hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Paşinyanın nəticəsiz Zəngəzur inadı: Azərbaycan o inadı da qıracaq

Paşinyanın nəticəsiz Zəngəzur inadı: Azərbaycan o inadı da qıracaq

Ermənistan Azərbaycanla razılaşmanın şərtlərini pozaraq Meğridən Naxçıvana nəqliyyat dəhlizinin açılmasına razılıq vermək istəmir.

Halbuki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın birgə imzaladığı bəyanatın 9-cu bəndi Naxçıvanla Azərbaycanın Qərb hissəsi arasında nəqliyyat dəhlizinin açılmasını nəzərdə tutur. Söhbət Zəngilan rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək quru və dəmir yolu marşrutlarının açılmasından gedir. Razılaşmadan altı aydan artıq vaxt ötsə də, Ermənistan tərəfi imza atdığı vədi yerinə yetirmir.

Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə verdiyi açıqlamada 10 noyabr bəyanatında nə Zəngəzur, nə Meğri, nə də dəhliz ifadələrinin yer aldığını deyib. Həmin bənddə qeyd edilməsə də, “Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”ifadəsi yer alır. Azərbaycan tərəfi bəyanat imzalandıqdan dərhal sonra Ermənistanla Dağlıq Qarabağ arasında Laçın rayonundan keçməklə dəhlizin açılmasına şərait yaratsa da, qarşı tərəf bu addımı atmaq istəmir. Ona görə də siyasi ekspertlər hesab edir ki, Ermənistan Zəngəzurdan keçməklə nəqliyyat kommunikasiyalarının inşasına razılıq verməsə, Azərbaycan cavab tədbiri kimi Laçın dəhlizini bağlamalıdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistana dəfələrlə xəbərdarlıq edərək, Zəngəzur dəhlizini açmağa çağırıb. Dövlət başçısı Zəngəzur torpağı üzərində Azərbaycanın tarixi və mənəvi hüquqa malik olduğunu xatırladıb. Lakin Prezident İlham Əliyev Azərbaycanın Ermənistana ərazi iddiası irəli sürmədiyini, bu dəhlizin əsasən regionun iqtisadi inkişafına xidmət edəcəyini deyib. Buna baxmayaraq, Zəngəzur dəhlizi ilə bağlı təklifin reallaşması problem olaraq qalır. Ermənistan müxalifəti Nikol Paşinyanı Sünik adlandırdıqları Zəngəzuru satmaqda və xəyanətdə ittiham edir. Hətta aprelin 21-də Baş nazir Sünikə səfəri zamanı ciddi etirazla qarşılanıb. Paşinyanı qovmağa çalışan aksiya iştirakçıları Meğridən dəhliz açılmasına qarşı çıxıb.

Belə çıxır ki, Ermənistan cəmiyyəti blokadada qalmağı Azərbaycan və Türkiyə üzərindən dünyaya açılmaqdan daha üstün tutur. Yerli sakinləri dinləyən Nikol Paşinyan heç bir dəhliz açılmayacağına söz verməli olub. Paşinyana küçədə yaxınlaşan yaşlı erməni isə "Azərbaycanlılara Meğri yolundan istifadəyə niyə imkan verilir?" deyə soruşub. Baş nazir ona cavabında "Yolu kim verir?" deyib.

Bundan sonra yaşlı erməni ona söhbətin Meğri dəhlizindən getdiyini söyləyib. Paşinyan ona cavabında "Əgər onlar Meğri dəhlizi deyirlərsə, biz də Naxçıvan dəhlizi deyirik. Olacaqmı? Olmayacaq. Heç bir yol olmayacaq”, -deyə vurğulayıb. Ardınca Paşinyan həmin şəxsdən "Dəmir yolu pis olardı?" deyə sual edib. Şəxs dəmir yolu ilə də razılaşmadığını deyərək, bunu "Çünki o yol da azərbaycanlılara bizdən daha çox sərfəli olacaq" fikri ilə əsaslandırıb.

Göründüyü kimi, Paşinyan bir tərəfdən sakinləri arxayın salmağa çalışsa da, eyni zamanda, dəmir yolunun açılmasının Ermənistanın xeyrinə olacağına inandırmaq istəyir. Ancaq o, hələlik ciddi müqavimətlə üzləşdiyindən kütlənin dediyi ilə barışmalı olub. Bu baxımdan, Paşinyanın Zəngəzur dəhlizindən imtina etməsi parlament seçkilərinə hesablanmış addım hesab edilir. Yəni seçkilər başa çatana qədər Meğridən nəqliyyat kommunikasiya yolunun açılması Paşinyan hökumətinin Sünikdə xeyli səs itirməsinə səbəb ola bilər. Ona görə də Ermənistan hökuməti ehtiyatlı mövqe sərgiləyir. Hakimiyyət rəsmiləri Sünikdə baş verən etiraz aksiyasını eks-prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının və digər düşmənlərin təxribatı adlandırıb. Xüsusilə, Meğri bələdiyyə başçısı əvvəllər ERP-nin üzvü olub. O, indi sabiq prezident Robert Köçəryana yaxınlığı ilə seçilən “Dirçəliş Ermənistan” Partiyasının üzvüdür. Bildirilib ki, bələdiyyə başçısı Mxitar Zakaryan Nikol Paşinyana ünvanlanmış söyüş və təhqir siyahısını əvvəlcə Respublika Partiyası ilə, sonra yeni partiya ilə razılaşdıraraq səhər tezdən Sünik sakinləri arasında paylayıb.

Göründüyü kimi, müxalifətin Zəngəzurda təsiri güclüdür və bu seçkilərdə Paşinyanın əleyhinə işləyə bilər. Ancaq Paşinyan iyunun 20-də keçiriləcək parlament seçkilərində yenidən qalib gələrsə, hakimiyyəti möhkəmlətmək imkanı qazanacaq. Bu halda o, Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret addımlar ata bilər. Qeyd edək ki, Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına cavab verir. Hətta Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsi olan bu marşruta nəzarət uğrunda Rusiya və Türkiyə arasında rəqabətin artacağı proqnozlaşdırılır. Ancaq son günlər Zəngəzur dəhlizinin ləngiməsində Rusiyanın da rolunun olmasına dair məlumatlar yayılır. Yəni Paşinyana yerli əhalinin təzyiqlərinin artmasında Rusiyanın əlinin olduğu bildirilir. Bununla Kreml əslində, Ermənistan hökumətinə deyil, Azərbaycana təzyiq göstərməyə çalışır.

Belə ki, Rusiyanın Zəngəzur dəhlizinin açılması müqabilində Azərbaycana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birliyinə üzv olmağı təklif etdiyi deyilir. Hətta AİB-nin müəllifi hesab olunan Aleksandr Duqin bu günlərdə “Biz öz vəzifəzimizi yerinə yetirdik. İndi Növbə Azərbaycanındır. Azərbaycan KTMT-yə və AİB-ə üzv olmalıdır” deyə açıqlama verib. Bu isə sözügedən məlumatın həqiqiətə uyğun olduğunu təsdiq edir. Son günlər erməni silahlılarının Dağlıq Qarabağda və Zəngəzur ərazisindən Qubadlı və Zəngilan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutması məhz Kremlin bu təzyiq siyasətini gücləndirməsindən xəbər verir. Hətta Rusiya sülhməramlılarının erməni yaraqlılarının guya sərxoş olması barədə açıqlaması atəşkəsin pozulmasına bəraət qazandırılması kimi qiymətləndirilə bilər.

Yəni Şərqi Avropa, Qara dəniz və Cənubi Qafqazda Qərblə geosiyasi qarşıdurmanın artdığı hazırkı situasiyada Rusiya üçün hərbi təsir dairəsinin genişlənməsi görünür, dəhliz amilindən daha prioritet məsələyə çevrilib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3961