hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Prezidentin qətiyyətli Zəngəzur bəyanatı: “Heç bir güzəşt ola bilməz” - Partiya sədri

Prezidentin qətiyyətli Zəngəzur bəyanatı: “Heç bir güzəşt ola bilməz” - Partiya sədri

Azərbaycan Zəngəzur dəhlizi məsələsində birmənalı mövqe nümayiş etdirir və prosesin müsbət yekunlaşacağını bəyan edir.

Zəngəzur dəhlizinin açılması məsələsi Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış 10 noyabr bəyanatında da yer alıb. Ona görə də Ermənistan tərəfi bu məsələdən yayına bilməz, bu və ya digər formada Zəngəzur dəhlizinin açılması artıq qaçılmazdır. Əgər Ermənistan bu məsələdə yayınsa, o zaman 10 noyabr bəyanatının şərtlərini pozmuş olur ki, bunun da ən böyük zərərini elə Ermənistan görəcək.

Prezident İlham Əliyev ötən gün dövlət kanalına müsahibəsində Zəngəzur məsələsi ilə bağlı Azərbaycanın mövqeyini qəti şəkildə açıqlayıb:

“Milli maraqlarımızın təmin edilməsi üçün bütün lazımi addımlar atılacaqdır. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Prezident İlham Əliyevin bu mövqeyindən sonra ermənilər ciddi şəkildə narahat olmağa başlayıb.

Belə ki, ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzura səfər edib. Səfərdən sonra isə 21 apreldə ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədinin iki istiqamətində- Zəngilan rayonunun Seyidlər və Qubadlı rayonunun Şurnux kəndi istiqamətində təxribat törədiblər.

Zəngilan rayonunun Seyidlər kəndində Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.

Məlumatda həmçinin qeyd olunub ki, hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş ediblər.

Qubadlı rayonunun Şurnux kəndi istiqamətində isə 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.

Hesab olunur ki, Ermənistanın bu təxribatları məhz Zəngəzur dəhlizi məsələsinə qarşı hazırlanmış planın tərkib hissəsidır.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında deyib ki, Prezidentin səsləndirdiyi fikirlər təqdirəlayiqdir və zamanında verilmiş düzgün bəyanatdır:

“İlk növbədə Prezident bunu onunla əsaslandırdı ki, 10 noyabr bəyanatında bu bənd nəzərdə tutulub. Yəni ermənilər bunu yerinə yetirmək məcburiyyətindədir, Zəngəzur dəhlizi açılmalıdır. Digər tərəfdən, heç kimə sirr deyil ki, Zəngəzur bizim dədə-baba torpaqlarımızdır. Ermənistan SSRİ-nin köməyi ilə o ərazilərimizi zəbt edib. Biz Zəngəzur iddiamızdan geri çəkilmirik. İndiki halda isə konkret dəhlizin açılmasından söhbət gedir. Necə ki, Laçın dəhlizi açılıb, eləcə də Zəngəzur dəhlizi açılmalıdır. Təbii ki, bu, həm də güc göstəricisidir. Yəni ermənilər bunu xoşluqla etməsələr, biz zorla edəcəyik. Bu, təqdir olunası haldır”.

Partiya sədri təəssüflə qeyd edib ki, Azərbaycanda xarici qrant üstündə oturan bəziləri bu bəyanata etiraz edirlər:

“Bu “liboşlar”ın Zənguzurla bağlı məsələyə münasibətini görürük. İranın, Rusiyanın, Avropanın agentura şəbəkəsi qızışıb və bununla da ermənilərə dəstək verir. Amma hadisələrin gedişi onu göstərir ki, Ermənistan istəsə də, istəməsə də biz Zəngəzur dəhlizini açacağıq. Ona görə də ermənilər bu prosesin baş tutmaması üçün müəyyən təxribatlara əl atırlar. Arxalarında da Rusiyanın dayanması ilə təxribatı davam etdirmək niyyətindədirlər. Hesab edirəm ki, Azərbaycan Ordusu dərhal erməni təxribatının qarşısını almalıdır. Ermənilər yenə təxribatlar edəcək, amma əvvəlki illərdən fərqli olaraq indi qətiyyətli şəkildə bunların qarşısı alınmalıdır. Heç bir güzəşt ola bilməz”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1365