hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Penitensiar Xidmət “ət, balıq, şokolad...” dedi: Keçmiş siyasi məhbuslardan cavab gecikmədi -  “İçində iki kələm yarpağı olan borş...”-  ÖZƏL

Penitensiar Xidmət “ət, balıq, şokolad...” dedi: Keçmiş siyasi məhbuslardan cavab gecikmədi -  “İçində iki kələm yarpağı olan borş...”-  ÖZƏL

Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların qida rasionu ilə bağlı müzakirələr bitmir. 

Bəzi məhkumlar cəza çəkdikləri müəssisələrdə ümumiyyətlə ət yemədiklərini, rəsmi qurumlar isə bunun əksini iddia edir. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov yerli mətbuata açıqlamasında dustaqların qida rasionunun normativə uyğun olduğunu bildirib. Onun sözlərinə görə, məhkumların qida rasionunda ət, toyuq, balıq, şokolad, müxtəlif çeşidli tərəvəzlər və süd məhsulları da yer alır. 

Cebhe.info mövzunu məhbus həyatı yaşamış partiya sədrləri ilə davam etdirib. 

Ümid Partiyasının sədri İqbal Ağazadə Cebhe.info-ya açıqlamasına maraqlı cavabla başlayıb: 

“Yəqin bu sadalanan qidalar yalnız siyahıda olub. Mən heç nə görməmişəm. İndi deyə bilmərəm ki, yoxdur və ya var. Bu barədə də məhbuslarla söhbət etməmişəm. Amma bizim dönəmimizdə olmayıb. Ümumiyyətlə, mən təcridxananın yeməkləri ilə deyil, evdən qidalanmışam”. 

Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin sözlərinə görə, istər cəzaçəkmə müəssisəsində, istərsə də istintaq təcridxanasında olarkən ona qida evdən gəlib: 

“Doğrusu, evdən, həm də başqa yerlərdən qidalanmışam. Bizim dövrümüzdə indi deyilən qida rasionunun olmadığını birmənalı şəkildə deyə bilərəm. Bu məsələdə xeyli problemlər var idi. Sonuncu dəfə 2005-ci ilin mart ayında cəzaçəkmə müəssisəsində olmuşam. Həmin vaxt da qida məsələsində problemlər var idi. İndi deyilənlərlə bağlı isə məlumatım yoxdur. Amma son dövrlərdə cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan şəxslərlə söhbətimdə onlar da qida ilə bağlı problemin olduğunu təsdiqləyiblər”. 

Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu cəzaçəkmə müəssisələrinin nəinki qida rasionunun, hətta həbsxanaların şəraitinin bərbad olduğunu önə çəkib: 

“Yəqin bu adam türmə rəislərinin menyusundan danışır. Mən belə qidanın şahidi olmamışam. Nəinki şokolad, balıq və toyuq... Təcridxanada perlova və içində iki kələm yarpağı olan borş verirlər. Orada başqa bir şey görməmişəm. Uşaq bağçalarına, əsgərlərə belə bir qida vermirlər, təcridxanalara verəcəklər? Demək ki, öz məhbuslarını belə əzizləyirlər ki, onlara şokolad verəcəklər? Azərbaycanda əgər bu qədər dövlət əmlakı oğurlanırsa, həbsxanada, qapalı bir mühitdə məhbuslara münasibət məlumdur. Belə əsassız bəyanatları verməyin heç bir mənası yoxdur, həqiqəti ifadə eləmir. 300-400 adam bir barakda yaşayır. Əksər vərəm xəstələri məhbuslarla bir yerdə saxlanılır. Təmizlik və gigiyenanı qorumaq üçün heç bir şərait yoxdur. Bir sözlə, bu məsələdə ciddi islahatlara ehtiyac var”. 

Sərdar Cəlaloğlu əlavə edib ki, bir dəfə də olsun təcridxana yeməyi ilə qidalanmayıb: “Sadəcə, aclıq keçirəndə məndə mədə qanaxması oldu. Onda həbsxanada xüsusi olaraq mənim üçün hazır paketlərdə olan toyuq bulyonu gətirilirdi ki, başqa qidalar ziyan ola bilərdi”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 2206