hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Paşinyanın Avropa turnesinin pərdəarxası: Kremlə verilən mesaj - BİZİM TƏHLİL

Paşinyanın Avropa turnesinin pərdəarxası: Kremlə verilən mesaj - BİZİM TƏHLİL

Azərbaycan, Rusiya və Ermənistan hökumət nümayəndələrindən ibarət işçi qrupun fəaliyyətini dayandırıb.

Bu barədə baş nazirin müavini səlahiyyətlərini yerinə yetirən Mğer Qriqoryan məlumat verib.

O bildirib ki, buna səbəb iki ölkə arasında sərhədlə bağlı yaranan gərginlikdir.

Ancaq məlumdur ki, işçi qrupun fəaliyyətini dayandırması birbaşa Nikol Paşinyan hökumətinin prosesi pozması nəticəsində baş verib. Yəni rəsmi İrəvanın bu məsələdən öz niyyətinə çatmaq üçün taktiki vasitə kimi istifadə etməyə çalışır.

Mövcud situasiyanın təhlili Ermənitsanın “oyunu pozmaq” cəhdinin işçi qrupda təmsil olunan baş nazirinin müavini səlahiyyətlərini yerinə yetirən Mğer Qriqoryanın dediyi kimi, yalnız sərhəd mübahisəsi ilə bağlı olmadığını göstərir.

Qirqoryan bildirib ki, hazırda üçtərəfli komissiya işini davam etdirmir:

“Mən həmişə demişəm ki, iş bir halda nəticə verə bilər. Mənzərə və ümumi vəziyyət minimum stabil olsun. İndiki halda sərhəddəki vəziyyəti nəzərə alaraq bu sahədə konstruktiv iş mümkün deyil. Buna görə də son zamanlar bu sahədə iş dayanıb”.

Göründüyü kimi, M.Qriqoryan Ermənistanın üçtərəfli işçi qrupun tərkibindən çıxdığını demir. O, son zamanlar komissiyanın işini davam etdirməyini bildirir. Bu isə Ermənistan hakimiyyətinin müəyyən məqsədə hesablanmış vaxt qazanmaq planından xəbər verir.

İndiki halda Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan üçün sərhədlərin demarkasiyasından daha vacib məsələnin iyunun 20-də keçiriləcək parlament seçkiləri olduğunu nəzərə alsaq, Ermənistan hakimiyyətinin “taym-aut” götürməsinin səbəbləri aydın olar.

Ermənistan hökumətinin işçi qrupda fəaliyyətini “dondurması” və bunu sərhəddəki vəziyyətlə əsaslandırması daha çox seçkilər öncəsi daxili auditoriya üçün nəzərdə tutulub.

Son günlər reytinqi azalmaqda olan N.Paşinyan seçki rəqabətində siyasi balansı öz xeyrinə dəyişmək üçün bir sıra sərt addımlar atmaq məcburiyyətində qalıb.

“Gallup” Sosioloji Mərkəzinin may ayının ikinci yarısında iki dəfə apardığı sorğular göstərir ki, Nikol Paşinyanın reytinqi 32 faizdən 27,8 faizə, sonra isə 22,9 faizə düşüb. Onun əsas rəqibi hesab edilən eks-prezident Robert Köçəryanın reytinqi isə 7 faizdən əvvəl 14,8 faizə, sorğuda isə 17,8 faizə qədər artıb.

Doğrudur, Ermənistan cəmiyyəti Köçəryanın yenidən hakimiyyətə qayıtmasını istəmir və Paşinyana inananların sayı daha üstünlük təşkil edir. Bu daha çox Köçəryanın Ermənistan cəmiyyətində korrupsioner imicə malik olması ilə bağlıdır.

Paşinyan isə hakimiyyətə “korrupsiyaya və rüşvətə qarşı mübarizə şüarı” ilə gəlib. Lakin son 9 ayda müharibədəki məğlubiyyət, seçki fəallığı və sərhədlərin demarkasiyası fonunda yaranmış gərginlik Ermənistan ictimai rəyində mühafizəkar əhval-ruhiyyəni gücləndirib.

Bu da Köçəryanın və onu dəstəkləyən daşnakların siyasi mövqeyini gücləndirib. Ona görə də Paşinyan radikal addımlar atmaqla elektorat itikisinin qarşısını almağa çalışır. Paşinyanın Fransaya səfəri də məhz seçkilərə hesablanmış gedişdir.

Fransa Prezidenti Makronla görüş Paşinyana hakimiyyətini saxlamaq üçün Qərbin və dünyanın ən böyük erməni diasporunun dəstəyini almaq baxımından mühüm əhəmiyyət daşıyır. Emmanuel Makronun Paşinyanla müzakirələrdən sonra Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatlar və Ermənistana dəstəyini ifadə etməsi seçkilərdə Paşinyanın xeyrinə işləyən amillərdir.

ABŞ Prezidenti Co Baydenin Ermənistana 600 milyon dollar yardım ayırması ilə yanaşı, Fransa dövlət başçısının dəstək verməsi erməni diasporunun etimadını qazanmaqda Paşinyana ciddi yardım ola bilər.

Seçkilər öncəsi ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ-dan və Fransadan aldığı dəstək, eləcə də onun Avropa Birliyi ilə apardığı danışıqlar Rusiya ilə münasibətlərdə manipulyasiya imkanı yaradır. Yəni işçi qrupdakı fəaliyyətini müvəqqəti dayandıraraq Qərbə meyillənməklə Paşinyan qarşıdan gələn seçkilərlə bağlı Kremlə sərt mesajlar verir.

Baş nazir Rusiyanın Köçəryanı dəstəkləyəcəyi təqdirdə Ermənistanın Qərbyönümlü kursa üstünlük verəcəyini nümayiş etdirir. Eyni zamanda, Nikol Paşinyanın Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirmək təklifinə münasibətdə Fransadan fərqli olaraq, Rusiya neytral mövqe tutub.

Həmçinin, Moskvada Rusiyanın vasitəçiliyi ilə ermənilərin “hərbi əsir” adlandırdıqları terrorçuların və Kəlbəcər rayonu istiqamətində sərhədi pozduğuna görə saxlanılmış 6 erməni hərbçinin qaytarılmasına dair danışıqların aparıldığı barədə məlumat yayılıb. Paşinyan Avropa turnesinə çıxmaqla görünür, Kremlin mövqeyində hər iki məsələdə yumşalmaya nail olmağa səy göstərir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7162