hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Paşinyanın anti-Rusiya dirənişi: Putin payızı gözləyir - ŞƏRH

Paşinyanın anti-Rusiya dirənişi: Putin payızı gözləyir - ŞƏRH

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi son vaxtlar yenidən güclənib.

Hələ Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində döyüşlər gedəndə, baş nazir Nikol Paşinyanın bu məsələdə öz maraqlarının olduğuna dair fikirlər səslənirdi. Ekspertlər bildirirdi ki, Paşinyan bu təxribata əl atmaqla Rusiyanın Ermənistana dəstək vermək vermədiyini xalqa sübut etməyə çalışır. Paşinyanın hərbi yardım üçün Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi də həmin məqsədə xidmət edirdi. Çünki, baş nazir Rusiyanın və KTMT-nin Azərbaycanla açıq münaqişəyə girməyəcəyini yaxşı başa düşürdü. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinlə N.Paşinyan arasında münasibətlər soyuq olduğundan Kremlin öz müttəfiqinin çağırışına biganə yanaşması gözlənilən idi. Doğrudur, Tovuz döyüşləri regionda gedən geosiyasi savaşın nəticəsi idi və bu oyunda Rusiyanın öz maraqlarının olduğu üzə çıxdı. Lakin Kreml ikibaşlı mövqe tutaraq Paşinyan hökumətinə də birmənalı şəkildə dəstək vermədi.

Bu isə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarıb Qərbyönlü kurs götürməyə çalışan Paşinyan üçün yaxşı bəhanə idi. Yəni Ermənistanın baş naziri demək olar ki, öz məqsədinə çatmaq üçün ilkin hədəflərə nail ola bilib. Ölkədə Rusiyadan narazılıq artmağa başlayıb. Hətta Ermənistan prezidenti Armen Sarkisyanın Ermənistan prezidenti Armen Sarkisyan xarici televiziya kanallarının, o cümlədən Rusiya kanallarının ictimai multipleksdə yayımına məhdudiyyətlərin qoyulmasını nəzərdə tutan qanunu imzalayıb. Bu, Rusiyanın Ermənistanda təbliğat maşınının rəsmən dayandırılması deməkdir. Rusiya telekanallarının Ermənistanda yayımının bərpa edilməsi üçün lisenziya alması lazımdır. Paşinyan iqtidarının belə lisenziyanı verəcəyi də şübhə doğurur.

Ona görə də Moskvanın Ermənistana təzyiqləri yaxın perspektivdə arta bilər. Kreml Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün həm daxili narazılıqdan, həm də Qarabağ kartından istifadə etməyə çalışacaq. Hazırda Rusiyanın diqqəti daha çox Belarusa yönəlib. Avqustun 9-da Belarusda keçiriləcək prezident seçkiləri ərəfəsində iki müttəfiq ölkə arasında münasibətlər hərbi qarşıdurma vəziyyətinə gəlib. Hətta Rusiyanın Belarusda “Ukrayna” ssenarisini həyata keçirib bu ölkəni işğal etmək niyyəti barədə danışılır. Belarusla hərbi-siyasi münaqişə yaranacağı təqdirdə, Rusiyanın diqqəti şimal-şərq sərhədlərinə yönələcək. Çünki bu halda Qərbin vəziyyətə müdaxilə edəcəyi, ABŞ və NATO ilə növbəti qarşıdurma qaçılmaz olacaq. Əks təqdirdə, yəni Belarus-Rusiya münasibətlərini sabit məcraya yönəltmək mümkün olarsa, o zaman Cənubi Qafqaz, eləcə də Ermənistanla münasibətlər Kreml üçün hədəfə çevriləcək. Sentyabr ayında Rusiyanın genişmiqyaslı “Qafqaz-2020” hərbi təlimlərinə başlayacağını nəzərə alsaq, bölgədə Kremlin geosiyasi fəallığı artacaq. Ancaq görünür, bu təlimlər yalnız yalnız Qərbin enerji müttəfiqi olan Azərbaycana və NATO-ya üzv olmağa hazırlaşan Gürcüstana deyil, həm də Ermənistandakı Paşinyan hakimiyyətinə xəbərdarlıq mesajıdır.

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Rusiya Ermənistan əlaqələri kifayət qədər gərgin mərhələyə qədəm qoyub. Baş nazir Nikol Paşinyanın anti-Rusiya əhval-ruhiyyəsini davam etdirməsi iki ölkə arasında mədəni əlaqələri əhatə edən müqavilələrdən başlayaraq pozmağa çalışır:

“Qeyd edim ki, Rusiyanın informasiya siyasətinin tərkib hissəsi olan televiziyalar Kremlin hazırkı siyasətinin digər ölkələrdə təbliğatinda əsas rol oynayır. Ermənistan da Rusiya telekanallarının birbaşa yayımının dayandırılması Yerevanın Kremlə demarş siyasətidir. Bununla Nikol Paşinyan Moskvadan ölkəsinin siyasi kursunu ayırmaq planını reallaşdırılmaq istiqamətində ciddi addım atıb. Hesab edirəm ki, Paşinyan bu qərarı SOROS fondunun göstərişlərinə əsasən həyata keçirir. Burada əsas səbəb Rusiyanın Ermənistandakı siyasi mövqeyini zəiflətmək və tədricən ölkədən getməsinə nail olmaqdır. Bununla bağlı atılan addımlar əlbəttə ki, Kremldə ciddi təhlil edilir və hesab edirəm ki, mütləq cavab tədbirləri görüləcək. Paşinyan yalnız Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıqda maraqlıdır. Amma, bu Moskvanı qane etmir. Hesab edirəm ki, Ermənistanda anti-Rusiya siyasəti regionda müəyyən müsbət dəyişikliklərə səbəb ola bilər. Rusiyanın Ermənistana dəstəyi zəifləyərsə, bu Qarabağ məsələsində yeni bır situasiyanın yaranması ilə nəticələnər. Ümumiyyətlə, Rusiya Ermənistanda payız aylarında yeni bir siyası işlərə başlayacaq. Bu da Paşinyanın siyasi dayaqlarını laxlada bilər. Rusiya hələ ki, Belarusdakı prosesləri izləyir. Amma Rusiya Ermənistanda baş verənləri rahat qarşılamayacaq. Paşinyan Rusiyanı ölkəsindən çıxara bilərsə, bu həqiqətən də regiona yeni siyasi düzən gətirəcək və ölkəmizin mövqeləri möhkəmlənəcək”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 18492