onun tərəfindən keçirilən hər hansı bir "seçkilər"in tanınmaması ilə bağlı prinsipial mövqeyini daim bəyan edir: "Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər”in izlənməsi üçün vəsait ayıran Ermənistan hökuməti bir daha ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ona bitişik inzibati rayonlarına nəzarəti həyata keçirdiyini etiraf etmiş olur və bununla da 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarın müvafiq müddəalarının doğru olduğunu təsdiqləyir.

Nəhayət, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "yerli idarəetmə orqanlarına seçkiləri" demokratiyanın göstəricisi kimi təqdim etmək cəhdləri heç bir məntiqə sığmır. Dünya birliyi azərbaycanlı əhalinin kütləvi qırğınlarını, etnik təmizlənməsini və yüz minlərlə məcburi köçkünün təməl hüquqlarının pozulmasını pisləyir. Bütün bu beynəlxalq deliktlərə görə cavabdehlik daşıyan Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz”.

Məlumdur ki, separatçılar “Qarabağ klanı”nın nümayəndələri olan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın nəzarətindədir. Paşinyan hökuməti ilə qondarma DQR arasında yaşanan qarşıdurma da məhz bunun nəticələridir. Hətta siyasi şərhçilər qondarma DQR ilə Paşinyan arasında yaşanan qarşıdurmanın hərbi müstəviyə keçəcəyini istisna etmirlər. Paşinyanın son addımları da seçkilərin nəticələrini öz xeyrinə dəyişməyə hesablanmış addım kimi qiymətləndirilir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında Paşinyanın əvvəl dedikləri isə indiki addımlarının üst-üstə düşmədiyini deyib:

“Qondarma Dağlıq Qarabağ Respublikasında iki “seçkidən” söhbət gedir. Əvvəl bələdiyyə, sonra prezident seçkiləri olacaq. Paşinyan bir ara deyirdi ki, Qarabağın adından danışa bilmərəm. Amma indiki addımı, üstəgəl Qarabağ Ermnistanındır deməsi, əvvəl dediklərinin üstündən xətt çəkdi. Əslində, Paşinyanın dedikləri bizim əlimizi gücləndirir. Özü etiraf edir ki, Qarabağ Ermənistanın işğalı, nəzarəti altındadır. Oğlunu da Qarabağa xidmətə göndərir. Bu günlərdə fərarilik edən də Ermənistan vətəndaşıdır. Bununla bağlı beynəlxalq təşkilatlara çox ciddi mesajlar yollamalıyıq ki, bu hallar danışıqları pozur. Amma çox təəssüf ki, beynəlxalq təşkilatlardan da adekvat reaksiya görmürük. Məsələn, Paşinyanın “Qarabağ Ermənistanındır” fikrinə beynəlxalq təşkilatlar heç bir reaksiya vermədi. Ən azından deməli idi ki, bu pozuculuqdur. Əgər Qarabağ Ermənistanındırsa, o zaman danışıqlara nə ehtiyac varə”

“Qarabağ klanı”nın rəhbərləri Robert Köçəryan və Serj Sarkisyanın Paşinyanla qarşıdurmasına da toxunan Elxan Şahinoğlu deyib ki, hazırda separatçılar gözləmə mövqeyindədir:

“Paşinyanın büdrəməsini, səhv addım atmasını gözləyirlər. “Qarabağ klanı” Paşinyanın verdiyi vədləri yerinə yetirməməsini gözləyir və bu ad bir neçə aya yetişə bilər. Yayı birtəhər başa vursa, gələcək aylarda qaz, enerji problemləri çıxacaq, Gürcüstanla yol kəsiləcək, Rusiya ilə idxal-ixrac əməliyyatlarında problem yaşayacaq. Köçəryan və Sarkisyan cütlüyü də həmin anı gözləyir. Həmin an yetişən, Paşinyanın mövqeləri zəifləyən kimi sözlərini deməyə çalışacaqlar”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1233