hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Prezident küçə işıqlandırmasına irad bildirdi: Rəis “Dövlət yanan hər işıq “nöqtəsinə” görə bizə pul ayırır” dedi - ÖZƏL

Prezident küçə işıqlandırmasına irad bildirdi: Rəis “Dövlət yanan hər işıq “nöqtəsinə” görə bizə pul ayırır” dedi - ÖZƏL

Bugünlərdə Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə əlaqədar keçirilən müşavirədə dövlət başçısı küçələrin işıqlandırılması ilə bağlı problemlərin olduğunu bildirib.

“Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”,- deyə prezident qeyd edib.

Sözügedən məsələ dəfələrlə mətbuatın müzakirəsinə çıxarılıb, paytaxt Bakıda küçə işıqlandırılmasının vəziyyəti ilə bağlı narahatlıq ifadə olunub, ciddi problemlərin olduğu diqqətə çatdırılıb.

Prezidentin ciddi iradından sonra bu sahədə vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid yaranıb.

Cebhe.info-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin Şəhər İşıqlandırma İdarəsinin rəisi Təyyar Abdullayev rəhbərlik etdiyi qurumun quraşdırma ilə məşğul olmadığını, ancaq mövcud dirəkləri istismar etdiyini bildirib:

“Bizim qurumun nizamnaməsində yoxdur ki, işıqlandırma üçün bircə dirək qoyaq. İşıq dirəklərini ya “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi, ya da o yolu və küçələri təmir edən qurum qoyur. Lakin qoyulan dirəklərdə işıq lampaları yanmırsa, ona biz cavabdehik. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi quraşdırma ilə də məşğuldur, bununla bağlı plan hazırlayırlar”.

İdarə rəisinin sözlərinə görə, küçələrin işıqlandırılması ilə bağlı işlər görüldükdən sonra quruma məktub göndərilir:

“Bizə bildirilir ki, gəlin təhvil alın. Biz də gedib baxırıq, hər şey normasındadırsa, onu əvəzsiz olaraq balansımıza qəbul edirik. Bizə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi” də, “Bakı Abadlıq” da, “Körpübinatikinti” də təhvil verir. Yəni ərazidə yolu kim çəkirsə, o da dirəkləri hazırlayıb bizə təhvil verir. Bizim işimiz texniki nasazlığın aradan qaldırılmasıdır”.

Rəis bildirib ki, idarə enerjini “Azərişıq”dan alır:

“Pulunu da İşıqlandırma İdarəsi ödəyir. Dövlət yanan hər işıq “nöqtəsinə” görə bizə pul ayırır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 11320