hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Politoloq: “Putin Lukaşenkonun davam gətirməyəcəyini başa düşür”

Politoloq: “Putin Lukaşenkonun davam gətirməyəcəyini başa düşür”

“Lukaşenko uzun müddət davam gətirə bilməyəcək. Ondan sonra gələcək dövrə hazırlaşmaq lazımdır. Bunu Rusiya prezidenti Vladimir Putin də başa düşür. Buna görə də o, indi hansı kartları oynayacağını düşünməlidir. Putin çox dar bir çığırda qalıb. Onun variantları çox deyil”.

Cebhe.info-nun məlumatına görə, tanınmış fransız politoloqu Mari Mendras Almaniyanın “Die Tageszeitung” nəşrinə müsahibəsində belə deyib.

Xanım Mendras bildirib ki, Kreml Lukaşenkonu nəyin bahasına olursa-olsun hakimiyyətdə saxlamağa hazır deyil. Çünki bunu edə bilməz. “Moskvanın Krımda və Donbasda olduğu kimi Belarusa ciddi müdaxilə planı yoxdur. Bu gün bütün belaruslular diktatura əleyhinə birləşiblər və Rusiyanın öz adamını ora qoyması imkanı olduqca məhdududur”.

“Kremlin kənarda qalacağına və məsələni öz əlinə almağa çalışmayacağına həqiqətən inanırsınızmı?” sualına M.Mendras belə cavab verib: “Bu sualı tez-tez eşidirəm. Amma Kreml heç nə edə bilmir. Əlbəttə, Putinə demokratik Belarus lazım deyil. Ancaq indi o, öz iradəsini orada zorla qəbul etdirə bilməz. Rusiya hazırda Belarus kimi bir Avropa ölkəsini işğal etmək vəziyyətində olan dövlət deyil. Ancaq Putin indi Avropa və NATO ilə strateji oyun oynayır. O, Avropanın mərkəzində bir geosiyasi böhranın oynandığını və bunun həlli üçün onunla razılaşmanın lazım olduğunu iddia edir. Lakin bu, geosiyasi böhran deyil, Belarusdakı böhrandır. Bu, yenidən seçilməyən, lakin təqaüdə çıxmaq istəməyən bir insana qarşı dinc üsyandır. Əslində, Belarus Ukrayna və Gürcüstanın etdiyi kimi, Moskvanın təsir zonasını tərk etməyə yaxındır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 771

Bizim Telegram səhifəmizi izləyin