hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Pensiyaçı deputatlar: Onların gəliri nə qədər olacaq?

Pensiyaçı deputatlar: Onların gəliri nə qədər olacaq?

Azərbaycan Milli Məclisi üzvlərinin aylıq əməkhaqqları və pensiyalarının artırılması ilə bağlı məsələ yenidən gündəmə gəlib.  

Məlumat üçün bildirək ki, Milli Məclis üzvlərin əməkhaqqı bölgüsü tutduqları vəzifəyə görə fərqlənir. Belə ki, deputatların əməkhaqqı 2 min 598 manatdan 3 min 712 manat 50 qəpiyə qədərdir. Bundan əlavə isə Milli Məclisin sədrinə, onun birinci müavininə və müavinlərinə, komitə sədrlərinə və deputatlara deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da verilir.

Qanunvericiliyə əsasən, deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün 2 aylıq vəzifə maaşı məbləğində müavinət alır. Bundan başqa, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun 2 aylıq vəzifə maaşı məbləğində müavinət də verilir.

Bütün bunlardan əlavə olaraq isə pensiya yaşına çatmış deputatlar var ki, onlar, həm də aylıq əməkhaqqının 80 faizi miqdarında təqaüd alırlar.

Cebhe.info xəbər verir ki, hazırda Milli Məclisin deputatı olan 42 nəfərin yaşı 65-dən çoxdur və onların hər biri bu təqaüdü alır.

Onlardan Zeynəb Xanlarovanın 83, Ağacan Abıyevin 82, Fəttah Heydərovun 81, Yaqub Mahmudovun 80, Ziyad Səmədzadənin 79, Elxan Süleymanovun 79, Arif Rəhimzadənin 78, Xanhüseyn Kazımlının 77, Eldar İbrahimovun 74, Rafiq Məmmədhəsənovun 74, Hüseynbala Mirələmovun 74, Valeh Ələsgərovun 73, Mixail Zabelinin 73, Əliağa Hüseynovun 73, Vahid Əhmədovun 72, Madər Musayevin 72, Əhliman Əmiraslanovun 72, Fəzail Ağamalının 72, Flora Qasımovanın 72, Hadi Rəcəblinin 72, Tahir Süleymanovun 71, Yevda Abramovun 71, Mahir Aslanovun 70, İsa Həbibbəylinin 70, Şəmsəddin Hacıyev 69, Mirkazım Kazımovun 69, Tahir Rzayevin 69, Elman Məmmədovun 69, Rasim Musabəyovun 68, Bəxtiyar Sadıqovun 68, Fəzail İbrahimlinin 68, Araz Əlizadənin 68, Eldar Quliyevin 68, Cavanşir Paşazadənin 66, Asim Mollzadənin 66, Elmira Axundovanın 66, Aqil Abbasın 66, Əli Məsimlinin 66, Gövhər Baxşəliyevanın 65, Sabir Hacıyevin 65, Rafael Hüseynovun 65, Mirzəcan Xəlilovun 65 yaşı var.

Bundan əlavə Milli Məclisin spikeri Oqtay Əsədovun da pensiya yaşı çatıb. O, 1955-ci il yanvarın 3-də doğulub və hazırda 64 yaşı var. Pensiyaya çıxmaq üçün isə 63 yaş 6 ay kifayət edir. Eyni zamanda Səttar Möhbalıyev, Sədaqət Vəliyeva, Əsabil Qasımov və Sahibə Qafarova da pensiya yaşını tamamlamış deputatlardır.

Qeyd edək ki, pensiya yaşı mərhələli şəkildə artırılaraq kişilər və qadınlar üçün 65-ə çatdırılacaq. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 65 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3026