hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Plan “tutur”: Rusiyanı belə çökdürürlər...

Plan “tutur”: Rusiyanı belə çökdürürlər...

Rusiyada ailələrin yarıya qədəri deyir ki, yalnız yeməyə və geyimə pul çatdırırlar, mebel, məişət cihazları kimi daha uzunmüddətli istifadə əşyalarını ala bilmirlər. Bunu Rusiya mediası Rosstat dövlət statistika agentliyinə istinadla yazır.  RBK media orqanı Rosstat-ın 2018-ci ili dördüncü rübünü əhatələyən hesabatına istinad edir. Rəyi soruşulan ailələrin 48,2 faizi deyib ki, yalnız ərzaq və geyim ala bilirlər, smartfon, yaxud yeni soyuducu kimi əşyalara pul çatdırmırlar. 

Ötən ilin eyni dövründə rəyi soruşulanların, təxminən 49,8 faiz belə demişdi. RBK statistikanın 48 min ailəni əhatələdiyini bildirir. Yemək və geyimdən başqa, çox şeyə pul çatdırmadığını deyənlərin böyük hissəsi gənc ailələrdir, təxminən 59,2 faiz. 57,9 faiz isə təqaüdçü belə vəziyyətdə olduğunu deyib. 15 faiz respondent yalnız ərzaq ala bildiyini, geyim, komunal xidmətlər, məişət cihazlarının əlçatan olmadığını söyləyib.

Rusiyadakı iqtisadi çətinliklər prezident Vladimir Putinin populyarlığına zərbə vurub. Onun 2000-2008-ci illərdəki prezidentlik dövründə ölkədə güclü artım vardı, bu da daha çox neft-qaz ixracı hesabınaydı. Neftin ucuzlaşması, Rusiyanın Ukraynaya müdaxiləsinə görə, Qərbin qoyduğu sanksiyalar artımı yavaşıdıb.

2018-ci ilin birinci rübündə ÜDM artımı 0,5 faizə, 2017-ci ildən bəri ən aşağı səviyyəyə enib ki, bu da hökumətin proqnozlarını doğrultmayıb. Putini ölkənin vacib problemlərini həll edəcək siyasətçi kimi görən rusiyalıların sayı 31,7 faizə düşüb. Bunu VTsIOM dövlət agentliyinin keçirdiyi rəy sorğusu ortaya qoyub. Bu, 2006-cı ildən bəri ən aşağı göstəricidir.

Maraqlıdır, Rusiya niyə kasıblayıb?

İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə bildirib ki, Sovet İttifaqı dağıldıqdan uzun müddət sonra Rusiya iqtisadiyyatında formalaşma dövrü getdi: “Rusiya iqtisadiyyatı daha çox neft və qaz üzərində konsentrasiya oldu. Faydalı qazıntıları xammal şəklində Avropaya ixrac etdi. Bu dönəmdə istehsal, emal və İT sahələri arxa planda qaldı. Hazırda ABŞ, Cənubi Koreya, Çin, Honkonq kimi ölkələrdə mobil telefon və digər məişət əşyalarının emalı daha genişdir. Amma Rusiyada bu kimi istehsal sahələri demək olar ki, yoxdur. Rusiya iqtisadiyyatı xammal üzərində qurulduğundan neftin qiyməti düşməyə başlayan dövrə qədər (2014-2015) problemlər o qədər də açıq görünmürdü. Çünki neft və qazdan kifayət qədər gəlirlər vardı. Enerji sektorundakı təlatümlər Rusiya iqtisadiyyatını ciddi problemlərlə qarşı-qarşıya qoydu.

Rusiya ərazi baxımından çox böyük dövlətdir, amma əhalisinin sayı azdır. Burada diqqəti ilk növbədə çəkən mühüm məqamlardan biri demoqrafik inkişaf problemidir. Rus xalqı artıma meyilli deyil, ölkədə artım tempi daha çox miqrasiya etmişlərin hesabına saxlanmaqdadır. Ərazinin əhaliyə nisbətində də problemlər var. Çünki o qədər geniş ərazilər üçün əhali kifayət etmir. Demoqrafik problem iqtisadiyyata mənfi təsirini göstərir. Rusiya öz resurslarından tam olaraq istifadə edə bilmir. Çünki Rusiya ticarət əlaqələrini istehsal və emal deyil, xammal ixracı üzərində qurub. Halbuki xammalı emal edib onun üzərinə əlavə dəyər qataraq ixrac edə bilərdi. Beləliklə, xammal ixracına üstünlük verən Rusiyada istehsal sahələri olmadığı üçün işsizlik səviyyəsi də yüksəkdir. Ümumiyyətlə ölkədə istehsal çox aşağıdır, özəl və xidmət sektoru yüksək səviyyədə deyil. Nəticədə Rusiya kimi bir dövlətin hər şeyi var, amma yaşayış səviyyəsi çox aşağıdır. Əhali daha çox dövlətin verdiyi təqaüdlərdən və dövlət strukturunda çalışan insanların gəlirlərindən asılıdır”.  

Ekspertin qənaətincə, Rusiya kimi böyük bir dövlətin mövcud yaşayış tərzi inkişaf etmiş və bir sıra inkişaf etməkdə olan ölkələrlə müqayisədə qənaətbəxş deyil: “Rusiya Mendeleyevin kimyəvi elementlərin dövri sistemi cədvəlində olan bütün elementlərin mövcud olduğu yeganə dövlətdir. Amma bütün bu faydalı resursların hamısından Rusiya tam olaraq ya istifadə edə bilmir, ya da həmin resurslardan istifadə zamanı iqtisadiyyata əlavə dəyər qazandıra bilmir. İqtisadiyyatında bəzi xoşagəlməz hallar da var. Belə ki, hazırda ölkədə kölgə iqtisadiyyatının səviyyəsi yüksəkdir. Həmçinin özəlləşdirilən fabrik və zavodların kifayət qədər effektiv işləməməsi iqtisadiyyatın real imkanlarını daraldıb”.

Yeganə Oqtayqızı

Cebhe.info


Oxunma sayı: 3730