hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Paşinyanın şübhəli referendum gedişi: Nəyə hesablanıb - TƏHLİL

Paşinyanın şübhəli referendum gedişi: Nəyə hesablanıb - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ probleminin  nizamlanmasına dair ölkədə referendum keçiriləcəyini bəyan edib. Cebhe.info-nun məlumatına görə, parlamentdə çıxışı zamanı hökumət başçısı münaqişənin nizamlanması ilə bağlı qəbul edilmiş variantın ümumxalq səsverməsinə çıxarılacağını bildirib. 

Xatırladaq ki, N.Paşinyan bu barədə ilk açıqlamasını hələ avqustun 17-də İrəvanın mərkəzində keçirdiyi mitinqdə vermişdi. O, Dağlıq Qarabağ problemi ilə bağlı hər hansı qərarın  mitinq iştirakçıları ilə razılaşdırıldıqdan sonra qəbul ediləcəyini deyib. Ermənistan Milli Məclisinin deputatı Armen Kyureqyanın “Sizin bu bəyanatınız nə qədər ciddidir” sualına cavab olaraq Nikol Paşinyan bildirib ki, münaqişənin həllinə dair danışıqların nəticələrinə uyğun razılıq əldə olunarsa, bu referendum yolu ilə qəbul edilməlidir: “Hesab edirəm ki, bu cür məsələlər vətəndaşların iradəsini nəzərə alaraq həll olunmalıdır. Əlbəttə ki, bu yanaşmalar və ya həll variantları mitinqdə təqdim olunacaq, amma bu o demək deyil ki, bir mitinqlə Qarabağ münaqişəsinin taleyini müəyyən etmək mümkündür. Referendum keçirilməli, qanunvericilikdə öz əksini tapdığı kimi mitinqlər vasitəsilə kampaniya aparılmalıdır”-Paşinyan belə deyib. 

Qeyd edək ki, Ermənistanın baş nazirinin bu açıqlaması Dağlıq Qarabağ probleminin nizamlanmasına dair danışıqlar prosesində tamamilə yeni bir yanaşmanı ortaya qoyur. Çünki Azərbaycana məxsus  ərazilərinin hüquqi statusunun  Ermənistanda, yəni başqa bir dövlətin ərazisində keçirilən referendumla müəyyən edilməsi  münaqişənin həllinə dair ATƏT-in, Avropa Birliyinin və Avropa Şurasının müvafiq qətnamələrinə, ATƏT-in Lissabon sammitinin qərarına, BMT-nin nizamnaməsinə, münaqişənin həllinə dair beynəlxalq hüquqi normalara,  o cümlədən Ermənistanın 27 noyabr 2017-ci ildə Avropa İttifaqı ilə imzalanmış Geniş və Hərtərəfli Sazişlə üzərinə götürdüyü  öhdəliklərə və Yelsinki Yekun Aktının prinsiplərinə ziddir. Belə bir referendumu keçirmək cəhdi Ermənistanın Azərbaycanın daxili işlərinə, ərazi bütövlüyünə və suverenliyinə növbəti müdaxiləsi olmaqla yanaşı, münaqişənin həlli istiqamətində əldə olunmuş hər hansı razılaşmanı poza bilər.

Dağlıq Qarabağın yekun hüquqi statusunun referendum yolu ilə müəyyən edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair 2007-ci ilin noyabr ayında də qəbul olunmuş “Madrid prinsipləri”nə əsaslana bilər. 

Həmin sənədlərdə münaqişənin mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur. Birinci mərhələdə Dağlıq Qarabağın ətrafında işğal olunmuş beş rayon (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonunun 13 kəndi), ikinci mərhələdə Kəlbəcər və Laçın rayonun yerdə qalan hissəsi Azərbaycana qaytarılır. Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yaratmaq üçün Laçın rayonu ərazisindən nəqliyyat dəhlizi verilir. Azərbaycanlı məcburi köçkünlər öz evlərinə qaytarılır. Bundan sonra Dağlıq Qarabağın yekun hüquqi statusunu müəyyən etmək üçün referendum keçirilir. Ermənistan referendumun yalnız  Dağlıq Qarabağın erməni icması arasında, rəsmi Bakı isə Azərbaycan konstitusiyasına uyğun olaraq bütün ölkə ərazisində  keçirilməsini  təklif edir. Bununla yanaşı, referendumun Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə iştirakı ilə keçirilməsinə dair fikirlər də var. Lakin Ermənistanın Azərbaycanın təklifləri ilə indiyə qədər razılaşmaması münaqişənin “Madrid prinsipləri” əsasında həllini mümkünsüz edib. 

2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ probleminin həllinə təkan vermək üçün birgə bəyanatla çıxış etdilər. Həmin sənəd 2007-ci ildə irəli sürülmüş təkliflər paketinin  baza prinsiplərindən fərqləndiyinə görə “Yenilənmiş Madrid Prinsipləri” adlandırılır. 

Orijinal Madrid prinsipləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən mərhələli çıxarılmasını nəzərdə tuturdusa,  yeni versiyada mərhələli termini yoxdur. Eyni zamanda, “Madrid prinsipləri”ndə  Dağlıq Qarabağın yekun statusunun referendum yolu ilə təyin edilməsi göstərilirdisə, “Yenilənmiş Madrid prinsipləri”ndə əsasən yekun status iradənin hüquqi yolla ifadə edilməsi ilə termini işlədilir. Ona görə də Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi mexanizmi qeyd edilən təkliflər paketində öz əksini tapmayıb. Sənəddə yalnız Dağlıq Qarabağa müvəqqəti statusun verilməsindən danışılır. Bu baxımdan, referendum anlayışı danışıqlar prosesində demək olar ki, öz əhəmiyyətini itirib və Azərbaycan bu mövzunu müzakirəyə çıxartmaya  bilər. 

Nikol Paşinyan isə Ermənistanda referendum keçirmək iddiasını ortaya atmaqla bu və ya digər spekulyativ imkanlar əldə etmək niyyətini açıq ortaya qoyur. Birincisi, görünür, baş nazir  Dağlıq  Qarabağ probleminin  nizamlanmasına dair əldə oluna biləcək hər hansı razılaşmanın məsuliyyətini xalqla bölüşmək istəyir.  Əgər Paşinyan  Azərbaycanla danışıqlarda güzəştə gedərsə, məsələni ümumxalq səsverməsinə çıxartmaqla bu qərarı xalqın verdiyi barədə rəy yaratmağa çalışa bilər. Lakin N.Paşinyanın Dağlıq Qarabağı  Ermənistanın ərazisi adlandırması, müharibəyə hazırlıq məqsədilə komanda-qərargah təlimlərinə başlaması və digər bəyanatları  onun Azərbaycanla hər hansı siyasi kompromisə getmək niyyətində olmadığından xəbər verir. Deməli, Ermənistan hökumətinin başçısının açıqlaması tamamilə əks mövqeyə xidmət edir. Yəni hakimiyyətə gələn zaman Qərbdəki himayədarları qarşısında Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv  addımlar atacağına, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına dair siyasi  öhdəlik götürmüş “məxməri inqilab” lideri  indi bu vədindən yayınmağa başlayıb. Paşinyan məsuliyyətdən yayınmaq üçün ABŞ-ın və Avropanın təzyiqlərindən yayınmaq üçün “xalqın iradəsi” adlı kart-blanşdan istifadə edir. O, pərdə arxasında özünün Azərbaycanla anlaşmaya getməyə hazır olduğunu nümayiş etdirsə də üzdə məsələni referenduma, mitinqlərdə müzakirəyə  çıxartmaqla Ermənistan ictimaiyyətinin buna müqavimət göstərdiyini sübut etməyə çalışır. Qərblə münasibətlərdə manevr etmək imkanı

N.Paşinyana həm hakimiyyətdə, həm də Qarabağ məsələsində status-kvonu saxlamağa kömək edir.

Müşfiq Abdulla
Cebhe.info 

 


Oxunma sayı: 11380